Gürcüstandakı prezident seçkilərinə ən azından bütövlükdə bütün il boyu cərayan edən proseslər fonunda baxmaq lazımdır. Bu sözləri Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Fuad Çıraqov deyib. O bildirib ki, son seçkilər və Tiflisdə may-iyun aylarındakı etiraz aksiyaları bir sıra çox mühüm məqamları ortaya qoydu: "Birincisi, ölkədə geniş sosial-iqtisadi və hazırkı hakimiyyətin fəaliyyətindən narazılıqlar olsa da, bu etirazlar və narazılıqlar (hələlik) hansısa alternativ müxalif siyasi partiyanın və qrupun güclənməsinə və populyarlaşmasına transfer edilmədi, hələlik geniş kütlə bəzən narazılığını ifadə etsə də, apolitik olaraq qalmaqdadır, etirazlarını hansısa sosial, ədalətsizlik və konkret faktlar üzrə bildirməkdədir. Başqa sözlə, əgər həqiqətən hansısa siyasi partiya narazılıqları özünün siyasi kapitalına çevirə bilsəydi, hakimiyyətə heç bir saxtalaşdırma kömək edə bilməyəcəkdi və insanlar küçələrə axışacaqdı və məsələ həll olunacaqdı.
İkincisi, əhalinin geniş təbəqələrinin ənənəvi siyasi elita, partiya, siyasətçilər, onların son 20 ildə ənənəvi daxili və xarici siyasətlə bağlı ideyaları və vədləri barəsində məyusluq hissi artmaqdadır. Prezident seçkisinin ikinci turundakı namizədlərlə bağlı bir çox gürcülərlə söhbət zamanı onlar hər ikisindən narazılıqlarını ifadə edərək, siyasi məkanda olan iki əsas siyasi qüvvədən fərqli üçüncü "yeni və daha yaxşı" siyasətçi(ləri) görmək istədiklərini bildirirdilər".
F.Çıraqovun sözlərinə görə, son hadisələr və müşahidələr fonunda təhlil Gürcüstanda hazırkı ictimai-siyasi vəziyyətin Avroatlantik inistitutlara inteqrasiya ilə bağlı artan məyusluq, ənənəvi siyasi establişmentə münasibət Şərqi Avropanın bəzi ölkələrində liberal qüvvələrin 20 ilə yaxın hakimiyyətindən sonra sağ-milliyyətçi qüvvələrin və populist siyasətçilərin meydana çıxmasına qədərki aralıq dövrə oxşadığını göstərir: "Başqa sözlə, Gürcüstanda növbəti 10 il və yaxud daha az müddət ərzində populist və milliyyətçi siyasətçinin meydana çıxması üçün obyektiv şərait yetişməkdədir. Maraqlıdır ki, xüsusilə may etirazları zamanı ölkənin ənənəvi siyasi partiya və qüvvələr xətti ilə deyil, yeni liberal gənclik və ənənəçi-milliyyətçi-mühafizəkar xətti ilə qütbləşməsinin şahidi olduq. Bu qütbləşməni Tiflisdə mayın 13-də Azadlıq Meydanında polis kordonu ilə iki qrupun bir-birindən ayrılması ilə görmək olardı. Birinci qrup gecə klubunda narkotiklərə qarşı əməliyyata etirazçılar idi. Digərləri isə "köhnələr" adlandıra biləcəyimiz ultramilliyyətçilər və faşistlər ("Gürcü Marşı") idi. Onların şüarı ölkədə narkotiklərin və cinsi azlığın təbliğatına son qoymaq idi. Polis kordonu onları ayırsa da bir neçə dəfə bu qruplar arasında fiziki qarşıdurmalar da oldu".