“Üçüncü Dünya Müharibəsi artıq gedir…“ Dünya

“Üçüncü Dünya Müharibəsi artıq gedir…“

"Üçüncü Dünya Müharibəsi artıq gedir…". Bunu "The İndependent"də dərc olunmuş məqaləsində tanınmış jurnalist Sean O`Grady yazır. Jurnalistin fikrincə, "bu qənaət nə qədər axmaq səslənsə də", bu hökmü vermək üçün kifayət qədər əsas var. Doğrudur, bu müharibə Şimali Almaniya çöllərində supergüclərə aid tankların bir-birini qovması şəklində getmir, "amma yaxşı diqqət eləsək, görərik ki, dünya od içindədir" - yazır jurnalist.
Məqalədə deyilir ki, söhbət bütün o xırda münaqişələrin mutasiya edərək ən azı ABŞ, Çin və Rusiyanın iştirak etdiyi böyük müharibəyə çevrilib-çevrilməyəcəyindən gedir.
Sean O`Grady yazır ki, "biz hələ 1945-ci ildən bəri, 1962-ci ildə baş vermis Kuba raket böhranı kimi qorxulu vaxtlara çatmamışıq, amma heç şübhəsiz riskli, qeyri-sabit və qeyri-müəyyən zəmanədə yaşayırıq". "Dünyada təxminən 195 ölkə var. Bunlardan yalnız 5-10 ölkə sözün əsl mənasında sülh içindədir".
"Qlobal Sülh İndeksinə" görə yalnız İslandiya və onun ardınca Danimarka, Avstriya, Yeni Zelandiya, Portuqaliya, Çexiya, İsveçrə, Kanada, Yaponiya, Sloveniya və Finlandiya tam sülh şəraitində yaşayırlar. Jurnalist yazır ki, dünya əhalisinin yalnlız kiçicik hissəsi bu ölkələrdə yaşayır. Münaqişələrdə yaşayan ölkələrin siyahısı daha uzundur.

İstidən isti soyuq müharibə

Məqalədə deyilir ki, münaqişələrin arasında Suriya, Əfqanıstan, İraq, Ukrayna, Boko Haram kimi məşhur olanları da var, Birma, Ermənistan və Azərbaycan münaqişələri kimi haqqında az bildiklərimiz də…
Müəllif yazır ki, bu münaqişələrin adları ən müxtəlifdir, lakin "sivilizasiyalar toqquşması" hələ baş verməyib. Hələ ki, dünyanın müxtəlif qrupları arasında xaotik, qarma-qarışıq xırda müharibələr gedir. Dünyada çox sayda təmsili müharibələr var. Onları birbaşa "Qərb Şərqə qarşı" düsturu ilə adlandırmaq olmur. Amerika İran və Səudiyyə ilə dost münasibətlər istəyir. "Lakin bəs Yəməndə bir-biri ilə toqquşan Tehran və Riyad arasında qalan ABŞ kimin tərəfindədir?" - deyə sual edir müəllif. Hazırda söhbət bəlkə də Üçüncü Dünya Müharibəsindən yox, İkinci Soyuq mühariədən gedir, hərçənd bu soyuq müharibə isti müharibələrdən də istidir.

Bəlkə də Tramp yaxşı olardı…

Jurnalist yazır ki, bu mənada Rusiyaya yalmanan Tramp, bəlkə də ikinci prezident Klintondan daha yaxşı olardı, amma nəyin bahasına? O artıq NATO-nu dağıtmaq, Baltik ölkələrini müdafiəsiz qoymaq kimi fikirlər səsləndirib. Bu Estoniya, Latviya, Litvanı Avrpopa İttifaqından ayırıb Rusiyanın təsir dairəsinə qaytarmazmı?
Sean O`Grady yazır ki, eyni iş artıq Rusiya təcavüzü ilə üzləşmiş Gürcüstanın da başına gələ bilər. Məqalədə deyilir ki, Rusiya 1970-ci illərdən bəri özünün ekspansionizmini görünməmiş şəkildə artırıb və bu, Hitlerin fürsətçi torpaq qəsbkarlığına bənzəyir. "Lakin isti müharibə o demək deyildir ki, amerikalılar ruslarla istər adi silahlarla, istərsə də nüvə silahı ilə əlbəyaxa olacaqlar" - yazır jurnalist.

İslandiya dərdi

Məqalədə deyilir ki, Soyuq müharibə illərində baş vermis müharibələrdə hökumətlər və qiyamçılar amerikalıların, rusların və nadir hallarda çinlilərin adından müharibə aparıblar. Yalnız nadir hallarda, məsələn ABŞ Koreyada və Vyetnamda və ya Rusiya Əfqanıstanda olduğu kimi supergeclərin özləri döyüşüblər.
Məqalədə deyilir ki, 1970-ci illərdə Əfqanıstanda ABŞ və Mərkəzi Kəşfiyyat İdarəsi ruslara qarşı döyüşən mücahidlərə dəstək verib. ABŞ-ın Cənubi Afrikanı dəstəklədiyi illərdə ruslar Anqolada döyüşmək üçün kubalıları göndəriblər.
Jurnalistin fikrincə İsrail-Ərəb müharibələri də az və ya çox dərəcədə supergüclərin pərdəarxası müharibəsi olub. Jurnalist yazır ki, bu müharibələrdə yerli müttəfiqlər istər ruslardan, istərsə də amerikalılardan qat-qat çox itki veriblər.
Sean O`Gradin fikrincə "İkinci Soyuq Müharibə" də bu sayaq davam edir, amma fərq burasındadır ki, ortada daha ölümcül silahlar var. "Gəlin ümid edək ki, İslandiya bir kənarda qala biləcək" - deyə yekun vurur məqaləsinə Sean O`Grady.