100 minlərlə adam korrupsiyaya etiraz aksiyasına çıxıb Dünya

100 minlərlə adam korrupsiyaya etiraz aksiyasına çıxıb

Rumıniyada 3 gündür davam edən aksiyalar Qərb mətbuatının diqqətini bu ölkəyə çəkib. "The New York Times" qəzeti yazır ki, Rumıniya Sovet İttifaqının süqutundan –1989-cu ildən bəri ən kütləvi aksiyalarla üzləşib. Etirazlara səbəb korrupsiya əleyhinə qanunların zəifləməsidir. Baş nazir Sorin Grindeanunin imzaladığı sənədə görə, ölkə rəsmilərinin cəzalandırılması şərtləri yüngülləşdirilir. Dövlət rəsmisi onun hərəkətinin hökumətə vurduğu ziyan yalnız 47 min dolları keçdiyi halda həbs oluna bilər. Hökumətin həftələrdir davam edən müzakirələrə baxmayaraq, qanunu qəbul etməsi xalqın qəzəbinə səbəb olub.
"The New York Times" aksiyalara qatılanların sayının 250 mini keçdiyini yazır. Paytaxt Budapeştdə mərkəzi meydana – dövlət idarələrinin qarşısına 80 minə yaxın adam toplanıb. Aksiyaçılar küçələrə "Oğrular! Oğrular!" deyə qışqıraraq çıxıblar. Həftəsonu aksiyaların daha da genişlənəcəyi gözlənir. Mətbuat ölkədə siyasi böhrandan xəbər verir. Rumıniyanın məhkəmələrə nəzarət orqanı – Ali Hakimlərin Şurası, eləcə də Ali Məhkəmə Şurası qərara etirazını bildirib.
Prezident Klaus Iohannis isə Konstitusiya Məhkəməsinə müraciət edərək, qanunun qüvvədən salınmasını istəyib. Prezident özü də aksiyalara qatılıb. Fevralın 2-də yaydığı bəyanatda isə o, etirazların belə geniş vüsət almasından təsirləndiyini bildirib. Prezident dövlət rəsmiləriylə bağlı sərəncamın verildiyi günü "qanunun aliliyindən ötrü matəm günü" adlandırıb. Rumıniya qanunları prezidentə ciddi səlahiyyətlər vermir, onun vəzifəsi formal xarakterlidir.
Müxalifətçilər Rumıniyada hakimiyyətdə olan Sosial Demokrat Partiyasını ən korrupsioner orqan adlandırır, yeni qanunla partiyanın özünü qorumağa çalışdığını deyirlər. Məsələ burasındadır ki, sosial demokratların üzvləri bu qanundan doğrudan da yararlana bilərlər. Onların bəziləri, o cümlədən partiyanın lideri Liviu Dragnea hazırda hakimiyyətdən sui-istifadədə günahlandırılır. İttihamçılar L.Dragnea-nın hökumətə təxminən 25 min 800 dollar ziyan vurduğunu deyirlər.
Ölkənin korrupsiyayla mübarizə mərkəzi hazırda hakimiyyətdən sui-istifadədə günahlandırılan 2 min nəfərin məsələsinə baxır, bəziləri məhz bu orqanın fəaliyyəti nəticəsində həbsə atılıblar. Mərkəz yeni sərəncamın onların işini sual altında qoyduğunu bildirib. Aksiya iştirakçılarından biri – 30 yaşlı Alexandrin Pop "The New York Times"a müsahibəsində hökumətin qərarının məhkəməni, qanunun aliliyinin təhqir etdiyini, aksiyalara bu səbəbdən qatıldığını deyib.
Rumıniya Avropa Birliyinə (AB) 2007-ci ildə qoşulub. Ölkənin son illər korrupsiya ilə, zəif olsa da, davamlı mübarizə apardığı görünürdü. Amma yeni qanunun ölkəyə, eləcə də onun üzv olduğu quruma – Yunanıstanın borc böhranı, tərkibindəkilərin inkişafının zəifliyi, Britaniyanın üzvlükdən imtinası üzündən onsuz da əziyyət çəkən AB-yə problem yaradacağı aydındır.
Aksiyaların kütləviliyinə baxmayaraq Rumıniya hökuməti sərəncamı, deyəsən, ləğv etmək istəmir. Analitiklər hökumətin ölkənin inkişaf kursunu dəyişəcəyindən, hökumətlə, prezident və xalq arasındakı qarşıdurmanın uzun sürəcək siyasi böhranla sonuclanacağından ehtiyatlanırlar. Sosial demokratlar Rumıniyada hakimiyyət başına ötən ilin noyabrında keçirilən seçkilərdən sonra gəliblər. Onlar səslərin çoxunu toplayıb, amma səsverməyə seçicilərin cəmi 40%-nin qatıldığı bəllidir. Bu partiya hakimiyyətdən bir il öncə, etiraz aksiyalarının nəticəsində getmişdi.