“Ermənistanın vəziyyəti çox spesifikdir” Dünya

“Ermənistanın vəziyyəti çox spesifikdir”

"Noyabr ayından sonra Ermənistan üçün çox çətin dövr başlayır. Onun əsas xarici ticarət əlaqələri Rusiya və İranladır. Xarici ticarət əlaqələrinə malik olduğu ölkələrə güclü zərbə vuracaq ABŞ sanksiyaları Ermənistandan da yan keçməyəcək".
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Ermənistanın vəziyyəti çox spesifikdir:
"Hətta bu yaxınlarda İran qazını Ermənistan ərazisindən keçirməklə Avropaya çıxarılması ilə bağlı iki ölkə razılığa da gəlmişdi. Böyük bir layihə eşqinə düşsələr də, bu layihə çərçivəsində qaz alıcıları tapılmadı. Üstəlik də Ermənistanın relyefi bu arzunun gerçəkləşməsi yolunda ciddi əngəllər ortaya qoydu".
Politoloq vurğulayıb ki, İrana qarşı noyabrda ABŞ sanksiyaları bütün gücü ilə işləyəcək:
"Ermənistanın da sanksiya altına düşəcəyi ehtimal olunur. Bu, Ermənistan üçün də ciddi problem yaradacaq. Yəni Ermənistanın İrandan qaz aldığına görə başı ağraya bilər. Çünki ABŞ bəyan edib ki, İranla hər hansı bir yanacaq, enerji və yaxud da ticarət sahəsində əlaqəsi olan ölkələrə də sanksiya tətbiq edəcək. Amma o da məlumdur ki, təkcə yanacaq, enerji sahəsində deyil, həm də digər ticarət sahələrində də İran Ermənistan üçün nəfəslik rolunu oynayır".
Politoloq qeyd edib ki, Ermənistanın blokadadan çıxmasında İranın dəstəyi həyati əhəmiyyət daşıyır:
"İran olmasa, Ermənistan acından ölər. Sözün həqiqi mənasında çox pis vəziyyətə düşər. Uzun illərdir ki, Ermənistanı ağır vəziyyətdən çıxaran, ona bir növ dayaq olan yeganə ölkə (Rusiyadan daha çox) İrandır. İndi İranla Ermənistan ticarət əlaqələrini kəssə, ölkənin ticarət, maliyyə dövriyyəsində, xüsusilə əhalinin maddi rifah halında çox kəskin pisləşməyə doğru meyil başlaya bilər. Ona görə də Ermənistanın bu yolu seçməyə imkanı yoxdur".
Politoloq bildirib ki, Ermənistan onsuz da Türkiyə və Azərbaycan tərəfindən blokadadadır:
"İrana və Rusiyaya qarşı sanksiyaların Ermənistana ağır və öldürücü təsiri olacaq. Ermənistan çox ciddi böhranla üzləşəcək. Hakimiyyətə gəlmiş Paşinyanın xalqa verdiyi vədləri yerinə yetirməsi mümkün olmayacaq. Əksinə, ölkədə iqtisadi böhran daha da dərinləşəcək".