Sabahın Rusiyası Dünya

Sabahın Rusiyası

Qüdrət Quliyev: "AB-nin sanksiyalar səbəbindən birbaşa itkiləri 49 milyard dollar təşkil edir"

Keçmiş xarici iqtisadi əlaqələr naziri, iqtisadçı ekspert Qüdrət Quliyev Ukrayna böhranından sonra Rusiya ilə münasibətlərə yenidən baxmaq zorunda qalan Avropanın düşdüyü durum və gələcək perspektivlər barədə maraqlı təhlillə çıxış edib.
O, bildirib ki, ABŞ və AB-nin Ukrayna hadisələrinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əvvəlcədən nəticələri bəlli idi. ABŞ bu sanksiyalardan çox məmnun və razı olduğu qədər, AB - əksinə pərt və çaşqın görünürdü. Hər halda xarici ticarət dövriyyəsinə görə ən böyük partnyoru olan, və təbii qaza olan tələbatının 40% təmin edən Rusiya ilə iqtisadi və siyasi gərginlik AB ölkələrinə ziyandan başqa bir şey vəd edə bilməzdi.
Rusiya–Avropa Birliyi arasında davamlı olaraq yüksələn iqtisadi, ticari və siyasi əlaqələr getdikcə Rusiyanı regionun əsas oyunçusuna çevirəcək qədər əhəmiyyətli görünürdü. Rusiya nefti və təbii qazının AB ölkələrinə ixracı hesabına getdikcə iqtisadi və hərbi qüdrətini artırmaqda idi. Hadisələrin belə gedişi təbii ki, dünya güclərini qane etmirdi və edə də bilməzdi. ABŞ öz tarixi "yaylağı" olan Qoca Avropanın Rusiyanın təsiri altına düşməsinə heç vəchlə razı ola bilməzdi və olmadı da...
Ukrayna hadisələrini obrazlı olaraq 1914-cü ildə Birinci Dünya Savaşı öncəsi Avstriya-Macarıstan taxtının vəliəhdi Frans Ferdinandın müəmmalı ölümü ilə müqayisə etmək olardı. O zaman bu siyasi qətl Birinci Dünya Savaşının qığılcımı olmuşdu. Bu dəfəki, Ukrayna çevrilişi daha çox insan tələfatına səbəb olsa da (münaqişədə artıq 4000-dən çox insan tələf olmuş və itkin düşmüşdür), hələki yeni dünya müharibəsinə gətirib çıxarmamışdır. Rusiyanın Krımı ilhaq etməsini siyasi və hərbi revizionizm kimi dəyərləndirən Qərb hələlik daha mox iqtisadi sanksiyalara üstünlük verir.
Ayının 72 oyunu bir armudun başında olar. Mövcud geosiyasi oyunlara gəldikdə, dünya güclərindən kiminin ayı, kiminin armud olduğu da bəlli məsələdir. Hər halda bu dəfə Rusiyanın armud obrazında olduğunu desək, yanılmarıq.
Prezident Vladimir Putinin son aylarda Çin, Qazaxstan, Özbəkistan, Türkiyə, İran, Hindistana səfərləri zamanı bu ölkələrlə əldə edilmiş iqtisadi və ticari sazişlər Qərbin sanksiyalarını aradan qaldırmaq üçün Rusiyaya səmərəli imkanlar yaradır. Bununla prezident V. Putin yaranmış böhrandan adekvat çıxış yolları tapmağa çalışır. Çin və daha sonra Türkiyə ilə ümumi nəql etmə gücü ildə 120 milyard kub metr olacaq qaz kəmərilərinin çəkilməsi haqqında anlaşmalar Rusiyanın qaz ixracında dünyadakı lider mövqelərini saxlaya biləcək əhəmiyyətli projelərdir. Baxmayaraq ki, bu projeləri həyata keçirmək üçün bir-neçə il və böyük sərmayələr lazımdır.
Hər halda sadalanan ölkələrlə iqtisadi əməkdaşlığı daha da genişləndirmək və xarici ticarət dövriyyəsinin həcmini iki dəfə artırmaq haqqında əldə olunmuş razılıqlar Rusiyanın Qərbə sanki birdəfəlik arxa çevirməsinə bənzəyir.
Qloballaşmaqda olan dünyanın iqtisadi, ticari, siyasi nəbzi Birləşmiş qablar qanunu xatırladır. Məhz bu üzdən ABŞ və AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəinki Rusiya, eyni zamanda dünya iqtisadiyyatına öz mənfi təsirini göstərdi və göstərməkdə davam edəcəkdir. 2014-cü ilin sonuna Rusiya iqtisadiyyatında inflasiyanın həcmi artıq 8%-i adlamışdır, rus Rublu devalvasiya nəticəsində mövqeyini itirərək 1 dollar üçün ilin əvvəlindəki 35 Rubldan - 52 Rubla qədər zəifləmişdir. Ölkədə ərzaq sarıdan problem yaşanmasa da, ərzaq mallarının qiymətləri 15% dən çox bahalaşmışdır.
AB-nin sanksiyalar səbəbindən birbaşa itkiləri 49 milyard dollar təşkil edir. Belə davam edərsə, AB-nin dünyanın iqtisadi piramidasında mövqelərini itirəcəyini də ehtimal etmək olar. Sanksiyalar dünyanın göydələni Çin Xalq Respublikasından da vaz keçmədi və keçə də bilməzdi. Belə ki, Rusiyanın iqtisadi böhranı ÇXR-in böyük ixrac bazarının böhranı deməkdir və Çin mallarının Rusiyaya ixracı artıq kəskin şəkildə azalmağa başlamışdır.
Rusiya 2015-ci ildən Şanxay Əməkdaşlıq təşkilatı çərçivəsində Çin, Monqolustan, Mərkəzi və Orta Asiya Respublikaları, Hindistan, İran və Türkiyə ilə iqtisadi-ticari əlaqələrini artırmaqla, qısa zamanda sanksiyaların vurduğu zərəri neytrallaşdırağa calışacaqdır. BRİKS geosiyasi klubunda Rusiya iqtisadiyyatı üçün yeni səmərəli layihələr mövcuddur və bunlardan ölkənin təsirli səmərə əldə edəcəyi mümkündür. Lakin, böhrandan çıxmaq üçün Rusiyaya yeni, səmərəli və intensiv iqtisadi inkişaf modeli gərəkdir.