Orta əsrlərdə Azərbaycanda tibb Hadisə

Orta əsrlərdə Azərbaycanda tibb

XV əsrdə Güney Azərbaycanda 60-dan çox iri xəstəxana vardı

Azərbaycan hökmdarı Sultan Özbəyin (XII) şəxsi həkimi olmuş Cəlaləddin Təbibi dövrünün ən tanınmış təbiblərindən biri kimi ad çıxarmışdı. Bu həkim barədə Sultan belə yazır: "Mənim həyatımı saxlayan bu adamdır. O, yalnız xəstələrin möcüzəli şəfavericisi deyil. O, xəstəliyi əvvəlcədən təyin edir və o dərəcədə dava-dərman hazırlayır ki, onlar tam mənasında müalicə edir ... Onun varlığı insanlara hədsiz xeyir verir və sonralar ona bənzər həkim yetişməyib".
XIV əsrdə Azərbaycanda Əbdülməcid Təbib, Nəmvar Təbrizi kimi alim və həkimlərin fəaliyyət göstərdiyini diqqətə çatdıran F.Ələkbərlinin sözlərinə görə, 1311-ci ildə Azərbaycan alimi Yusif İsmail oğlu Xoyi "Bağdad toplusu" adında kitab yazmışdı. Bağdad hökmdarının sifarişi ilə yazılmış bu kitabda bir neçə min təbii dərman vasitələri, dərman bitkiləri, minerallar, heyvan mənşəli dərmanlar, çoxkomponentli dərmanlar haqqında bəhs olunur. Alim İbn Kəbir təxəllüsü ilə də tanınırdı. XV əsrdə təkcə Güney Azərbaycanda 60-dan çox iri xəstəxana vardı. Onların ən möhtəşəmi Sultan Yaqub Ağqoyunlunun (1478-1490) Təbrizdəki "Yeddi Cənnət" sarayında yerləşirdi. Bu xəstəxanada eyni vaxtda minə yaxın adam müalicə oluna bilərdi. Həkimlər 900-ə yaxın dərman bitkisindən istifadə edirdi. Xəstəxananın nəzdində olan əttar dükanında (aptekdə) dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Hindistan və Çindən gətirilmiş dərman bitkiləri satılırdı".
Müəllif hazırda Əlyazmalar İnstitutunda ənənəvi tibbə aid çox sayda əlyazmanın qorunduğunu bildirməkdədir. Bu əlyazmalar orta əsrlərdə Azərbaycanda mövcud olan ənənəvi tibb haqqında məlumat əldə edə bilməmiz baxımından əvəzsiz mənbədir. Onların öyrənilərək elmi ictimaiyyətin diqqətinə çatdırılması sahəsində əmək sərf edən alimlərin demək olar, hamısı Əlyazmalar İnstitutunda çalışır və əgər söhbət ənənəvi tibbin tədqiq tarixindən gedirsə, onların adını və ərsəyə gətirdikləri elmi əsərlərin adını ilk sırada çəkmək lazımdır. Bu baxımdan "Xalq təbabətinin izi ilə" kitabının müəllifi, eləcə də "Xalq təbabəti xəzinəsindən" kitabının tərcüməçisi və tərtibçisi Nəsib Göyüşovun, 1990-cı ildə Məhəmməd Şirvaninin "Tibbnamə"sinin mətnini çapa hazırlayaraq nəşr etdirən M.Sultanov, F.Fərzəliyev, F.Ələkbərov və A. Ramazanovun, Məhəmməd Mehdi ibn Şərifin "Zadül-müsafirin" əsərini tərcümə edərək çapa hazırlayan K.Abdullayevin adlarını çəkə bilərik.
"Xalq təbabəti" kitabının tərtibçiləri Yusif İsrafil oğlunun və Rəşid İsmayıl oğlunun, eləcə də "Kirpi piyi, yarpız iyi, mərcimək. Türkəçarə" kitabını tərtib edən və ona "Ön söz" yazan Sərdar Məmmədovun da adlarını qeyd etmək lazımdır. F.Ələkbərli 1991-ci ildə Mirməhəmməd Möminin "Töhfətül-Möminin" (1669-cu il) əsərini rus dilinə çevirərək, onu özünün yazdığı şərhlərlə nəşr etdirib. 1992-ci ildə ortaya rus dilində orta əsrlərdə və günümüzdə Azərbaycanda istifadə edilən bitkilərin müqayisəsindən bəhs edən çox dəyərli tədqiqat əsərini qoyub. Həmin əsərdə XIII-XX əsrləri əhatə edən geniş bir zaman içərisində ölkəmizdə istifadə edilmiş yüzlərlə müalicəvi bitki haqqında məlumat verilməkdədir.
Tədqiqatçının 1991-ci ildə daha bir kitabı – rus dilində qələmə aldığı 2 cildlik "Şərqin 1001 sirri" adlı kitabı işıq üzü görüb. Eyni müəllifin tərcümə və tərtib edərək "Ön söz" yazdığı başqa bir əsər isə ənənəvi təbabətdə cinsi xəstəliklərlə bağlı müalicə metodlarına həsr edilib. "Şərq təbabəti cinsi həyat haqqında" adlı bu kitab 1993-cü ildə nəşr edilib. 1994-cü ildə isə onun Azərbaycandakı ənənəvi təbabətə həsr etdiyi və ingilis dilində qələmə aldığı daha bir kitab (Orta əsrlər Azərbaycanında sağlamlığın mühafizəsi) işıq üzü görüb. Elə həmin il F.Ələkbərlinin "Şərq təbabəti və milli xörəklərimiz" adlı kitabı nəşr edilib və "Elm" nəşriyyatında onun tərcümə və tərtib edərək, ön söz yazdığı "Şərəbnamə" adlı daha bir kitab çap edilib.
1999-cu ildə rus dilində nəşr etdirdiyi "Orta əsrlər Azərbaycanında sağlamlığın mühafizəsi (XVIII əsr)" və 2001-ci ildə ana dilimizdə nəşr edilən "Şərqdə ailə və nigah" adlı kitabları ökəmizdə ənənəvi tibbin tarixindən bəhs edən ən yaxşı kitablar sırasındadır. 2002-ci ildə A.Fərzəliyev ilə birlikdə Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" və Məhəmməd Möminin "Təhfətül-möminin" əsərlərini rus dilinə tərcümə edərək və ona ön söz yazan F.Ələkbərlinin eyni ildə işıq üzü görən "Orta əsrlər əczaçılq terminləri lüğəti"ni də mütləq bu sıraya daxil etmək lazımdır.
"Azərbaycan tibbinin xronologiyası" adlı məqaləsində yazılanlardan aydın olur ki, "XVII-XVIII əsrlərdə Murtuzaqulu Şamlu (cinsi xəstəliklər), Əbülqasım Marağayi (ümumi tibb), Həsən Rza oğlu Şirvani (əczaçılıq), Hacı Süleyman İrəvani (əczaçılıq) tibb və əczaçılıq üzrə bir sıra qiymətli əsərlər yaratdı. Onlar öz kitablarında 724 dörd növ dərman bitkisindən xəbər verirlər. XVIII əsrdə - xanlıqların bir-biri ilə apardığı arasıkəsilməz müharibələr nəticəsində bir çox xəstəxanalar, apteklər və tibb məktəbləri dağıdıldı. Elm, o cümlədən tibb elmi dərin böhran keçirirdi. XIX əsrin əvvəllərində Azərbaycanın şimal xanlıqları (Şirvan, Bakı, Naxçıvan, Qarabağ, İrəvan, Quba, Talış, Şəki, Dərbənd və s.) Rusiya tərəfindən işğal olundu, güneydə olan xanlıqlar isə (Təbriz, Ərdəbil, Xoy və s.) İranın tam nəzarəti altına keçdi. O dövrdən bəri Quzey və Güney Azərbaycanda tibbin inkişafı müxtəlif istiqamətlərdə davam etdi. Rus hakimiyyəti dövründə bütün Güney Qafqazda rus əczaxanaları və xəstəxanaları açıldı. Buna baxmayaraq, 1920-ci ildə Sovet hakimiyyətinin qurulmasına qədər Quzey Azərbaycanda əttar dükanları deyilən ənənəvi Şərq aptekləri də mövcud idi. Güney Azərbaycanda isə keçmişdə olduğu kimi, Şərq əczaxanaları və xəstəxanaları əksəriyyət təşkil edirdi.
F.Ələkbərlinin fikrincə, Azəbaycanda tibb tarixinin araşdırılmasının təməlini qoyan şəxs Əbdülxaliq Axundov olub. Bu Azərbaycanlı alim Əbu Mənsur Hərəvinin XI əsrə aid məşhur əczaçılıq ensiklopediyasını fars dilindən alman dilinə tərcümə etməklə məşhurdur. "XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycan xalq təbabətinin öyrənilməsində və təbliğ edilməsində" bir çox "azərbaycanlı müəllifin böyük rolu olub. "Bu cəhətdən Həkim ağanın "Gwney Qafqaz tatarları (azərbaycanlıları – F.V.) arasında yaraların müalicəsi haqqında", Rəşid bəy Əfəndiyevin "Qutqaşen (indiki Qəbələ) kəndinin və Nuxa qəzasının xalq təbabəti haqqında", Həsən bəy Zərdabinin "Əkinçi" və "Kaspi" qəzeti səhifələrində çap olunmuş silsilə məqalələri və "Torpaq, su və hava", "Bədəni salamat saxlamaq düsturuləməlidir", "Gigiyena" kimi əsərlərində Azərbaycan xalq təba¬bətinin müxtəlif problemləri haqqında verdikləri məlumatlar milli kadrların xalq təbabətinə münasibətindən soraq verir. Azərbaycan xalq təbabəti ənənələrinin öyrənilməsində, təbliğində, səhiyyəmizin mövcud durumunun müəyyənləşdirilməsində XX əsrin 20-ci illərində (1923-cü ildə) yaradılan Azərbaycanı Tədqiq edən və Öyrənən Cəmiyyətin (Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin) də böyük xidmətləri olub. Cəmiyyətin nəzdində yaradılan "İctimai təbabət və gigiyena komissiyası" ətrafında toplaşan alim-həkimlər və xalq təbabəti biliciləri top¬ladıqları materialları vaxtaşırı cəmiyyətin "Xəbərlər"ində dərc etdirir, xalq təbabətinə aid fikir və mülahizələrini burada şərh edirdilər. Bunların içərisində Ş.Həsənovun informasiya səciy¬yəli məqaləsində Azərbaycanda xalq təbabətinin mövcud vəziyyəti, bir çox bitkilərin müalicəvi əhəmiyyəti və s. haqqında verdiyi məlumatlar faydalıdır".
Müasir dövrdə ənənəvi tibb tarixinin tədqiqindən danışarkən, F.Ələkbərlinin müxtəlif dövrlərdə "Azerbaijan International" jurnalında ingilis dilində nəşr etdirdiyi bir neçə məqaləsinin də adını xüsusi çəkmək lazımdır. Bunlardan birincisi indiyədək, demək olar ki, öyrənilməmiş bir sahəyə - musiqi ilə müalicə üsullarına həsr olunmuş "Musiqi terapiyası" adlı məqalədir. Məqalədə alim bildirir ki, "əsrlər öncə həkimlər musiqinin qüdrətinə çox yaxşı bələd idilər. 7 əsr öncə Azərbaycan alimi Səfiyəddin Urmiyyəvi (XIII əsr) elmi əsərlər yazıb, "Şərəffiyyə" və "Musiqi tonları kitabı" əsərlərində musiqinin müalicəvi qüdrəti barəsində fikirlərini açıqlayıb". Onun sözlərinə görə, "İran və digər ərəb ölkələrində Səfiyyəddin Urmiyyəvi "Muğamın atası" hesab olunur. O, bu janrda elmi nəzəriyyə yaradan, musiqi terminologiyası işləyib hazırlayan və modal qammaları müəyyən edib onları tədris edən ilk insan olub. O, musiqinin insan sağlamlığına müsbət təsiri haqqında yazıb. Bundan sonrakı əsrdə digər Azərbaycan musiqiçisi Əbdül-Qədir Marağayi (1353-1433) onun işini davam etdirib".
Tədqiqatçının eyni jurnalda dərc edilmiş "Ətirlərlə müalicə" adlı məqaləsi isə adından da göründüyü kimi, xalq təbabətində geniş istifadə edilən aramoterapiyaya həsr edilib. Alim bu məqaləsində yazır: "Azərbaycan əlyazmalarına əsasən o vaxt aromaterapiyada ən azı 60 bitki ədviyyəsi işlədilib. Hətta bugünkündən fərqli olaraq o zaman ətirli heyvan ədviyyatından da istifadə edilirdi. Sənədlərimizdə onların 8-nin adı çəkilir".
Eyni müəllifin "Qədim şərablar" adlı məqaləsində isə şərabla müalicədən söhbət açılır: "Məşhur Azərbaycan alimi və Güney Azərbaycanda yerləşən (indi İranda) Marağa rəsədxanasının banisi Nəsrəddin Tusi (1201-1274) yazırdı: "Ağıl və ayıqlıqdan yaxşı cəhət, ağılsızlıq və içkiyə aludə olmaqdan isə qorxulu bəla yoxdur". Lakin buna baxmayaraq orta əsrlər alimləri müalicəvi tədbirlər üçün şərabın xüsusi növlərini məsləhət görürdülər. Qərbdə daha çox Avisenna kimi tanınan və ilk müfəssəl elmi-tibbi əsər olan "Tibb qanunları" əsərinin yaradıcısı İbn Sina (980-1137) göstərirdi: "Əlbəttə ki, şərabdan qədərində istifadə mədə və digər orqanlar üçün xeyirdir, lakin ondan həddən artıq istifadə zərərli və təhlükəlidir. Siz dönə-dönə içkili şəxslər görmüşsunüz və onlara qarşı nifrət hiss etməyinizdə haqlı olmuşsunuz".
Müalicəvi şərablardan söhbət açan F.Ələkbərli daha sonra yazır: "Şərablardan tibbi məqsədlərdə də istifadə olunur. Məsələn, Yusif Xoyi (1311) göstərir: "Tibbi şərabın kiçik dozaları hissiyyat üzvlərini və bütün bədəni möhkəmlədir. Tibbi şərablar kədər, sıxıntı və ruh düşgünlüyünə qarşı yaxşı dərmandır. Onlar hirs və əsəbiliyi azaldır, insanlan daha cəsur və əliaçıq edir və bir neçə zəhərin təsirini aradan qaldırır. Su qatılmış şərab soyuqdəymə və qızdırmaya qarşı yaxşı dərmandır".


Nübar Həkimova
bilologiya üzrə fəlsəfə doktoru