"Putinin atdığı addımlardan belə anlaşılır ki, güc kimdədirsə o, qanunları müəyyən etmə hüququna malikdir" Dünya

"Putinin atdığı addımlardan belə anlaşılır ki, güc kimdədirsə o, qanunları müəyyən etmə hüququna malikdir"

"Mən belə başa düşdüm ki, beynəlxalq hüquq normalarına uyğun gəlməsə belə, Rusiya prezidenti Vladimir Putin, dünya ictimaiyyətini real faktlar qarşısında beynəlxalq hüquq və siyasət arenasında rəsmən qəbul edilməsini istəyir. Yəni, Rusiya prezidenti Vladimir Putinə görə reallıq və faktları elə beynəlxalq hüquq normaları kimi qəbul edilməsi lazımdır".

Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.

"Konkret olaraq prezident Putin, işğal altında saxladığı Krımı Rusiyaya birləşdirilməsini və paralel olaraq Donetsk və Luqansk vilayətlərinin suverenliyini beynəlxalq hüquqda tanınmasını istəyir və məhz bu baxımdan mövcud durumu böhran olaraq dəyərləndirir. Həmçinin Ukrayna hakimiyyətini saymazdan gələrək, məsələnin həllinə tamamilə bir başqa yöndən baxmağa çalışır. Bu da əlbəttə ki, ABŞ prezidentinin irəli sürdüyü Tramp planı layihəsi çərçivəsində, Rusiyanın Ukraynaya psixoloji təsir mexanizmi kimi qəbul etmək olar - politoloq deyib.

O, qeyd edib ki, Putinin bu niyyətinin altında heç şübhəsiz ki, siyasi məqsədlər var. Bu, xüsusilə də işğal altında saxladığı əraziləri legitimləşdirmək və daha sonra gələcəkdə bu ərazilərə qarşı hərbi və diplomatik müdaxilələri, ölkəsinə qarşı hücum, təcavüz, işğal olaraq təqdim etməkdən ibarətdir:

"Putinin atdığı addımlardan belə anlaşılır ki, dünya artıq köhnə qaydalarla idarə edilə bilməz və güc kimdədirsə o, qanunları müəyyən etmə hüququna malikdir. Bu baxımdan Putinə görə, bir dəfə güc tətbiq edilmiş ərazilərin, əvvəlki statusuna qayıtma ehtimalı, hüquqi baxımdan real görünmür və bu səbəbdən status-kvonun yazılı şəkildə razılaşma yolu ilə sabitləşdirilməsi lazımdır.

Yəni, prezident Putinin açıqlamasından belə anlaşılır ki, Rusiyanın faktiki olaraq nəzarətində olan ərazilər, diplomatik və hüquqi baxımdan tanınmalıdır. Əks halda vəziyyət çox qeyri-sabit olaraq davam edəcək. Bəli, bu həmçinin bir təhdiddir və bu fikirlərin beynəlxalq aləmdə necə qarşılanaçağı haqda danışmağa da ehtiyac yoxdur. Çünki, hər şey aydındır. Hesab edirəm ki, ABŞ-ın əlində kifayət qədər səbəblər və vasitələr var ki, bu haqda düşünməlidir və dünyanı bürüməkdə olan həqiqi böhranı dəf etmək üçün hərəkətə keçməkdə gecikməməlidir".

Cavid