Trampın xüsusi nümayəndəsi: Ukrayna üzrə nizamlanma yekun mərhələyə keçib Dünya

Trampın xüsusi nümayəndəsi: Ukrayna üzrə nizamlanma yekun mərhələyə keçib

Ukrayna üzrə sülh prosesi artıq yekun mərhələyə keçib və danışıqlar hazırda yalnız bir əsas məsələnin həlli üzərində cəmləşib.

Bu bəyanatı ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Uitkoff bildirib ki, tərəflər bu məsələ ilə bağlı bir neçə variantı müzakirə ediblər və bu da problemin həll edilə bilən olduğunu göstərir.

“Əgər hər iki tərəf səmimi şəkildə bu problemi həll etmək istəyirsə, o zaman bu mütləq baş verəcək”, – o vurğulayıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi, həmçinin, 22 yanvar axşamı Moskvaya səfər edəcəyini təsdiqləyib. Onun sözlərinə görə, Moskva səfərindən sonra Əbu-Dabiyə yollanacaq və burada Ukrayna üzrə işçi qrupları səviyyəsində təmaslar keçiriləcək.

Uitkoff qeyd edib ki, ABŞ Ukrayna münaqişəsinin uğurla nizamlanmasında qətiyyətlidir və bu istiqamətdə diplomatik səylər davam etdiriləcək.