Güney Azərbaycan poeziyasında yeni mərhələ Güney Azərbaycan

Güney Azərbaycan poeziyasında yeni mərhələ

Tarixdən məlumdur ki, Şah İsmayılın yaratdıgı Səfəvilər dövlətinin sərhədləri Kiçik Asiyadan Orta Asiyaya, Şirvandan İraqa qədər uzanırdı. Şərqin bir sıra böyük mədəniyyət mərkəzləri bu dövlətin tərkibinə daxil idi. Bununla yanaşı Səfəvilər dövləti mahiyyəti etibarilə Azərbaycan Türk dövləti olaraq qalırdı - hər şeydən əvvəl ona görə ki, o, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin bilavasitə varisi idi. İkinci tərəfdən həmin dövlətin yaradıcısı olan Şah İsmayıl özü yazmışdı:


Şirvan xəlayeqi qamu Təbrizə daşına,
Mülki-Əcəm sorar kim, qiyamət haçan qopar?


Azərbaycanın Şimalı ilə Cənubunu birləşdirmək sahəsində bu cür aydın məramı olan görkəmli hökmdar tarixi mənbələrin verdiyi məlumata görə, hər yerdən istedadlı Azərbaycan türklərini yıgmış, şəhəri nəhəng mədəniyyət mərkəzinə çevirmişdi. Şah İsmayılın sarayında həm klassik, həm də folklor mədəniyyətinin nümayəndələrinə eyni dərəcədə qayğı və hörmət bəslənirdi.
Səfəvilər dövründə Azərbaycan dili dövlət dili statusu qazanmışdı. Şübhəsiz ki, bunun əsas səbəbkarı dövlətin başçısı Şah İsmayıl Xətayi idi. Onun ana dilində gözəl şeirlər yazması,bu dildə fərmanlar verməsi hökmdarlığın etnik-mədəni stixiyasının bilavasitə təzahürü idi. XVI əsrdə, bir neçə əsr daha əvvəldən etibarən Azərbaycan mədəniyyətinin əsas dəyişilməz mərkəzi olmuş Təbriz şəhəri Azərbaycan ədəbiyyatının inkişafında sosial-mədəni baza idi. XVI əsrin əvvəllərindən başlayaraq Təbrizdə kitab sənəti kitabdarlıq sürətlə inkişaf etmişdi. Ş.İ.Xətayinin bilavasitə himayəsi sayəsində saray kitabxanaları böyüyür, zənginləşir, məşhur sənətkarların əsərləri burada toplanır, xəttatlar onların üzünü və eyni zamanda Səfəvi ideologiyası ilə səsləşən bir çox dini, əxlaqi və s. əsərlər fars və ərəb dillərindən ana dilinə tərcümə olunurdu. Məhz Şah İsmayıl Xətayinin olduqca əlamətdar, layiqli və nizamlı əməli sayəsində fars və ərəb dillərindən gözəl nümunələr yaradan azərbaycanlı sənətkarlar doğma Azərbaycan dilində incilər yaratmaq üçün həvəsə düşərək,bir-birindən qiymətli, sanballı və lazımlı əsərlər yazmağa başladılar. Azərbaycan –Türk dili bu sənətkarların doğma dili olduğu üçün onlar ərəb və fars dillərində yazdığı əsərlərdən daha mükəmməl əsərlər meydana gətirdilər.
Azərbaycan dili istər Şimalda olsun, istər Cənubda həmişə Azərbaycan ədəbiyyatının əsas aparıcı qüvvəsi, cövhəri olub. Təsadüfi deyil ki, əsrlərdir dövlət dili fars dili olan Cənubi Azərbaycanda doğma ana dilimizdə yazıb yaradan yüzlərcə şairlərimiz, ədiblərimiz olub və hal-hazırda da Güney ədəbi məktəblərinin yetişdirmələri, müdavimləri və şagirdləri olduqca sanballı və qiymətli incilər yaradaraq Azərbaycan ədəbiyyatı xəzinəsinin zənginləşdirirlər.

***

1988-ci ildəın etibarən Şimali Azərbaycanda olduqca təlatümlü ictimai-siyasi hadisələr başlayandan, Cənubdakı şairlərimiz də buna biganə qalmayaraq, öz şimallı qardaşlarının, soydaşlarının bütün dərdlərinə, əzab-əziyyətlərinə, eyni zamanda 1991-ci ildən müstəqilliyə qovuşandan sonra sevincinə, şadlıgına şərik olaraq, bütün bu gah faciəvi, gah musibətli, gah sevindirici, gah olduqca əlamətdar hadisələri, eyni zamanda işgalçı ermənilərin və rusların törətdikləri qanlı cinayətləri öz yaradıcılıqlarında əks etdirməyə başladılar. Tehranda "Qarabağ" ansamblı yaratmış şair-musiqişünas İbrahim Zahid 90-cı illərin əvvəllərində yazırdı:

O yanda qardaşım qanına batır,
Bu yandakı başın basdırır yatır.
Nədir ki "dost məni" düşmənə satır?
O dostların gərək varlıgın danım,
Kimə arxalansın Azərbaycanım?

İbrahim Zahiddən başqa 90-cı illərdə Cənub poetik mühitinə qədəm basan Səhər Ərdəbilli, Nuşin Musəvi, Rəsul Rəhimi Dizəci, Rəşid Kərbasi, Məmmədrza Məliknur və onlarla gənc şair Şimalda qopan fırtınaları öz içlərində hiss etdilər, göylərə yüksələn üç rəngli bayraqdan isə ilham alaraq saysıs-hesabsız azadlıq məşəli yandıraraq, "bir daha enməyəcək" bayrağı, müstəqil Azərbaycanı, onun işıqlı gələcəyini tərənnüm etməyə başladılar.
XXI əsrin əvvəllərindən isə bu olduqca möhtəşəm bir "Şairlər korpusu" təşkil etmiş sənətkarların sırasına bir neçə vətənpərvər qələmlərini süngüyə çevirib Azərbaycanın işğal olunmuş torpaqlarının uğrunda zatı qırıq düşmənlə hər zaman ölüm-dirim savaşına girə biləcək insanlar daxil oldu. Bu ordunun tərkibində qələmləriylə düşmənə sarsıdıcı zərbələr vuran, haqqı, ədaləti ayna tək bütün bəşər övladlarının qarşısında nümayiş etdirə biləcək analarımız, bacılarımız, qızlarımız da var.
Belə musəlləh əsgərləri olan şairlər ordusuna eşq olsun! Belə bir yenilməz şairlər ordusunun Amazonlarından,Tomrislərindən olan Rizvanə Behin erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunmuş, viran edilmiş, yüz minlərlə azərbaycanlı sakini öz dogma torpagından didərgin düşmüş, işgəncələrə məruz qalmış, vəhşicəsinə qətlə yetirilmiş Qarabağın faciəsinə qadın həssaslığıyla, ana nisgili, eyni zamanda göz yaşları ilə belə dil deyib ağlayırdı:


Gecə-gündüz ağlamışdım,
Aparmasın sel Saranı
Küçələrə su səpmişim,
Qarşılayım mən yarımı.
Nəğmələrim itib getdi,
Arzularım yoxsa, bitdi
Zaman mənə nə zülm etdi,
İndi gəzim mən haranı?
Çəkildi sinəmə dağlar,
Bülbülsüzdü bizim bağlar.
Sarı bülbül yenə ağlar,
Arzular Vətən babını.
Qarabağın yazı dönsə,
Əbülfəti, Xanı dinsə.
Ədalətin sazı dinsə,
Bağlayaram mən yaramı.


Daim Şimali Azərbaycanda baş verən ictimai-siyasi durumu həssaslıqla izləyən və şeirləriylə dərhal münasibətini bildirən güneyli şairlərimizin bədii fikrinin əsas obyekti, əsas cazibə mərkəzi Azərbaycan xalqıdır. İnsan isə bugünkü Cənubi Azərbaycan ədəbiyyatının əsas ideyası, aparıcı xətti, ali məqsədidir. İctimai-siyasi hadisələrlə zəngin olan XXI əsrin əvvəlləri Cənubi Azərbaycan ədəbiyyatında yeni, qüvvətli bir canlamaya səbəb olub. Mədəniyyətin başqa sahələri kimi fikirdə də mürəkkəb və ziddiyyətli,lakin tarixən zəruri və qanunauyğun bir prosesi başlanıb. Bu, əsrlərlə davam edib gələn dünya şöhrətli, qədim bir ədəbiyyatın ənənələrini süzgəcdən keçirib saf-çürük edən bir prosesdir.
Ədəbiyyat öz inkişafında yeni mərhələyə qədəm basır; bu vaxtaqədərki ədəbi-tarixi hərəkata yekun vurmaq və onun əsasında əsrin yeni ədəbiyyatını yaratmaq lazımdır. Başqa sözlə, bu dövr yeni zamanın tələblərinə uyğun bir ədəbiyyat uğrunda məfkurəvi mübarizə dövrüdür. Əsr yeni, əsrin özü ilə gətirdiyi hadisələr yenidir. İctimai şüur əvvəlkindən də sürətlə oyanır, ictimai həyata müdaxilə meyli qüvvətlənir. Ədəbiyyatın vəzifələri də müəyyən və həlledilən olmalıdır. Hər şeyin kompyüterləşdiyi bu əsrdə köhnəni davam etdirmək mümkün deyil.
Elə isə ədəbi ənənələrə münasibət necə olmalıdır? Nədən imtina etmək, nəyi mənimsəyib irəli aparmaq? Daxildə hansı ədəbi cərəyan və istiqamətlərə söykənmək lazımdır? Belə sualların sayı həddindən artıq çoxdur və əlinə qələm alan hər yazıçının qarşısında bu suallar bu və ya başqa dərəcədə durur. Yeni başlanmış əsrdə Cənubi Azərbaycanın ictimai siyasi həyatının mürəkkəbliyi məfkurəvi mübarizələrinin kəskinliyi, bir-birinə zidd əqidəli ədəbi qrupların, cərəyanların çoxluğu bu sualların cavablarını da mürəkkəbləşdirir. Cavablar isə müxtəlifdir. Hər kəs öz qrupunun, zümrəsinin, mənsub oldugu ədəbi məktəbin və cərəyanın mənafeyinə, ideyasına, bədii məramına müvafiq cavablar axtarır və tapır.
Ən ağır yükü və məsuliyyəti öz üzərinə poeziya götürməlidir. Çünki yaxşı şeir nümunəsi öz rədifinə, qafiyəsinə, ahənginə, ritminə, tempinə, yığcamlığına, az sözlə çox fikir ifadə etməyinə və daha tez yadda qaldığına görə hər hansı bir nəsr əsərindən, eyni zamanda çox sürətlə yayıla biləcək publisistik çıxışdan daha fəaldır. Belə bir təlatümlü zamanda fikri, düşüncəsi ədəbi bataqlığa düşənlər də az deyil. Bir çox istedadlar zamanın irəli atdığı suallara düzgün cavablar tapa bilmirlər. Yeni əsrin fikri burulğanları içərisində öz yollarını müəyyənləşdirməkdə aciz qalırlar, haqqı nahaqdan ayıra bilmirlər, dayanmadan tüğyan edən qasırğaların təzyiqinə davam gətirə bilməyib qəsbkarların çaldığı ilə oynayırlar, onların get-gedə daha da korlanan mənəviyyatlarının zülmətinə bürünüb kor yarasalar kimi xalqa, vətənə, torpağa nəinki xeyir vermədən, əksinə, böyük ziyan verərək bir müddət sonra rüsvayçı bir vəziyyətdə sənətin böyük səhnəsindən çəkilməli olurlar. Lakin sənətkarlıq yükünü, xalqa, vətənə, torpağa xidmət məsuliyyətini üzərinə götürən insanlar xalqın arzu və istəklərini tərənnüm edən, azadlıq motivlərini ucadan səsləndirən, vətənin qəhrəmanlıq tarixini təcəssüm edən gözəl və sanballı əsərlər yazaraq dövrümüzün çoxcəhətli gerçəkliyini, xalqımızın qabaqcıl insanlarının işini və mübarizəsini öz əsərlərində bütün əlvanlıqları ilə əks etdirirlər. Belə nümunələr xalqın həyatına müsbət təsir göstərir, onu mənəvi cəhətdən formalaşdırır və təkmilləşdirir. Şübhəsiz ki, ədəbiyyatın vəzifəsi insanın mənəvi tələbatını formalaşdırmaq, ülviləşdirmək, şəxsiyyətin ideya-siyasi və mənəvi simasına fəal təsir göstərməkdir...

Vüqar Əhməd
professor