Deputatın Türkiyə bayrağını PA-da çırması... – Politoloq Dünya

Deputatın Türkiyə bayrağını PA-da çırması... – Politoloq

Yunan deputatın Türkiyə bayrağını cırması təxribatdan başqa bir şey deyil.
Bu sözləri politoloq Tofiq Abbasov Yunanıstanın Qızıl Şəfəq Partiyasının sabiq üzvü, radikal-sağçı millət vəkili Yoannis Laqosın Avropa Parlamentində (AP) çıxışı zamanı Türkiyə bayrağını cırması barədə Axar.az-a danışarkən deyib.
O bildirib ki, yunan deputatının bu hərəkəti Afinanın siyasi elitasının həm zəifliyi, həm də bədgüman olmasından xəbər verir:
“Öz bayrağına böyük sevgi bəsləyən Türkiyə xalqının bayrağını cırmaq, təhqir etmək bu hərəkətin əsl mahiyyətini göstərir. Bu cür hərəkətlər siyasi leksikonda “epotaj” adlanır. Hazırkı vəziyyətdə Türkiyə tərəfi bu provokasiyalara aldanmamalıdır. Düzdür, edilən hərəkət hər nə qədər qəbuledilməz olsa da, yunan tərəfinə sivil və bir o qədər də təmkinli cavab verilməlidir. Ümumilikdə bu cür təxribat xarakterli hərəkətlərin edilməsi düzgün deyil. Xüsusilə də Avropa Parlamenti kimi bir mötəbər təşkilatda, bir ölkə rəsmisinin digər bir ölkənin rəmzini təhqir etməsi qəbuledilməzdir. Bu baxımdan başda Avropa Parlamenti olmaqla Avropa ölkələri yunan deputatın bu hərəkətinə qarşı konkret tədbir görməlidir. Yunan deputatın hərəkəti bir daha onu göstərir ki, Türkiyəyə qarşı ikili standartlar aparılır və Avropada ciddi mənada bir antitürk düşüncə hakimdir”.
Politoloq Fransanın Yunanıstana dəstəyindən də danışıb:
“Son zamanlar Yunanıstanla Türkiyə arasında regionda gərginlik müşahidə olunur. Aralıq dənizi ətrafında gedən enerji resursları uğrunda mübarizə iki ölkə arasında siyasi gərginliyə səbəb olub. Türkiyənin Berlində keçirilən Liviya konfransında Yunanıstanın iştirakına mane olması rəsmi Afina tərəfindən sərt qarşılanıb. Heç kəsə sirr deyil ki, Türkiyənin Avropa İttifaqında olmamasını istəyən ölkələrin başında Fransa gəlir. Fransanın maraqları Türkiyə ilə istər Liviya, istərsə də Aralıq dənizində kəsişir”.
Qeyd edək ki, bir qədər əvvəl Yunanıstan Qızıl Şəfəq Partiyasının sabiq üzvü, radikal sağçı millət vəkili Yoannis Laqos AP-də çıxışı zamanı Türkiyə bayrağını cırmışdı.