“Obama hökuməti “axsaq ördək” dönəmini yaşayır” Dünya

“Obama hökuməti “axsaq ördək” dönəmini yaşayır”

Əli İsgəndərov: "Kerrinin səsləndirdiyi "liderlər buna hazır deyil" ifadəsinin iki səbəbi var"

Rasim Musabəyov: "Bu açıqlama onun səlahiyyət müddətinə hesablanıb"

Elman Nəsirov: "Kerrinin son bəyanatı bir çox suallar doğurur"
Mübariz Əhmədoğlu: "Ermənilər onun üçün pul mənbəyidir"

ABŞ dövlət katibi Con Kerri bir neçə gün öncə öz çıxışında bildirib ki, "bugünkü dünyada Dağlıq Qarabağ kimi dondurulmuş münaqişələr var ki, hazırda nizamlanma imkanları nəzərdən keçirilmir, çünki "liderlər hazır deyil". Kerri hesab edir ki, münaqişənin həll edilməsi üçün hələ şərait yaranmayıb. Dövlət katibinin Azərbaycan ictimaiyyətində narazılıq doğuran bəyanatı birmənalı qarşılanmır və təsadüf hesab edilmir.
Analitik Əli İsgəndərov bildirib ki, münaqişənin həlli ilə bağlı Kerri tərəfindən səsləndirilən "liderlər buna hazır deyil" ifadəsinin iki səbəbi var: "1. Dövlət siyasəti. 2. Özünün şəxsi marağı zəmini". O bildirib ki, bu Amerikanın regionla bağlı düzənlədiyi siyasi- strateji yol xəritəsinin sonuclana bilməməsi səbəbidir və onun cizgilərində dəyişikliklər etmək fikrindən xəbər verir: "Görünür Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası da bununla bağlıdır. Yoxsa məhz indi onun dediyinə fikir verməzdi. Unutmayaq ki, Kerrinin yer aldığı Obama hökuməti indi siyasi replik dildə "axsaq ördək" dönəmini yaşayır. Bir neçə aydan sonra rəsmən Ağ Evlə vidalaşır. Bu halda adətən pafoslu, təəccüblü görünən ifadələr, açıqlamalar verilir. Artıq Amerika siyasi mühütündə ən-ənəyə çevrilmiş bir şeydi. Ölkəsinin ATƏT-dəki həmsədri Corc Uorlikin bəyənatları ilə onun dediklərinin tərs mütənasibliyində təəccüblü heç nə yoxdur. Bu cür hallar böyük dövlətlər tərəfindən daim sərgilənir. Bir məqamı da unutmayaq. Amerika siyasi mühütündə siyasi fiqurantlar ölkəsinin təhlükəsizlik və iqtisadi maraqlarına ziyan vurmamaq şərti ilə lobbiçilik fəaliyyəti göstərir və bununlada müdafiə etdiyi diaspor yaxud lobbi qrupu ilə yaxınlığı sayəsində nüfuz, qarşılıqlı dəstəyə, maliyyə imkanlarını artırmağa nail olur. Nüfuzlu, əlaqəli peşəkar siyasətçilər əksər hallarda vəzifədən getdikdən sonra əvvəldən olan prosesi davam etdiriblər, olmayanlar isə təqaüddə potensiallarını buna yönəldərək pul qazanırlar. Kerri Qarabağ münaqişəsinin yaranmasında bir başa iştirakçıdır. Yada salaq ki, Amerikanın mövqeyi kimi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini "ədalətli" addım hesab edən 1987- ci və 1988-ci ildə SSRİ rəhbərliyinə ünvanlanan hər iki məktubun hazırlanması və ötürülməsi onun "əməyi"dir. Qarboçovun Amerika səfərində Kaliforniyada erməni diasporu ilə görüşünü təşkil edən üç kəsdən biridir. Görünən odur ki, Kerri əslində yenə erməni lobbiçiliyini aparacaq siyasətçi olduğunu bəyan edib".
Millət vəkili, politoloq Rasim Musabəyov isə deyib ki, ABŞ Dövlət katibi Con Kerrinin Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı açıqlaması onun səlahiyyət müddətinə hesablanıb: "Artıq Kerrinin vaxtına bir ay qalıb. Millət vəkilinin sözlərinə görə, Kerrinin ABŞ Dövlət Departamentinin rəhbərliyindəki son bir ayı ərzində heç nə əldə etmək mümkün olmayacaq: "Bir aydan sonra ABŞ-da seçkidir və yanvarda yeni administrasiya gələcək. ABŞ-da yeni hakimiyyətin Qarabağ münaqişəsi ilə bundan sonra necə məşğul olacağı daha əhəmiyyətlidir, nəinki Kerrinin açıqlaması. Çünki vəzifə müddətinin bitməsinə az qalmış onun bu fikirləri elə də böyük əhəmiyyət kəsb etmir. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı seçkilərdən sonrakı ABŞ-ın mövqeyi və yeni administrasiyanın yanaşması daha vacib olacaq".
Deputat Elman Nəsirov qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətidir. Onun sözlərinə görə, ABŞ həmsədrlik institutunun mahiyyətindən çıxış edərək, obyektiv, qərəzsiz, tərəfsiz mövqe ifadə etməlidir: "Amma Con Kerrinin son bəyanatında münaqişənin həllini ABŞ-ın üzərindən götürməsi və onu münaqişə tərəflərinin üzərinə atması təəccüb və təəssüf yaradır, eyni zamanda bir çox suallar doğurur". E.Nəsirov hesab edir ki, bu suallardan biri odur ki, Kerri niyə məhz bunu indi deyir? ABŞ 1992-ci ildən yaradılmış Minsk qrupunun üzvüdür. 1997-ci ildən həmsədrdir: "Niyə Kerri başqa vaxtlar belə ifadə işlətmirdi? Məhz indi belə ifadə işlədir. Bununla da əslində ABŞ münaqişənin dondurulmuş münaqişə olduğunu bildirir". Deputat vurğulayıb ki, status-kvo qəbul edilməzdir deyən, münaqişə dondurulmuş deyil deyən bir dövlətdə niyə Con Kerri daban-dabana zidd olan mövqe ortaya qoyur? E.Nəsirov hesab edir ki, bu suala cavab verəndə unutmaq lazım deyil ki, Kerri öz siyasi fəaliyyəti dövründə hansı qüvvələrin yanında olub və kimlərin marağına xidmət edib: "Kerri erməni lobbisi və diasporasının ən yaxın tərəfdaşlarından biri olub. O Azərbaycan əleyhinə "Azadlığa Müdafiə Aktı"na 907-ci maddənin müəllifidir. Bu maddəyə bir çox hallarda "Kerri düzəlişi" də deyirlər. Həmin maddə Azərbaycana qarşı ABŞ-ın dövlət səviyyəsində bütün yardımlarını qadağan edir və bu günə kimi qüvvədədir". Deputatın fikrincə, Kerri dövlət katibi olduqdan sonra çiyinlərinə ağır bir yük düşdü. Belə ki, dövlətin məsuliyyəti məsələləri ortaya çıxdı: "Bir çox hallarda Kerri özünün ermənipərəst mövqeyini ört-basdır edirdi. Lakin 2 aydan sonra Kerri dövlət katibi vəzifəsindən uzaqlaşacaq. Qərb və Rusiya mətbuatının yaydığı məlumata görə, hətta onun partiyasının nümayəndəsi Hillari Klinton prezident seçkilərində qalib gəlsə belə komandasında yeni simalar olacaq. Bu halda Kerrinin həmin komandada yer almayacağı barədə məlumatlar var". E.Nəsirov deyib ki, belə olan halda Kerri ermənipərəst qüvvələrin xoşuna gələn addımlar atmağa başlayır, o gələcək fəaliyyətini düşünür: "Yəni vəzifədən getdikdən sonra erməni lobbisi yenə qucaq açsın. Hesab edirəm ki, bu həlledici amillərdəndir". Deputatın fikrincə, təbii ki, bu bəyanat Azərbaycan ictimaiyyətində haqlı olaraq narazılıq yaradır: "Biz ABŞ-dan həmsədr kimi başqa mövqe gözləyirik. Biz qətiyyət, tərəfsiz mövqe gözləyirik. Amma tərəfkeşlik edilir. Hətta Kerri Qarabağ münaqişəsini İsrail-Fələstin münaqişəsi ilə müqayisə edir. 60 ildən artıq davam edən İsrail-Fələstin münaqişəsi ilə Qarabağ münaqişəsini paralelləşdirməklə Kerri Qarabağ münaqişəsinin də o qədər davam edəcəyinə işarə vurur. Hesab edirəm ki, bu qəbuledilməz yanaşmadır. Azərbaycan hesab edir ki, bu cür bəyanatlar onsuz da dalana dirənmiş danışıqlar prosesinə arxadan zərbədir. Burada məsuliyyət ABŞ-ın üzərinə düşür".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Con Kerri hər zaman qatı ermənipərəst mövqedə olub. Onun sözlərinə görə, hələ 1989-cu ildə ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamə qəbul etdi və həmin sənədlərin birində vurğulanırdı ki, o vaxt mövcud olan Dağlıq Qarabağ Komitəsinin üzvləri SSRİ hökuməti ilə bərabər tərəf kimi müzakirələr aparmalıdır: "Faktiki olaraq 89-cu ilin noyabrında ABŞ Konqresi tələb edirdi ki, Qarabağ müstəqil dövlətdir. Qətnamələrdə deyilirdi ki, guya azərbaycanlılar Ermənistanın, Gürcüstanın yolunu bağlayıb, yəhudiləri qırır. Bu qətnamələrin də əsas müəllifi həmin dövrdə konqresmen olan Kerri idi. Daha sonra o dövlət katibi kimi də ermənipərəst mövqeyini büruzə verirdi. Aprel döyüşlərindən sonra Kerri başa düşdü ki, Qarabağ münaqişəsinin həlli ermənilərin və onun özünün maraqlarına xidmət etmir. Kerri açıq -aşkar ermənipərəstdir, NATO-nun sammitində görüş zamanı az qaldı ki, Serj Sarkisyanı qucaqlayıb bağrına bassın. Ermənilər onun üçün pul mənbəyidir". Politoloq əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması deyəndə əlbəttə ki, Qarabağın Azərbaycana qaytarılması nəzərə tutulur: "Əvvəlcə ətraf 7 rayon, sonra isə Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır. Bu isə Kerriyə sərf etmir, çünki Qarabağ məsələsi həll edilmədikcə həm erməniləri Rusiyaya qarşı qoyacaq, həm də pul qazanacaq. Ona görə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi "liderlə buna hazır deyillər" açıqlaması haqlı suallar yaradır. Onda 20 ildən artıqdır beynəlxalq ictimaiyyəti niyə aldadırsınız?! ATƏT-in pulunu niyə xərcləyirsiniz?! Axı deyirsiniz ki, Qarabağ münaqişəsini həll edirəm. Hər il ATƏT-in büdcəsindən nə qədər vəsait ayrılır. Əgər tənzimləmək istəmirsinizsə, onda çəkilin kənara, Azərbaycan özü bilir münaqişəni necə həll etmək lazımdır". M.Əhmədoğlu hesab edir ki, Kerrinin mövqeyi birmənalı ABŞ-ın mövqeyini ifadə edir: "Çünki ABŞ-ın, eləcə də digər dövlətlərin xarici siyasətlə bağlı mövqeyini prezident və xarici işlər naziri müəyyən edir. Bu iki şəxsin dilindən çıxan söz rəsmi mövqedir.. Kerri xarici işlər naziridir və onun mövqeyi ABŞ-ın rəsmi mövqeyidir".

Əli