Mustafa Kırımoğlu Krım tatarlarının taleyindən nigarandır Dünya

Mustafa Kırımoğlu Krım tatarlarının taleyindən nigarandır

"Rusiyanın hakimiyyəti altında olmaq istəmirik, lakin sayımız o qədər azdır ki, Rusiya kimi bir böyük ölkə ilə mübarizə edə bilmirik"

Cavid

Rusiyanın Krımı ilhaq etməsindən sonra Krım tatarlarının durumu ağırlaşıb. Rusiya rəhbərliyinin və Krımın separatçı hakimiyyətinin vədlərinə baxmayaraq, işğalla barışmayan Krım tatarlarına qarşı açıq diskriminasiya siyasəti yürüdülür və yerli əhali zorla Rusiya qanunlarına riayət olunmasına məcbur edilir. Baxmayaraq ki, Rusiya prezidenti Krım tatarlarına yksək səviyyədə vədlər verib.
Krım Tatarlarının lideri və Ukrayna Məclisi millət vəkili Mustafa Kırımoğlu da Rusiyanın Krım tatarlarını Rus vətəndaşı olmağa məcbur etdiyini söyləyib. Almaniya qəzetlərinin biirinə müsahibə verən Kırımoğlu bildirib ki, Kırımda çox böyük problemlərin yaşanır: "Ən böyük sıxıntımız ondadır ki, insanlarımız Rusiya vətəndaşı olmağa çətinlik çəkir. Bunu qəbul etmək istəyənlər çox deyil".
Kırımoğlu Rusiya vətəndaşlığını qəbul etməyənlərin vətənlərində yad rəftarı görəcəyini bildirib: "Vətəndaşlığı qəbul etməyənlərin əmək haqqı, seçmək hüququ olmayacaq. İnsanları Rusiya vətəndaşı olmağa məcbur edirlər. Biz Rusiyanın nə olduğunu bilirik. Rusiyanın hakimiyyəti altında olmaq istəmirik, lakin sayımız o qədər azdır ki, Rusiya kimi bir böyük ölkə ilə mübarizə edə bilmirik".
Bu kimi vəziyyətlərdə insanlar arasında fərqli baxışların olduğunu, Krım tatarları arasında Rusiya ilə bağlı müxtəlif yanaşmaların olduğuna diqqəti çəkən Kırımoğlu bunun heç də millət daxilində parçalanma anlamına gəlmədiyini vurğulayıb, "Bölünmə deyə bir şey yox. Bəzi məsələlərə insanların müxtəlif yanaşmaları var. Məsələn, pasport məsələsində olduğu kimi. Bəziləri "Rusiya pasportu almağa məcburuq" deyir, bəziləri isə "qətiliklə almayacağıq, bunlar işğalçı, bunlar düşmən" deyirlər. Bu məsələdə birlik yoxdur".
Rusiyanın Krımda yaşayan tatarlara vədlərinin keçmişdəki təcrübələrdən çox yaxşı tanış olduğunu dilə gətirən Kırımoğlu daha sonra deyib: "Biz Krımın Ukrayna tərkibində muxtar respublika kimi qalmasını istəyirik. Biz vətənimizi satışa çıxarmamışıq. Biz qərarımızı onsuz da illər əvvəl vermişik. İstəyimiz Ukrayna dövləti içərisində muxtar bir respublika olaraq qalmaqdır. Rusiyadakı vəziyyətlə Ukraynadakı vəziyyət çox fərqlidir. Düzdür, Ukraynanın demokratiyasında çox problem var, amma bu problemlər Rusiya ilə həll olunmaz. O səbəbdən də yenidən bir avtoritar, totalitar ölkəyə alışmaq insanlarımız üçün çətin olacaq. Çox çətinliklər yaşayacağımızı düşünürəm. İşğalın uzun sürməyəcəyinə ümid edirik. Biz əlimizdən gələni edəcəyik, lakin edəcəklərimiz məhduddur. Rusiya kimi bir güclə başqa güclərin danışması lazımdır".
M.Krımoğlu tatarların mövcud vəziyyətdən çox narahat olduğunu ifadə edib: "İnsanlarımızda bəziləri Krımı tərk etməyə başlayıb. Ukraynanın qərb və ya başqa bölgələrinə gedirlər. Bizim aldığımız məlumata görə 5 minə yaxın Krım türkü Vətənini tərk edib. Getdikləri yerdə də çətinliklər çoxdur, amma onlar Rusiya işğalı altında yaşamaq istəmirlər. Biz buna da qarşıyıq. Biz illərcə Vətənimizə geri dönmək üçün mübarizə etdik, yenidən insanlarımız öz torpaqlarını tərk etməyə məcbur qalırlar. Bu xalqımız üçün bir faciədir".
Krımdakı mövcud vəziyyətlə əlaqədar də məlumat verən Kırımoğlu deyib: "Quldurlar, hər yerdə Rusiyadan dəstək alırlar, silah alırlar və istədiklərini edirlər. Adam qaçırırlar, öldürürlər, özbaşınalıqlar edirlər. Böyük əksəriyyəti Rusiyadan gələn rus kəşfiyyatının əməkdaşlarıdır. Bəzilərini Ukrayna kəşfiyyatı ələ keçirdi.
Türkiyənin Krım və Ukrayna ilə bağlı siyasətinin çox doğru olduğunu vurğulayan Kırımoğlu Ankaranın bu işğalı tanımadığına diqqəti çəkib: "Türkiyə Krımın ruslar tərəfindən ilhaqını tanımır, Ukraynaya öz imkanları daxilində dəstək olmağa çalışır. Amma Türkiyənin imkanları da müəyyən həddədir. Türkiyənin Rusiya ilə böyük əlaqələri var. Türkiyə təbii qazın yarısını Rusiyadan alır. Ticarət miqdarı 38-40 milyard dollar civarındadır. Bu əlaqələr kəsilsə, əlbəttə Türkiyə iqtisadiyyatı böyük zərəri olacaq. Bunu da hesaba alırlar".
Ukrayna Yazıçılar İttifaqının Krım şöbəsinin üzvü, tatar şair Seyran Süleymanov isə deyib ki, Ukraynanın yeni hakimiyyəti onları yalnız buraxdı, dəstək olmadı: "Yerli rusların, silahlı əsgərlərin təzyiqilə Krım parlamenti qərarı təsdiq etdi. Artıq burada bütün qanunlar Rusiyanın qanunlarıdır. Pasportlar, pul vahidi, bayraq, dövlət dili... Bu vəziyyətdə minlərlə Krım türkü "gələcəyimiz heyf oldu", - deyə Kırımı tərk etdi. Fikrimcə, xalqımız Krımı tərk etməməli, barışıq əldə edib hüquqlarını təmin etməlidirlər. İndi Rusiya tərəfindən Krım türklərinə çoxlu vədlər verilir. Onlar bizim siyasətçiləri əməkdaşlığa dəvət edirlər. Amma tarixdən məlumdur ki, Rusiya həmişə vəd verib, sonradan sözünü tutmayıb. Bu dəfə necə olacağını zaman göstərər. Bizdən soruşmadan, bizim fikrimizi bilmədən Krımı Rusiyanın tərkibinə qatdılar. Məcburuq ki, Rusiya ilə dialoqa girək. Əks halda bizə burda yaşamağa fürsət belə verməzlər. Ümid edirik ki, Ukrayna və bütün dünyanın yardımı ilə Krım yenidən Ukraynanın tərkibində olacaq".
Rusiyanın xarici işlər nazir Sergey Lavrov isə bildirib ki, bütün vətəndaşlar kimi Krım tatarlarının da hüquqları qorunacaq: "Prezident Krım tatarları daxil reabilitasiya qərarını imzaladı. Bu qərar sürgün nəticələrindən qaynaqlanan problemlərin həllini hədəfləyir".
Krım Tatar dilinin Krımda 3 rəsmi dildən biri olduğunu vurğulayan Rusiya xarici işlər naziri "Mədəni mövzular inkişaf etdiriləcək. Teatrlar fəaliyyət göstərəcək. Bütün bunlar Rusiya prezidentinin 16 mayda Krım Tatar xalqı nümayəndələri ilə görüşlərində qəbul olunub. Krım tatar vətəndaş cəmiyyət təşkilatları, Məclis, Ağsaqqallar və o biri təşkilatlarla əlaqələrimizi davam etdirəcəyik. Rusiyanın o biri bölgələrində yaşayan Tatarlar da Krım Tatarları ilə əlaqələrin artırılması üçün böyük tələbat göstərir. Dünya Tatar Konqresi, Məclis ilə əməkdaşlıq müqaviləsi imzaladı".
Krım Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov isə bildirib ki, Ukrayna üçün Krım arxa plana keçə bilməz: "Pyotr Poroşenko ilk müsahibələrinin birində Krım məsələsinə toxunaraq qeyd edib ki, o, yarımadanın getməsini qəbul edə bilməz. Krımla Ukraynanın taleyi bir-birinə sıx bağlıdır və Rusiya ilə hansı səviyyədə münasibətlər quracağından asılıdır. Unutmayaq ki, dünyada zəif qüvvə ilə heç kim hesablaşmır. Ukrayna böhranında, zənnimcə, ən mürəkkəb vəziyyətdə Krım tatarları qalıblar. Dünya geopolitikasında iki tərəfin qarşıdurmasının episentrində qalan Krım tatarlarından çox şey gözləmək, düşünürəm ki, düzgün deyil. Son iki yüz il ərzində onlar çox mürəkkəb tarix yaşayıblar. Bir neçə dəfə öz vətənlərini kütləvi surətdə tərk etmək məcburiyyətində qalıblar. Bu gün Krımda onların sayı cəmi 300 minə qədərdir. Krım tatarlarına xalqı yaşatmaq, onun mədəniyyətini qoruyub saxlamaq, inkişaf etdirmək lazımdır. Krımdakı ukraynalılar da, şübhəsiz, çətin vəziyyətdədirlər. Onların bir qismi artıq Ukraynanın materik hissəsinə köçüblər. Qeyd edim ki, Krımda hərbi qarşıdurma yaşanmadığı üçün kriminal vəziyyət, o qədər də gərgin olmadı. Qarışıqlıqlar zamanı soydaşlarımızdan zərərçəkənlər haqqında məlumat gəlməmişdi. Ümumiyyətlə, Krımda əhalinin vəziyyəti pisləşməkdə davam edir. Yarımadanın su ilə təçhizatı tam təmin olunmayıb. Bu da aqrar sahədə çalışan fermerlərin, o cümlədən, azərbaycanlıların təsərrüfatına ziyan vurur. Krımın ərzaqla, dərmanlarla, başqa istehlak malları ilə təchizatı tədricən çətinləşir. Bank sistemi demək olar ki, iflic olub, hətta vergiləri ödəmək də problemə çevrilib. Eyni zamanda, iş yerləri gün-gündən azalır. Hətta əhalinin ən böyük gəlir mənbəyi olan yay-kurort sezonunun az-çox uğurlu olacağına da ümidlər azalıb. Təəssüf ki, bu gün insanlar arasında daha çox pessimist əhvali-ruhiyyə hökm sürür".
Yeri gəlmişkən, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bəyan edib ki, Rusiyanın dövlət başçısı Vladimir Putin Ukraynanın düşmənidir.
Hazırda ABŞ-da yaşayan Saakaşvili bunu "İnter" telekanalının efirində deyib. Gürcüstanın keçmiş dövlət başçısının fikrincə, Ukraynaya göndərilən çeçenlərə və federallaşma tərəfdarlarına yardım edən ukraynalılar öz vətənlərinin düşmənləridir: "Elə adamlar var ki, Kadırovun göndərdiyi qatilləri alqışlayırlar. Bu insanlar Ukraynanı satanlardır. Qoy onlar Rusiyaya getsinlər".
Onun sözlərinə görə, Ukrayna öz torpağını yadlara verməməlidir. Bundan əlavə, Saakaşvili Putinin "biz slavyanlar hamımız pravoslavlarıq" fikrini də tənqid edib: "Gürcüstan dördüncü əsrdən pravoslavdır. Rusiya ordusu bizim ərazimizə soxulanda gürcü kilsələrini qarət edərək dağıdıblar. Putin belə pravoslavdır, mən "ağ ayı" olduğum kimi".