Ehkam məntiq tanımır Hadisə

Ehkam məntiq tanımır

Elçin Mirzəbəyli


İstənilən cəmiyyətdə baş verən dəyişikliklər onu təşkil edən fərdlərin dünyagörüşü ilə birbaşa bağlıdır. Toplumun, əsasən 5-10 faizini əhatə edən fəal və liderlik keyfiyyətlərinə malik fərdlərinin onu irəli aparmaq potensialı, inkişafın çağdaş səviyyəsinə cavab verən intellektual imkanları, strateji hədəfləri yoxdursa, özünə və təmsil etdiyi xalqa güvənmirsə, o zaman dayandığı gözləmə mövqeyini "qızıl orta" sayan orta təbəqədən və cəhalət bataqlığının üfunət qoxuyan havası ilə nəfəs almağı inkişafdan üstün tutan kütlədən mədəd gözləməyə dəyməz...
Son günlər cəmiyyətin ayrı-ayrı sosial təbəqələrini təmsil edən şəxslərlə söhbətlərim, medianın bəlli kəsimində və bəzi sosial şəbəkələrdə aparılan müzakirələr dünyagörüşümüzdə baş verən dəyişikliklərə bu qədər pessimist yanaşmağıma rəvac verdi. Sosial qütbləşmənin dərinləşməsi, orta təbəqənin sıradan çıxması istənilən cəmiyyət üçün təhlükə yarada bilər. Amma bu problemin qısa bir zamanda həlli var, şübhəsiz. Yuxarıdan aparılan ardıcıl islahatlarla ilk baxışda həlli çətin görünən sosial qütbləşmənin qarşısını maksimium 5-10 ilə almaq mümkündür. Amma insanların dünyagörüşündə baş verən ifrat qütbləşmənin aradan qaldırılması üçün bəzən 50 il və bəlkə də daha çox vaxt lazım gəlir...


"Hökm" və məntiq


...Ziyalı, elm adamı elmi müzakirələrdən sonra orta səviyyəli ruhaninin ağzına baxıb, onun nə deyəcəyini, necə qərar verəcəyini, hansı "hökmü" çıxaracağını gözləyirsə, cəmiyyətin faciəsi o zaman başlayır.
Kimliyindən asılı olmayaraq, 20-25 illik siyasi təcrübəsi olan bu və ya digər şəxs 2-3 illik məzhəb təhsili alan bir avantüristi, dini ehkamlardan, bir çox hallarda isə xurafat cəfəngiyyatından başqa heç bir söykəncəyi olmayan küçə uşağını, mərifət və mədəniyyətdən, millət və dövlət təəssübkeşliyindən qısır birisini özünün "qəhrəmanı" elan edirsə, deməli dünyagörüşümüzdə çox böyük və bitişməsi zaman aparacaq çatlar əmələ gəlib.


Ehkam və fikir müxtəlifliyi

"Fәiza әrәftә haza vә övzәhtü lәkә fil-qövli bir-ricәtil-lәti içtәmәәtiş-şiәtü әleyhima fi cәmiil-әqvam. Bunu inkar edәn gәrәk elәdә bunu da inkar edә ki, dәsti mübarәkәşra bәr püşti gusfәndi, fürud avürdә düayi-bәrәkәt güft vә bәqüdrәti bari-tәala әz on ek gusfәnd hәftad gusfәndi digәr mütәvәllid şüdәnd". Cəlil Məmmədquluzadənin "Ölülər" pyesindəndir bu iqtibas. Şeyx Nərullahın dilindən səslənir. Şeyx Nəsrullah deyir ki, "bir qoyunu bir saniyәdә yetmiş qoyun elәyәn öz bәndәlәrini öldürә dә bilәr, dirildә dә". Hökm, fərman verildi... Nə elmə, nə də məntiqə ehtiyac yoxdu. Əks təqdirdə, ağaye Filanfilaninin 72-ci risaləsinin inkarına görə "kafir" elan ediləcəksən... Vəssalam!
Əgər kimsə düşünürsə ki, dindən, yaxud din üzərindən siyasət yürüdənlərdən hansısa zaman kəsiyində öz maraqlarını təmin etmək üçün yararlana biləcək, tamamilə yanılır. Ehkam məntiq tanımır. Cəhalət və xurafat isə bəşəriyyətin minillər ərzində formalaşdığrdığı, tarixin sınaqlarından keçərək cilalanmış estetik və mədəni dəyərləri bir göz qırpımında ayaqlar altına atmağa hazırdır. Sorğu- sual etmədən, məhkəməsiz və mühakiməsiz...
Çoxpartiyalı sistemin təməl mahiyyətini fikir, soz və vicdan azadlığı təşkil edir. Burada doqmatik normalar yoxdur. Hər şey müzakirəyə çıxarıla bilər. Yəni fikir müxtəlifliyi demokratik cəmiyyətin bel sütunudur. Ehkam olan yerdə isə fikir müxtəlifliyinin mövcudluğu mümkün deyil. Belə olduğu təqdirdə, dünyagörüşü ehkam, xurafat və cəhalət üzərində kök salmış zehniyyəti cəmiyyətə "qəhrəman" kimi sırıyanların özlərinin, övladlarının və yaşadıqları ölkənin gələcəyi barədə düşündüklərinə, ümumiyyətlə, düşündüklərinə şübhə ilə yanaşmaqdan başqa çıxış yolu qalmır...


Yaddaş


...90-cı ilin əvvəllərində başına müxtəlif rəngli sarğılar bağlayıb, azad düşüncəli insanları "mühakimə" edənlərin özbaşınalıqlarını xatırlayıram...
Kütləvi hal almasa da, həmin dövrdə metroda, ictimai nəqliyyatda sərbəst geyimə üstünlük verən qadınların hansı təhdidlərlə, naqis əməllərlə qarşılaşdıqlarını da unutmamışam. Donlarının ətəklərinə, iplərinə ülgüc çəkilən qadınların göz yaşlarını da...
...İdeoloji söykəncəyindən, məqsədindən asılı olmayaraq, fanatizm çox dəhşətli bəladır. O sərhəd və dəyər tanımır. Onun üçün azadlıq dərk olunmamış həqiqətdir, məhduddur, ehkamlara tabedir, sərhədləri bir cahilin, nadanın dodaqları araından sıçrayan söz qədərdir.
Cəhalətin qarşısında geri çəkilmək, ona güzəştə getmək olmaz!
Bunu unutmayın!