Azərbaycan İslam koalisiyasına qoşulmalıdırmı? Hadisə

Azərbaycan İslam koalisiyasına qoşulmalıdırmı?

Xəbər verildiyi kimi Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib. Koalisiyaya Səudiyyə Ərəbistanı, Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxildir. Hərbi alyansın qərargahı Ər-Riyadda yerləşəcək. "Koalisiya fəaliyyətini böyük dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələndirəcək. Antiterror koalisiyasının hədəfində yalnız İŞİD deyil, digər terror qruplaşmaları da olacaq", - deyə Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd bin-Salman bildirib. Qeyd edək ki, Azərbaycanın "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulması məsələsilə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bu xüsusda təmaslar davam etdirilir. H.Hacıyev əlavə edib ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, ölkəmizin bu qəbildən olan hər hansı strukturlarda iştirakı ölkədaxili prosedurların tələbləri əsasında nəzərdən keçirilməlidir. "Hazırda məsələyə baxılır. Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır", - deyə o vurğulayıb.
Politoloq Zərdüşt Əlizadə bildirib ki, sözügedən koalisiyanın əsas iştirakçıları varlı neft ölkələridir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Misir radikal dinçi təşkilatları müdafiə edən, maliyyələşdirən dövlətlərdir: "İndi isə həmin təşkilatlar onların tabeliyindən çıxaraq müstəqil fəaliyyətə başlayıblar. Adları çəkilən ölkələrin əsas məqsədi Bəşər Əsədi devirməkdir. ABŞ dövlət katibi Kerri bu günlərdə rusiyalı həmkarı ilə keçirdiyi görüşlərdə Bəşər Əsədin dərhal devrilməsi tələbindən geri çəkildiyini bildirdi. Amma Vaşinqton bunu öz əlaltıları olan ərəb rejimlərinin dili ilə dedirdir. Yəni onların məqsədi terrorizmlə mübarizə deyil. Məqsəd Qərbin tapşırığını yerinə yetirib Əsədi devirməkdir. Qərb öz seçicilərinin tələbindən çəkinərək Əsədin devrilmək tələbini geri götürür və guya yalnız İŞİD-lə, Əl-Nüsra cəbhəsi ilə mübarizə aparır. Amma öz əlaltılarına deyir ki, Əsədi vurun". Müsahibimiz qeyd edib ki, Azərbaycan bu cür koalisiyalara qoşulmamalıdır: "Ordakı siyasi intriqalarda iştirak bizim işimiz deyil. Bizim İslam ölkələri ilə ikitərəfli münasibətlərimiz yaxşıdır. Amma bu, o demək deyil ki, biz onların dediyi işi görməliyik?! Əməkdaşlıq edirik, bir-birimizin lehinə beynəlxalq təşkilatlarda səs veririk, amma bu cür işlərə qoşulmağımız ağlasığan deyil. Bu, bizə ziyandan başqa heç nə gətirməz".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, Səudiyyə Ərəbistanının terrora qarşı formalaşdırdığı koalisiyada Azərbaycanın strateji müttəfiqləri olan Türkiyə və Pakistan da yer alıb. Onun sözlərinə görə, Ermənistanla diplomatik münasibəti olmayan və işğal altındakı torpaqlarımızın azad olunmasını tələb edən Səudiyyə Ərəbistanı da bizə müttəfiq sayıla bilər: "Belə olan halda ölkəmiz Səudiyyə Ərəbistanına "yox" deyəcəkmi? Hələlik Azərbaycan Xarici İşlər Nazirliyindən belə bir açıqlama səsləndirilib ki, Ər-Riyadın təklifi dəyərləndirilir". Politoloq qeyd edib ki, "Terrorizmə qarşı İslam koalisiyası"na qoşulmayan digər müsəlman ölkələri İran və İraqdır: "Azərbaycan İslam koalisiyasına qoşulmasa, belə çıxacaq ki, biz sözügedən ölkələrlə bir ittifaqda yer almırıq və şimal qonşumuzun Suriyadakı maraqlarını nəzərə alırıq. Çünki Kreml İslam koalisiyasına şübhəylə yanaşır. Səudiyyə Ərəbistanının isə İslam koalisiyasında Azərbaycanın da iştirakına marağı var. Ən azı İslam koalisiyası "sünni bloku" adlandırılmasın deyə Ər-Riyad Azərbaycanı yanında görmək istəyir. Bu baxımdan ölkəmizi mürəkkəb seçim gözləyir".
Millət vəkili, politoloq Elman Nəsirov isə deyib ki, beynəlxalq terrorizm XXI əsrdə müasir dünya üçün ən ciddi təhlükəyə, həm də assimmetrik mübarizə mənbəyinə çevrilib: "Bu bəlaya qarşı yaxşı əlaqələndirilmiş, koordinasiya olunmuş mübarizəyə ehtiyac var. Lakin indiyə kimi beynəlxalq terrorizmlə mübarizə istiqamətdə ciddi koordinasiya olunmuş hansısa addıma rast gəlinməyib. Misal üçün, ötən il ABŞ-ın rəhbərliyi ilə İŞİD-ə qarşı koalisiya formalaşdırılıb. Bu koalisiyada təxminən 65 dövlət təmsil olunur. Ancaq buna baxmayaraq, İŞİD Suriya və İraq ərazisinin böyük bir hissəsinə nəzarət edir. Göründüyü kimi, İŞİD-lə mübarizə arzulanan effekti verməyib. Bununla bərabər, Rusiya da İŞİD-ə qarşı mübarizə adı altında Suriyada hərbi əməliyyatlara başlayıb. Eyni zamanda İŞİD-ə qarşı yeni koalisiya formalaşdırmaq çağırışlarında bulunub. Amma bunun da ciddi nəticələri yoxdur. Hazırda isə Səudiyyə Ərəbistanı yeni koalisiya yaratmaq təklifi ilə çıxış edib. Faktiki olaraq, müsəlman dövlətlərinin hərbi alyansını yaradılması məsələsini gündəmə gətirib. Burada söhbət məhz hərbi alyansdan gedir. Son məlumata görə, bu alyansda 40-a yaxın dövlət təmsil olunur. Ər-Riyad bu hərbi alyansın mərkəzi – mənzil qərargahı rolunda çıxış edir. Məsələ burasındadır ki, dünyada 57 müsəlman dövləti olduğu halda, onlardan yalnız 40-a yaxını bu koalisiyaya üzv olub. Bir çox hallarda ayrı-ayrı dövlətlərin geosiyasi maraqları imkan vermir ki, beynəlxalq terrorizmə qarşı mübarizədə real nəticə hasil olsun. Ən son məlumatlara görə, terrorizmə qarşı mübarizə çərçivəsində Səudiyyə Ərəbistanı ilə İraqın münasibətlərinin gərgin olması, nəticə etibarilə İranın həmin koalisiyada iştirakına imkan verməyib. Fikir verirsinizsə, düşmən eynidir. Həm Səudiyyə Ərəbistanı, həm də İraq üçün düşmən İŞİD-dir, beynəlxalq terror təşkilatlarıdır. Lakin adları çəkilən dövlətlərin münasibətlərində müəyyən ziddiyyətlərin olması İranın koalisiyaya qoşulmasını əngəlləyir. Bugünkü reallıq hələ ki, bundan ibarətdir. Suriya ilə bağlı məsələlərdə də müsəlman dövlətləri arasında vahid mövqe yoxdur. Eyni zamanda yeni koalisiyanın konkret hədəfləri də bəlli deyil. Ümumi şəkildə beynəlxalq terrorizm hədəf seçilib. Ancaq konkret hansı təşkilatlar hədəfə alınıb, hansı ölkələrdə hərbi əməliyyatlar aparılacaq bilinmir. Belə olan halda yeni koalisiyanın atacağı addımların BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması, müvafiq qətnamənin qəbulu məsələsi də gündəmdədir. Bilinmir ki, bu barədə müzakirə, yaxud qətnamə olacaq, yoxsa olmayacaq. Bu kimi bir çox suallar hələ də cavabsızdır".
Onun sözlərinə görə, 57 müsəlman ölkəsinin heç də hamısı yeni koalisiyaya qoşulmayıb: "Müsəlman ölkələrinin arasında da bu mövzu ilə bağlı fikir ayrılıqları var. Geosiyasi maraqlar səbəbindən fərqli yanaşmalar ortaya qoyulur. Müsəlman dövlətlərinin ayrı-ayrı xarici siyasət vektoru seçməsi bu günə qədər yaradılan koalisiyaların uğur qazanmasını əngəlləyib. Nə ABŞ-ın irəli sürdüyü ilk koalisiya, nə də Rusiyanın formalaşdırmaq istədiyi koalisiya beynəlxalq terrorizmlə mübarizədə lazımi effekti verməyib. Hətta bir sıra hallarda ABŞ və Rusiya qarşıdurma tərəfləri kimi çıxış ediblər. Bu da prosesi əngəlləyib. Bu iki dövlət beynəlxalq terrorizmə qarşı mübarizədə səylərini birləşdirə bilmirlər. Əlbəttə ki, bu, təəssüf doğuran haldır. Çünki beynəlxalq terrorizmdən hər bir dövlət əziyyət çəkə bilər və çəkir də. İndiki vəziyyətdə Səudiyyə Ərəbistanı da üçüncü koalisiya təklifi ilə meydana çıxıb. İndi İŞİD-ə, ümumilikdə beynəlxalq terrorizmə qarşı 3 müxtəlif koalisiya var, düşmən də eynidir. Fikrimcə, bu məsələdə də koalisiyaların sayının çox olmasına, kəmiyyətə deyil, keyfiyyətə, real işə üstünlük vermək gərəkdir".
O, əlavə edib ki, Azərbaycan hər zaman beynəlxalq terrorizmə qarşı mübarizənin ən fəal iştirakçılarından biridir: "ABŞ-da baş verən 11 sentyabr hadisələrindən sonra da bu mövqedən çıxış edib. İndiki məqamda da Azərbaycan eyni mövqeyində qalıb. Yeni koalisiyaya qoşulmağa gəlincə, bir qədər əvvəl qeyd etdiyim kimi, hələlik bu koalisiyanın əsas hədəfləri, o hədəflərə çatmaq üçün məqsədləri, fəaliyyət mexanizmi, metodologiyası, taktiki gedişləri açıqlanmayıb. Ona görə də Azərbaycan bir qədər gözləmə mövqeyində olmalı, yeni koalisiyanın tam mahiyyətini öyrəndikdən sonra burada təmsil olunub-olunmamaq barədə müvafiq addımlar atmalıdır".
Politoloq əlavə edib ki, Azərbaycan bu koalisiyaya qoşularsa, bu addım çox düşünülmüş, yüz ölçülüb, bir biçilmiş olmalıdır: "Bütün istiqamətlər üzrə ciddi araşdırmalar getməlidir. Bütün dünyaya bəllidir ki, Azərbaycan müstəqil dövlətdir, onun müstəqil siyasəti var. Azərbaycanın Prezidenti İlham Əliyev heç bir kənar təsir altında deyil, yalnız milli və dövlət maraqlarına uyğun, xalqın iradəsinə söykənən siyasi kurs reallaşdırır. Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən, terrorundan əziyyət çəkən ölkədir. Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə sərnişin nəqliyyatında, o cümlədən avtobusda, metroda dəfələrlə terror aktları törədilib, dinc vətəndaşlarımız bu terror hadisələrinin qurbanı olublar. Eləcə də Dağlıq Qarabağ müharibəsi zamanı Ermənistan silahlı birləşmələri sabiq və indiki prezidentlər Robert Köçəryan, Serj Sərkisyanın rəhbərliyi ilə hərbi cinayətlər, Xocalı soyqırımı törədiblər. Bu kimi faktlar səbəbindən Azərbaycan beynəlxalq terrorizmə qarşı yüksək səviyyədə koordinasiya olunmuş, təkmil mübarizənin aparılmasında hamıdan çox maraqlıdır. Azərbaycan bir halda bu koalisiyaya qoşula bilər ki, onun real səmərəsi olsun. Yəni, koalisiya deklorativ bəyannamə olmasın, konkret nəticə versin. Hesab edirəm ki, bu reallığı dünya dövlətləri, o cümlədən yaxın qonşularımız İran və Rusiya da bilir".

Əli