“Universitetlərin köçürülməsi müsbət haldır” Hadisə

“Universitetlərin köçürülməsi müsbət haldır”

Məlahət Mürşüdlü: "Lazımi şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər"

Paytaxtda yerləşən ali təhsil müəssisələrinin şəhər kənarında salınacaq tələbə şəhərciklərinə - kampuslara köçürülməsi ideyası reallaşmaq üzrədir. Qeyd edək ki, ali məktəblərin paytaxtdan kənara köçürülməsi çoxdan gündəmdədir. Artıq dövlət rəsmiləri, bəzi vəzifəli şəxslər də ali məktəblərin paytaxtdan kənara köçürüləcəyini bir neçə dəfə bildiriblər.
Məlumata görə, Bakının mərkəzində yerləşən İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitet şəhərdən kənara köçürüləcək. Həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərinə yerləşdiriləcəyi qeyd edilir.
Universitetlərin köçürülmə prosesinə demək olar ki, başlanılıb. İlk olaraq Dövlət Neft Şirkətinə məxsus binada müvəqqəti yerləşən Ali Neft Məktəbi üçün yeni bina inşa olunub. Bakının Səbail rayonu ərazisinə köçürüləcək məktəbin ərazisində universitet şəhərciyi olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur.
Təhsil Nazirliyi də ali məktəblərin şəhərdən kənara köçürüləcəyi ilə bağlı məlumatları təsdiqləyib. Nazirlikdən bildirilib ki, hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq.
Burada həm beynəlxalq təhsil təcrübəsinin əsas götürüldüyü, həm də paytaxtdakı məlum sıxlığı aradan qaldırmaq məqsədi daşıdığı bildirilir.
Avropa ölkələrində, ABŞ, eləcə də Türkiyə və Quzey Kıbrıs Türk Cumhuriyyətində də təhsil müəssisələrinin kampuslara malik olması təcrübəsi ötən əsrdən mövcuddur.
Hətta ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Prinston Universitetində 18-ci əsrdə ilk kampus yaradılıb. Yəni dünya təcrübəsində çoxdan adiləşmiş bir hal hələ indi Azərbaycana gəlib çatmaqdadır. Amma bunu da unutmaq olmaz ki, sovet illərində ali təhsil ocaqlarının tələbə yataqxanaları vardı və onlar "Tələbə şəhərciyi" də adlandırılırdı. Lakin 90-cı illərin əvvəllərində tələbə yataqxanaları qaçqın və məcburi köçgünlərin məskunlaşma yerinə çevrildi. Beləliklə də, tələbə yataqxanaları faktiki ləğv edilmiş oldu. Son bir neçə ildə məcburi köçkünlər üçün yeni yaşayış massivlərinin tikilməsi ilə tələbə yataqxanalarının əzəli funksiyalarına qayıtması da artıq gerçəkləşir. Digər tərəfdən, bəzi ali məktəblər var ki, faktiki şəhərcik formasını alıb. Məsələn, Bakı Dövlət Universiteti. Bunun üçün BDU-nun ərazi problemi də olmayıb.
İqtisadçı-ekspert Zahid Məmmədov da universitetlərin şəhər kənarına köçürülməsi ideyasını dəstəkləyir. İqtisadçı şəhərdəki sıxlığı azaltmaq, həmçinin təhsil sahəsində Avropa standartlarına uyğunlaşmaq üçün vacib şərt sayır:
"Biz bunu əvvəllər də deyirdik ki, şəhəri sıxlıqdan qurtarmaq lazımdır. Nəinki universitetlər, bəzi nazirliklər, dövlət müəssisələri də şəhərdən kənara, hətta regionlara köçürülməlidir. Bakıda hərəkət etmək qeyri-mümkündür. Deyə bilərsiniz ki, tıxaclar bütün böyük şəhərlərin problemidir. Razıyam. Amma hər ölkə, hər bir şəhər bələdiyyəsi tıxacları minimuma endirməyin yollarını axtarıb-tapır.
Təəssüf ki, bizim paytaxtımızda belə deyil. Yaşayış binaları, idarə və müəssisələr, məktəblər, universitet binaları azalmaq əvəzinə artır. Heç kim də şəhər kənarına getmək istəmir. Bunun üçün, əlbəttə, ilk növbədə infrastruktur formalaşmalıdır. İctimai nəqliyyat elə bir hala gətirilməlidir ki, şəhər kənarına gediş-gəliş çətin olmasın, əksinə, insanlar könüllü surətdə şəhərdən kənara çıxmağa meyl etsinlər, həvəs göstərsinlər. Ali məktəblərin kampuslarının olması təcrübəsi dünyada var. Amma həmin ölkələrdə tələbə və müəllimləri o kampuslara xüsusi avtobuslar daşıyır. Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Buna ehtiyac görmür. Yeməyi də oradadır, yatağı da. Kitabları, dəftərləri də. Dərslərini də orada çalışır, elmi kitabxanalardan, təcrübə otaqlarından istifadə edir. Bizdə də tələbələrə bu imkanlar yaradılacaqmı? Yoxsa, tələbə çörək almaq üçün kampus ərazisindən çıxıb marketə getməli
olacaq. Bizdə nəqliyyat problemi hələ həll olunmayıb. Xırdalandan, Sumqayıtdan Bakıya gəlmək insanlar üçün işgəncədir. Xırdalana, Ceyranbatana köçürülən tələbələr, müəllimlər evlərinə necə gəlib gedəcək? Ona görə də alim məktəbləri şəhdər kənarına köçürməzdən öncə, nəqliyyat problemini həll etmək lazımdır".
İqtisadçı qeyd edib ki, ümumiyyətlə, Bakıda idarə və müəssisələrin yerləşməsi düzgün aparılmayıb: "Metronun "Elmlər Akademiyası" stansiyasının ətrafında nə qədər təhsil müəssisəsi var; BDU, Texniki Universitet, İnşaat və Memarlıq Universiteti, nə qədər orta məktəb, nəhdəng Elmlər Akademiyası və onun institutları, hələ Milli Ensiklopediya Kitabxanası da yenicə inşa edildi. Bu ərazini bu qədər yükləməyin anlamı nədir? Təbii ki, iş və dərs saatları başlayanda və bitəndə burada böyük sıxlıq, tıxac olacaq. Həm də dərs saatları hamısı eyni vaxtda başlayıb, eyni vaxtda bitir. Eyni vaxtda minlərlə tələbə metroya, avtobuslara axın edir. Mən dəfələrlə təklif etmişəm ki, tıxacların qarşısını almağın bir yolu da dərs saatlarının başlanma vaxtını fərqli etməkdir. Dərs vaxtları arasında 15-20, yarım saat fərq olmalıdır ki, hamı birdən axın etməsin. Böyük şəhərlərdə universitetlər şəhərdən kənarda yerləşir. Amma bizdə əksinədir. Universitetlər də, institutlar da, nə qədər nazirlik, dövlət əhəmiyyətli obyektlər var, hamısı şəhərin mərkəzinə toplaşıb. Bunlar növbə-növbə şəhər kənarına çıxarılmalıdır ki, şəhər bir az nəfəs alsın, insanlar bir qədər sərbəst hərəkət edə bilsin".
Bəs universitetlərin şəhərdən kənara köçürülərək bir istiqamətdə yerləşdirilməsi təhsilin keyfiyyətinə necə təsir göstərəcək?
Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirib ki, yeni inşa ediləcək universitetlər maddi-texniki təchizat baxımından müasir tələblərə cavab verəcəksə kifayət qədər müsbət addım olacaq. Universitet düşərgələrinin yaradılması ilə bağlı Avropa və Türkiyə təcrübəsinin olduğunu bildirən ekspert, "kitabxana və yataqxananın universitetlə bir çatı altında olması kifayət qədər müsbət bir haldır. Sözsüz ki, bu cür şərait tələbələrin təhsil keyfiyyətinin artırılmasına da ciddi şəkildə təsir göstərəcək", - deyə qeyd etdi: "Belə ki, deyilən şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Çünki kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər. Lakin mövcud şərait maddi durumu aşağı olan tələbələr üçün ciddi problemlər yaradır. Çünki universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyr verəcək. Digər tərəfdən isə universitetlərin şəhər mərkəzində paytaxtın yükünü ciddi şəkildə artırıb. Nəticədə şəhər əhalisinin gediş-gəlişi, istirahəti və nəqliyyatın gediş gəlişi ilə ağlı problemlər var. Ona görə də düşünürəm ki, yeni sistem deyilən problemlərin h0amısının qarşısını alacaq".
Onu da əlavə edək ki, bir müddət öncə regionlarda da ali təhsil müəssisələrinin yaradılması məsələsi müzakirə mövzusu ollub.
Təhsil eksperti Əjdər Ağayev hazırda Azərbaycanın ayrı-ayrı region və şəhərlərində ali təhsil müəsssiələrinin yaradılmasının mümükün olmadığını deyib: "Hazırda regionlarda ali təhsil müəssisələrinin açılmasına nə imkan var, nə də buna ehtiyac var. Çünki, bölgələrdə ali təhsil ocaqlarının yaradılması üçün təhsil elmi və texniki inkişaf nəzərə alınmalıdır". Açılacaq olan yeni universitetlərdə tətbiqi imkan olmadığını bildirən Əjdər Ağayev bu gün bölgələrdəki ali təhsil ocaqlarında dərs deyən müəllimlərin lazım olan tələbi ödəyəcək savadının olmadığı qənaətindədir:
"Universitetdə fəaliyyət göstərən kadr tədqiqatçı, geniş dünyagörüşə malik araşdırmalar aparan ustad ali məktəb müəllimi olmalıdır".
Təhsil Şurasının sədri qeyd edib ki, ehtiyac olduğu təqdirdə orta məktəbin ən yaxşı müəllimini tədris keçməsi üçün dəvət etmək olur. Lakin ali təhsil müəssisələri üçün belə imkanlarımız yoxdur. Mövcud olanların yüksək keyfiyyətlə işləməsinə nail oluruqsa bunun özü nailiyyət hesab olunur.
Əməkdar müəllim gələcəkdə Şimal rayonlarında ali təhsil ocaqlarının açılmasının Dərbənd, Dağıstan azərbaycanlılarının gəlib-getmələri üçün vacibliyini də vurğulayıb. Bu həmin gənclər üçün rahat ola bilər. Digər bölgələrdə yeni ali təhsil müəssisələrinin yaradılmasına ehtiyac yoxdur.
Əjdər Ağayevin sözlərinə görə, gələcəkdə dövlətin iqtisadi-strateji siyasəti olacaqsa, yeni təhsil ocaqlarının açılmasını doğru adlandırmaq olar. Şimal bölgəsi istisna olmaqla digər yerlərdə olan ali təhsil müəssisələrini təkmiləşdirmək vacibdir".

Əli