"Sülhün açarı Paşinyanın qalibiyyətidir” Siyasət

"Sülhün açarı Paşinyanın qalibiyyətidir”

"Ermənistanın Baş naziri Nikol Paşinyanın son illərdəki siyasi davranışı regionda ciddi dəyişikliklərə səbəb olur. O, hakimiyyətə gəldiyi dövrlərdə sərgilədiyi sərt anti-Azərbaycan mövqeyindən tədricən imtina edərək, Ermənistanın gələcəyini real siyasət üzərində qurmağa çalışır".

Bunu deputat Anar İsgəndərov XalqCebhesi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyan Ermənistan tarixində radikal və əsassız iddiaları açıq şəkildə rədd edən ilk rəhbərdir: "Paşinyan “dənizdən dənizə Ermənistan” kimi uydurma ideyalardan uzaqlaşmaqla yanaşı, 1915 hadisələri ilə bağlı maksimalist ritorikanı da yumşaltmağa başlayıb. 44 günlük Vətən müharibəsi isə bu siyasi dönüşü tam sürətləndirib.Paşinyan başa düşdü ki, qonşularla normal münasibətlər qurulmadığı halda Ermənistan blokadadan çıxmayacaq və ölkənin taleyi daim təhlükə altında qalacaq. Bu səbəbdən o, ilk dəfə olaraq region reallıqlarına uyğun siyasət yürüdür.
Paşinyanın qarşısında ən böyük maneə Rusiyanın Ermənistandakı təsiridir. Moskva İrəvanın sülhə və Qərbə yönəlməsini qəbul etmir və köhnə rəhbərlər — xüsusilə Robert Köçəryan — vasitəsilə öz təsirini bərpa etməyə çalışır".

Millət vəkilinin fikrincə, 2026-cı ildə keçiriləcək seçkilər Ermənistan üçün tarixi məqam olacaq:
“Əgər Paşinyan seçkidə qalib gəlməzsə, Ermənistan yenidən keçmiş faşist ideologiyasına və əsassız ərazi iddialarına qayıda bilər. Bu isə bölgəyə ciddi təhlükə gətirər. Həmin seçkilərlə paralel keçiriləcək referendum da mühüm əhəmiyyət kəsb edir. Referendumda Ermənistanın dövlət rəmzlərindən yad və ekspansionist simvolların çıxarılması, Ağrı dağının Türkiyə ərazisi kimi tanınması, Azərbaycanın Qarabağ bölgəsinə dair iddiaların isə Konstitusiyadan tam silinməsi nəzərdə tutulur. Azərbaycan haqlı olaraq tələb edir ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı bütün iddialar ləğv edilsin. Bu addım olmadan real sülhdən danışmaq mümkün deyil. Azərbaycan hər zaman sülh və sabitlik tərəfdarı olub və heç vaxt başqa dövlətin torpağında gözü olmayıb. Lakin Ermənistan yaranandan bəri ardıcıl şəkildə Osmanlıya, Türkiyəyə və Azərbaycana qarşı iddiaçı mövqe sərgiləyib".

A.İsgəndərov sonda qeyd edib ki, Ermənistanın bu gün ən böyük problemi Rusiyanın hərbi-siyasi nəzarətidir:
“Əgər Ermənistanın Türkiyə və İran sərhədlərini rus ordusu qoruyursa, bu ölkənin müstəqilliyindən danışmaq mümkün deyil. Ermənistan bu asılılıqdan qurtulmağa çalışır, amma son nəticənin necə olacağını demək çətindir. Paşinyanın 2026-cı ildə hakimiyyətdə qalması sülh sazişinin imzalanması və regionda yeni dövrün başlaması üçün əsas şərtdir".

Günel Elxan