

Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyinə həsr edilmiş “Mənəvi dəyərlər” həftəsi çərçivəsində Qarabağ Universitetində “Mənəvi dəyərlər” günü keçirilib.
APA xəbər verir ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbiri giriş sözü ilə açaraq “Mənəvi dəyərlər” gününün məhz Qarabağ Universitetində keçirilməsinin rəmzi və strateji önəm daşıdığını bildirib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Zəfərimizin 5 illiyi münasibəti ilə “Mənəvi dəyərlər” həftəsinin təşkil olunmasının böyük əhəmiyyət kəsb etdiyini deyib. O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq layihələri, “Böyük qayıdış” proqramı haqqında ətraflı məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin sosial-iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi məzmunu olduğunu bildirib.
Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilib.
Tədbir tələbələr və müəllimlərin iştirakı ilə bədii proqramla davam edib. Konsertdə Azərbaycan musiqi mədəniyyətinin klassik və xalq irsini əhatə edən ifalarla yanaşı, dünya musiqi nümunələrindən də parçalar səsləndirilib.
Sonda tədbir iştirakçıları Xocalının Ballıca kəndində badam ağaçları əkiblər. Ağacəkmə aksiyası çərçivəsində 200- dən çox badam ağacı əkilib.