NATO-da daha bir ixtilaf Dünya

NATO-da daha bir ixtilaf

Almaniya təyyarələri Türkiyədən çıxarılarsa...

"The Daily Telegraph" qəzetinin Berlin müxbiri Justin Huggler yazır ki, Almaniya Türkiyədəki hərbi texnikasını və canlı qüvvəsini bu ölkədən çıxarmağa hazırlaşır. Məqalədə deyilir ki, Berlinin bu qərarı iki ölkə arasında münasibətlərin getdikcə pisləşməsi ilə bağlıdır. İstər Almaniya, istərsə də Türkiyə NATO üzvləridir.
Almaniyanın Müdafiə Nazirliyi bəyan edib ki, Almaniya Türkiyədə mənzillənmiş qoşunlarını və Tornado təyyarələrini başqa bir ölkəyə köçürmək üçün hazırlıq işləri görür. "The Telegraph" yazır ki, bundan əvvəl Almaniya millət vəkilləri qoşunların Türkiyədən çıxarılması məsələsini səsə qoyacaqları ilə hədələmişdilər. Məqalədə deyilir ki, Türkiyə və NATO-nun başqa üzvləri arasında münasibətlər ötən ay baş vermiş çevriliş cəhdindən və bunun ardınca cənab Ərdoğanın opponentləri üzərinə başlanan repressiv hücumlardan sonra korlanıb.
"The Telegraph" yazır ki, Almaniyanın öz hərbçilərini və hərbi texnikasını Türkiyədən çıxarmaq barədə bəyanat yayması Şimali Atlantika alyansının daxilində ciddi fikir ixtilafının yaşanmasına işarə ola bilər. Məqalədə deyilir ki, hazırda Almaniyanın Türkiyədəki İncirlik hərbi-hava bazasında 6 Tornado təyyarəsi və 250 nəfərlik əsgəri qüvvəsdi var.
Justin Huggler yazır ki, Almaniya təyyarələri İŞİD-ə qarşı birbaşa hərbi əməliyyatlarda iştirak etməsə də, NATO müttəfiqlərinin uçuşları üçün kəşfiyyat informasiyası verir. Almaniyanın müdafiə naziri Ursula von der Leyen deyib ki, Almaniyanın silahlı qüvvələri İslam Dövləti adlanan təşkilata qarşı mübarizəni davam etdirmək istərdi. Bununla belə, xanım Leyen etiraf edib ki, Almaniya silahlı qüvvələrini İncirlik bazasından çıxarmağı düşünür.
"The Telegraph" yazır ki, Almaniyanın belə bir qərar qəbul etməsinə Türkiyə hökumətinin Almaniya millət vəkillərindən ibarət nümayəndə heyətini İncirlik bazasına buraxmaması səbəb olub. Məqalədə deyilir ki, Türkiyə Alımaniya parlamentinin erməni soyqırımının tanınmasına dair qətnamə qəbul etməsindən narazıdır. Almaniya kansleri Angela Merkel bu fikir ixtilafını yatırtmağa çalışsa da, onun koalisya müttəfiqi olan sosial-demokratlar qoşunların Türkiyədən çıxarılması məsələsinin parlament səsverməsinə qoyula biləcəyi ilə hədələyib. Sosial-demokratların müdafiə məsələləri üzrə sözçüsü Rainer Arnold deyib ki, "biz əsgərlərimizi yalnız onlara baş çəkməyin mümkün olduğu ölkələrə göndərməliyik".
Arnold bildirib ki, federal hökumət Almaniya qoşunlarının yeni dislokasiya yeri ilə bağlı qərarı dərhal qəbul etməlidir. Almaniya qanunlarına görə ölkənin silahlı qüvvələri xarici ölkələrdə yalnız parlamentin razılığı əsasında yerləşdirilə bilər. Almaniya qüvvələrinə Türkiyədə mənzillənmək üçün verilmiş parlament icazəsinin vaxtı bu ilin dekabrında bitir. "The Telegraph" yazır ki, millət vəkilləri bu məsələni parlament səsverməsinə dekabra qədər çıxara bilərlər. Məqalədə deyilir ki, hökumət sosial-demokratların dəstəyi olmadan Almaniya silahlı qüvvələrinin xaricdə yerləşdirilməsi üçün mandatın təzələnməsinə nail olmaya bilər.
Bu da qeyd olunur ki, cənab Ərdoğanın çevriliş cəhdinin ardınca həyata keçirdiyi tədbirlər Avropa İttifaqı ilə Türkiyə arasında mübahisələri qızışdırıb. "The Telegraph" yazır ki, Türkiyə ilə NATO arasında münasibətlər həm də Türkiyənin Fethullah Gülenin təslim edilməsi barədə müraciət etməsidir. "The Telegraph" yazır ki, NATO Türkiyənin son həftələrdə Rusiya ilə dostlaşmasından narahatdır.
Məqalədə deyilir ki, Almaniya təyyarələri Türkiyədən çıxarılarsa, kəşfiyyat missiyasını başqa bir bazadan, ehtimal ki, Kipr və ya İordaniyadan davam etdirməli olacaq. Lakin ekspertlər deyirlər ki, bu halda Tornadoların İncirlikdən havaya qalxan təyyarələr üçün kəşfiyyat məlumatını ötürməsi çətinləşəcək. "The Telegraph" yazır ki, belə həyəcanlı xəbərlərə baxmayaraq, Almaniya və Türkiyə arasında səhnəarxası danışıqlar davam edir.