Gürcüstanda əcnəbilər və qeyri-gürcü kadrlar dövlət dili üzrə səviyyə imtahanı verə biləcək Dünya

Gürcüstanda əcnəbilər və qeyri-gürcü kadrlar dövlət dili üzrə səviyyə imtahanı verə biləcək

Gürcüstan hökumətinin qərarı ilə 2026-cı ildə ölkənin təhsil sistemi tarixində ilk dəfə olaraq dövlət dili üzrə imtahan keçiriləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze brifinqdə bildirib.

Onun sözlərinə görə, imtahana elektron qaydada qeydiyyat bu gündən başlayacaq və dekabrın 1-də yekunlaşacaq.

Nazir qeyd edib ki, dünyanın əksər ölkələrində dövlət dili üzrə imtahanlar təşkil olunur, onların nəticələrinə əsasən dil səviyyəsini təsdiqləyən və həmin ölkənin tanıdığı sertifikat verilir.

“Dövlət dili imtahanı gürcü dilinin dövlət dili kimi statusunun möhkəmləndirilməsi və onun tətbiq dairəsinin genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu xüsusilə əcnəbi tələbələr, dövlət xidmətində çalışmaq hüququna malik xarici ölkə vətəndaşları, Gürcüstandan kənarda yaşayan gürcülər və biznes sahəsində çalışan qeyi-gürcü dilli kadrlar üçün vacibdir”, - Mikanadze əlavə edib.

O, dövlət dili üzrə imtahanın ildə bir neçə dəfə keçiriləcəyini bildirib.

“Hazırkı mərhələdə müxtəlif çətinlikli iki test aparılacaq. Birincisi gürcü dili üzrə A1 və A2, ikincisi isə B1 və B2 səviyyəsi üzrə olacaq. 2030-cu ildən bu səviyyələrlə yanaşı C1 və C2 səviyyələri üzrə imtahanlar da təşkil etməyi planlaşdırırıq. Bu istiqamətdə işlər fəal şəkildə aparılır”.

Mikanadze vurğulayıb ki, imtahanın nəticələrinə əsasən gürcü dilini bilmə səviyyəsini təsdiqləyən sənədi Dövlət Dili Departamenti təqdim edəcək.