“İrəvan hələ də bir neçə stolda oturur” Gündəm

“İrəvan hələ də bir neçə stolda oturur”

“Ermənistanın KTMT-də fəaliyyətinin dayandırılmasını ölkədə keçiriləcək seçkilərə qədər gözləmək real deyil. Onun sözlərinə görə, rəsmi İrəvan hələ də təşkilatın üzvü olaraq qalır və bütün qərarlara imza atır.

Bu fikirləri politoloq Şakir Ağayev XalqCəbhəsi.az-a açıqlaması zamanı deyib.

Politoloq xatırladıb ki, KTMT-nin baş katibi də son müsahibəsində Ermənistanın təşkilatdan çıxmadığını açıq şəkildə etiraf edib:
“Ermənistan fiziki olaraq KTMT tədbirlərində iştirak etmir, amma hüquqi baxımdan üzvlüyünü qoruyur və qəbul olunan bütün qərarlara imza atır. 44 günlük müharibə zamanı Ermənistan öz müharibəsinə KTMT-ni cəlb etməyə çalışsa da, bu baş tutmadı. KTMT haqlı olaraq bu prosesə qoşulmadı. Çünki müharibə Azərbaycan ərazisində gedirdi və Azərbaycan öz torpaqlarını işğaldan azad edirdi. Bu amil Ermənistan daxilində KTMT-yə qarşı narazılıq yaradıb. Hətta seçkilərdən sonra Paşinyan hakimiyyətdə qalsa və Ermənistan KTMT-dən çıxdığını bəyan etsə belə, bu addım ciddi siyasi və təhlükəsizlik dəyişikliklərinə səbəb olmayacaq. Ermənistan nə böyük dövlətdir, nə də elə bir maliyyə potensialına malikdir ki, bu təşkilatda nəyisə dəyişsin.KTMT daha çox geosiyasi platforma xarakteri daşıyır və Ermənistan burada Cənubi Qafqaz dövləti kimi iştirak edib.Əgər gələcəkdə İrəvan Avropa İttifaqı yolunu seçərsə, bu artıq geosiyasi kursun dəyişməsi demək olacaq. Bu halda Ermənistan nə KTMT-də, nə də Avrasiya İqtisadi Birliyində qala bilər”.

Şakir Ağayev xatırladıb ki, bu mövqe Rusiya rəsmiləri tərəfindən də dəfələrlə səsləndirilib:
“Rusiya baş nazirinin müavini açıq şəkildə bildirib ki, Avropa İttifaqı yolunu seçən ölkə Avrasiya strukturlarında qala bilməz. Ermənistan uzun müddətdir ziddiyyətli və qeyri-müəyyən siyasət yürütməyə çalışır.
İrəvan bir neçə stolda oturmağa, müxtəlif güclər arasında manevr etməyə öyrəşib.Bütün bu səbəblərə görə Ermənistanın KTMT-dən real çıxışı hələlik mümkün görünmür:
“Ermənistan hüquqi və faktiki baxımdan KTMT-də qalır, bütün qərarlara imza atır. Seçkilərdən sonra vəziyyət daha aydın olacaq”.

Günel Elxan