
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
Maşallah Rəzmi: “Bu məsələ sülh yolu ilə həll olunmazsa, İranı daha ağır fəlakətlər gözləyə bilər”
İyunun13-ü 2025-ci ildə İsrailin İranın bir neçə bölgəsindəki hədəflərə qarşı genişmiqyaslı hücumu[ ilə başlayan və İranın əks-reaksiya verməsi ilə davam edən müharibənin aktiv fazası 24 iyun 2025-ci il tarixində atəşkəs razılaşması ilə bitdi. İsrailin hücumu İranın 10-a yaxın general və nüvə alimi ilə yanaşı 600-dən çox mülki əhalisinin ölümünə səbəb oldu. Maraqlı və müəmmalı məqamlardan biri də İsrailin SEPAH-ın içində casuslarının yerləşdirməsi və hətta ölkə ərazisində dron istehsalına nail olmasıdır. İddialara görə, İsrail hücumun bir hissəsini elə İran daxilindən həyata keçirib. İranın onlarla İsrailə casusluq edən vətəndaşını edam etməsi deyilənlərin həqiqət olduğunu sübut etdi.
İsrai-İran arasında atəşkəs razılığı əldə olunsa da, İran hakimiyyəti İsrailin atəşkəs şərtlərinə əməl edəcəyinə şübhə edir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Əbdürrəhim Musəvi deyib ki, müharibənin təşəbbüskarı biz olmamışıq, lakin təcavüzkara var gücümüzlə cavab vermişik və düşmənin atəşi dayandırmaq üzrə öhdəliklərini yerinə yetirəcəyinə şübhə etdiyimiz üçün təkrar təcavüz olacağı təqdirdə ona yenidən qəti cavab verməyə hazırıq.
Digər bir ehtimal isə İranın hələ də nüvə obyektinə malik olamsıdır. Baxmayaraq ki, həm İsrail, həm ABŞ İranın nüvə obyektlərinin məhv olduğu bəyanatını veriblər.
Amma ötən gün, ABŞ Prezidenti Donald Tramp faktiki olaraq İranın gizli nüvə obyektinə malik olduğunu etiraf edib.
O, bu barədə "Foks Nyus"a müsahibəsində deyib.
"Bilirdik ki, İranın çoxlu nüvə obyekti var, yəqin ki, üç əsas və bir əlavə. İnanmıram ki, Tehran ABŞ-ın zərbələrinə başlamazdan əvvəl zənginləşdirilmiş uranı nüvə obyektlərindən çıxara bildi. Xeyr. Əvvəla, bunu etmək çox çətindir. Bu, çox təhlükəlidir. Həm də heç kim Fordo obyektini vuracağımızı düşünmürdü, çünki hamı onun keçilməz olduğunu deyirdi.
Məncə, obyektdə adamlar olub, deyirlər orada maşınlar olub. Bu insanlar bombanın düşəcəyi ehtimal olunan girişi betonlamağa çalışırdılar", - o bildirib.
Qeyd edək ki, Fordonun bombalanmasından 2 gün öncə yük maşınları kolonunun zənginləşdirilmiş nüvəni başqa yerə daşıdığı haqda iddia yayılıb.
Bu arada Amerikanın CBS telekanalına müsahibəsində İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib ki, İranın uranı zənginləşdirmək hüququ var və bu fəaliyyəti dayandırmağı planlaşdırmır.
Diplomatın bildirib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) əsasən, uranın zənginləşdirilməsi fəaliyyəti İranın ayrılmaz hüququdur.
"Və biz bu hüququmuzdan istifadə etmək istəyirik", - İrəvani qeyd edib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi də hesab edir ki, İran nüvə proqramının bəzi komponentlərini saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsini bərpa edə bilər.
Qrossi “CBS” teleşirkətinə müsahibəsində ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə proqramının hansı komponentlərini saxladığı barədə danışan Qrossi deyib:
“Düzünü desəm, hər şey yoxa çıxıb və heç nə qalmayıb deyə bilməzsiniz. Aydındır ki, ciddi ziyan vurulub, amma birincisi, bu, tam zərər deyil. İkincisi, İranın potensialı var. Sənaye və texnoloji potensialı var. Əgər istəsələr, bu işə yenidən başlaya bilərlər”.
Mövzu ilə bağlı güneyli fəal, siyasi şərhçi Maşallah Rəzmi qəzetimizə aşıqlamasında deyib ki, 12 günlük şiddətli müharibə başa çatsa da nə İran, nə İsrail məğlubiyyətini biruzə verdi, hər iki tərəf qələbə qazandığını bəyanladı: “Tərəflər arasında əldə olunan atəşkəs möhkəm olmayacaq. İsrailin Livanla əldə etdiyi atəşkəs razılığına baxın, tez-tez onu pozur. Atəşkəs əldə olunsa da İsrailin təxribatları davam edir. İranın müxtəlif şəhərlərində, hətta Şimali Azərbaycan şəhərlərinin səmasında İsrailin dronlarını görmək olur. İndi elə bir vəziyyət yaranıb ki, İran çox zəifləyib. Proksi qüvvələr olan HƏMAS, "Hizbullah" və digər terror təşkilatları artıq İrana dəstək dura bilmirlər, gücləri yoxdur. Hətta onların bəziləri İranla düşmən olublar. Məsələn, Livandakı qüvvələr İranın siyasətinin qurbanına çevrildiklərini anlayıblar. İran özü də bu müharibədə daxildən dəstək ala bilmədi, nə xalqdan, nə ordudan, nə komandanlığdan. Yəni İran bu vaxtadək öz siyasətini zorla həyata keçirdiyindən, belə məqamlarda nə kənardan, nə daxildən özünə dəstək qazana bildi. İranın iqtisadiyyatı da çöküb, belə bir şəraitdə İran müharibə apara bilməyəcək. İsrail İranın bu zəifliyindən məharətlə istifadə edəcək. ABŞ da öz məqsədini həyata keçirəcək. 46 ildir ki, İran ABŞ, İsrail bayraqlarını yandırır, onlara meydan oxuyur, istəyir ki, dünyada şiə imperatorluğunu qursun. Amma ABŞ, İsrail buna heç vaxt imkan verməyəcəklər”.
M.Rəzmi qeyd edib ki, İran bu müharibədə yüzə-yüz məğlub olmadı. Amma çox şeyi itirdi, belə ki, onun düşmənləri dövlətin güc mərkəzlərinə nüfuz etmişdilər. Nəticədə SEPAH-ın 31 komandirini, 15 nüvə alimini öldürdülər. İsrailin casusları İranda güclü mövqe tutmuşdular, hətta iş o yerə çatmışdı ki, ölkənin cənubunda dron istehsal edən müəssisə yaradıblar. Özü də Müdafiə Nazirliyinin icazəsi ilə o kamikadze dron istehsal edən zavod tikilib: “8 ay öncə İsrail 1000 casusunu İrana ezam etmişdi ki, ölkənin strateji hərbi obyektləri barədə məlumatlar toplasınlar. Onlar da bu işin öhdəsindən layiqincə gəldilər, müəyyən hərbi obyektlərin koordinatları, fotolarını İsrailə ötürdülər. Hətta ballistik raketləri belə ərazidə yerləşdirmişdilər ki, zərbələr asan və dəqiq olsun. Bu onu deməyə əsas verir ki, İsrail 12 günlük müharibəyə yüksək səviyyədə, dəqiqliklə hazırlaşıb. SEPAH-ın komandanlığına yer alıb, bütün strateji sirləri ələ keçirib. Bu gün yayılan vidrolardan da görünür ki, İsrail hərbçiləri SEPAH komandanları ilə telefon danışıqlarında onlara lazımi tapşırıqları yerinə yetirmədikləri halda öldürülə biləcəkləri mesajını veriblər. Yəni onlara dəqiq vaxt veriblər ki, 10-12 saata bu tapşırığı yerinə yetirməlisən, yetirməsən hədəfdəsən. İran informasiya və texnoloji müharibədə İsrailə məğlub oldu. Rəsmi Tehran özü etiraf etdi ki, onların komandanlığı İsrailin elə silahları ilə məhv edilib ki, heç adlarını da bilmirlər.
İsrailin İran hakimiyyət orqanlarına, SEPAH-a necə nüfuz etməsi də müəmmalıdır. İranın müəyyən orqanlarına xarici qüvvələrin yerləşdirilməsi çox asandır. Ona görə ki, İran təhlükəsizlik qüvvələrində işləmək üçün cəlb olunan şəxslərdən yalnız saqqal saxlamaları, müsəlman olmaları və ali dini liderin siyasətinə sadiq qalmaları tələb olunur. Eyni zamanda ABŞ və İsrailə qarşı amansız olsunlar. Bu gün ABŞ, İngiltərə, Rusiyanın İranda öz kəşfiyyat idarələri fəaliyyət göstərir”.
M.Rəzmi onu da vurğulayıb ki, İranda 16 kəşfiyyat təşkilatı var, onlardan ikisi əsasdır - SEPAH və Vilayəti İttilat. Onların arasında həmişə gərginlik olub. Qalan 14 təşkilatın hər birinə bir molla rəhbərlik edir. Bu təşkilatlar da nizamsız fəaliyyət göstərib. Əsas işləri qadınlara nəzarət etmək ki, çarşablarından imtina etməsinlər, digər tərəfdən molla rejiminə qarşı çıxanların təqib etmək olub: “Bu boşluqlardan istifadə edən xarici kəşfiyyat orqanları öz casuslarının asanlıqla bu təşkilatlara yerləşdirə bildilər. İndi İsraillə İran arasında atəşkəs razılaşması əldə edilib ki, buna da ABŞ prezidenti Donald Tramp nail olub. Bu razılaşma da sözdə olub, ortada heç bir rəsmi sənəd yoxdur. Nüvə məsələsi hələ də ortadadır. O gündən ki, İran nüvə silahı əldə etmək qərarını verdi, böyük xətaya imza atdı. Dünya İrana qarşı iqtisadi sanksiya tətbiq edib ki, bu işdən əl çəksin, deyilənə görə bu rəqəm 3 trilyon dollardır. İran isə bu istəyindən əl çəkmir, iddia edir ki, əgər atom bombasına sahib çıxsa, o zaman ölkə xarici qüvvələrin hücumundan sığortalanmış olacaq. Hakimiyyətin özündə də bu məsələdə fikir ayrılığı var - bir tərəf deyir ki, atom bombasına sahib çıxaq ki, sabah bizə edilən hücuma cavab verə bilər. Digər tərəf isə deyit ki, bizim nüvə enerjisi istehsala ehtiyacımız yoxdur, ölkədə çox sayda enerji sahələri var, onları inkişaf etdirək. ABŞ nə deyirsə ona əməl edək və onun iqtisadi potensialından istifadə edək. İsraili də hədəfləməyək. Digər bir qüvvə isə deyir ki, bu vaxta qədər bu işə xərclədiyimiz vəsaiti itirməmək üçün ABŞ-la danışıqlar aparaq və Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrin iştirakı ilə bir konsersum hazırlayaq, hansı ki, Avropada var. Nüvə enerjisindən hamılıqla istifadə edək. Amma ortada qəti, ciddi bir proqram, mövqe qoyulmayıb. Nə qədər ki, Xamenei İranda rəhbəridir bu məsələdə geri çəkilməyəcək. İran əhalisinin yarısı da məhv olsa bir addım da geri çəkilməyəcək, ABŞ və İsrail hədəf götürüləcək. Gələn aylarda nə baş verə biləcəyini təxmin etmək olmaz, amma bütün hallarda bu məsələ sülh yolu ilə həll olunmazsa, İranı daha ağır fəlakətlər gözləyə bilər”.
Cavid