
İran-ABŞ diplomatik təmasları:nəticə olacaqmı?
2 İyul 23:55
Elşən Manafov: “Rəsmi İrəvanın addımları bir qayda olaraq Qərb, ilk növbədə Avropa Birliyi tətəfindən dəstəklənəcək”
Paşinyan – Kilsə münasibətləri getdikcə gərginləşir.Ötən ayın sonlarında Ermənistanın Baş naziri Nikol Paşinyan Kilsənin rəhbəri İkinci Qaregini dəyişməyə və onun təbirincə, "kilsəni xalqa qaytarmağa" çağırıb. Kilsə isə Ermənistan dövləti və xalqının birliyini pozmaqda günahlandırıb. Onların arasında münasibətlər indi dirənib.
"2-ci Qaregin verdiyi subaylıq əhdini pozub və onun övladı var. Bu, faktdır və əgər 2-ci Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edərəm", - Paşinyan belə yazıb.
"Bu cür hərəkətlər cəmiyyətdə parçalanmaya gətirib çıxarır", - Erməni Apostol Kilsəsinin yaydığı bəyanatda deyilir.
"Dövlət xalqa məxsusdur, kilsə xalqa məxsusdur. Biz dövləti xalqa qaytarmışıq, kilsə də xalqa qaytarılmalıdır", - bu, Paşinyanın son vaxtlar kilsə haqda yazdığı çoxsaylı statuslardan biridir.
Burada Paşinyan özünün hakimiyyətə gəldiyi "məxməri" inqilaba işarə edir.
Beləliklə, Paşinyan İkinci Qareginin vəzifəsindən getməsi üçün canfəşanlıq göstərir.
Garegin isə yerində möhkəmdir.
Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan da 2-ci Qareginə tam dəstək verdiyini bildirib.
Erməni ruhanilər, o cümlədən, katolikos 2-ci Qaregin Ermənistan müxalifətini dəstəkləyir.
Ruhanilər 2-ci Qarabağ müharibəsində məğlubiyyətə və 2023-cü ildə Qarabağın tamamilə itirilməsinə görə Paşinyanı günahlandırırlar.
BBC yazır ki, Nikol Paşinyan hökuməti ilə Ermənistan Apostol Kilsəsi (EAK) heç vaxt müttəfiq olmayıb. Baş nazir kilsə iyerarxiyasını əvvəlki hakimiyyətlərlə — onun "cinayətkar rejim" adlandırdığı qüvvələrlə — əlaqələrinə görə tənqid edirdi. Kilsə isə onun Qərb yönümlü QHT-lərdə təcrübəsi olan gənc komandasına ehtiyatla yanaşırdı.
İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra bütün ermənilərin katolikosu (ruhani lideri) II Qaregin Paşinyanın istefasına çağırdı və münasibətlər tamamilə pozuldu.
Son araşdırmalar göstərir ki, ermənilər əhalisinin əksəriyyətini ehtiva edən Ermənistan Apostol Kilsəsinə hökumətdən daha çox güvənirlər.
İndi isə Paşinyanla katolikos arasındakı münaqişə Ermənistan cəmiyyətini daha da parçalamaq, gələn il keçiriləcək seçkilərin nəticələrinə təsir göstərmək və Azərbaycanla aparılan sülh danışıqlarına mənfi təsir etmək riski daşıyır — bu isə bütün regionu əhatə edə bilər.
Paşinyan sübut təqdim etmədən II Qaregini subaylıq andını pozmaqda ittiham edir; baş nazirin sözlərinə görə, kilsə rəhbərinin övladı var. Əgər bu doğrudursa, kilsə qanunlarına əsasən Qaregin katolikos ola bilməz və Paşinyan onun istefasını məhz kilsə qaydalarına əsaslanaraq tələb edir, baxmayaraq ki, burada hər hansı bir dünyəvi qanunun pozulmasından söhbət getmir.
Bundan əvvəl o, erməni cəmiyyətini şoka salan "fırlanmaq" ifadəsi ilə bəyanatında arxiyepiskoplardan birini dayısının arvadı ilə münasibətdə olmaqda ittiham etmişdi.
Baş nazirlə birlikdə ruhaniləri tənqid edənlər sırasına onun həyat yoldaşı, vətəndaş nikahında olduğu Anna Akopyan da qoşulub. O, kilsə iyerarxlarını "ölkənin əsas pedofilləri" və "ölkənin əsas ruhani mafioziləri" adlandırıb — hər hansı bir sübut təqdim etmədən.
II Qaregin bu konkret ittihamlara cavab verməyib, lakin Ermənistan Apostol Kilsəsinin Ali Şurası bu iddiaları "Kilsənin səsini boğmaq və onun cəmiyyətdəki təsirini zəiflətmək cəhdi" kimi qiymətləndirib. Ruhani şura xatırladıb ki, kilsə qanunları və nizamnamələri dünyəvi hakimiyyətə aid deyil.
İyunun 17-də Paşinyanın kilsəyə qarşı kampaniyasını Ermənistan əsilli rusiyalı milyarder və EAK-nın əsas sponsoru olan Samvel Karapetyan da pisləyib. O bildirib ki, "əgər siyasətçilər uğursuz olsalar", "kilsəyə qarşı kampaniyaya öz üsulu ilə müdaxilə edəcək". Bu bəyanatdan bir neçə saat sonra polis Karapetyanın rezidensiyasında axtarış aparıb, növbəti gün isə ona qarşı cinayət işi açılıb. Karapetyan hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışda ittiham olunur, o isə özünü təqsirli bilmir.
Baş verənlər isə göstərir ki, Paşinyan kilsə və hərəkatdan qorxur, onları real təhlükə kimi görür. Eyni zamanda vurğulamaq lazımdır ki, son ay baş verən qarşıdurmadan sonra kilsə müxalifətə və xalqa müraciət edərək, baş naziri devirməyin yeganə çıxış yolu olduğunu bildirib. Təbii ki, uzun müddətdir kreslo eşqi və revanşizm hissləri ilə alışıb-yanan müxalifət, xüsusən də Daşnaksütyun, respublikaçılar bu çağırışa qoşulublar. Kilsə təmsilçilərinə qarşı hücumlar intensivləşib. Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, hüquq-mühafizə orqanları ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını alıblar.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları kriminal oliqarx dindarların Ermənistanda sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək məqsədilə irimiqyaslı və bədnam planının qarşısını alıblar”, - Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyasının üzvlərinin evlərində axtarışlara başlayıb. Qalstanyan və onun tərəfdaşları hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham olunur.
Ermənistan hüquq-mühafizə orqanları erməni polkovnik Miqran Maqsudyanın da İcevan və Əskiparadakı evlərində axtarış aparıblar.
Maqsudyanın oğlu bildirib ki, atası saxlanılıb vəı İstintaq Komitəsinə aparılır.
Keçirilən əməliyyat tədbirləri nəticəsində erməni biznesmen Tiqran Qalstyan da saxlanılıb.
Bundan başqa, 44 günlük müharibə zamanı öldürülmüş erməni hərbçisinin atası Ara Rüstəmyanın da evi və avtomobilində axtarışlar aparılıb. Axtarışlardan sonra Rüstəmyan da saxlanılıb.
Ermənistan KİV-i məlumat yayıb ki, məhkəmə “Müqəddəs mübarizə” hərəkatının liderinin həbsi ilə bağlı vəsatəti təmin edib. Arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib.
Məhkəmə Qarabağdan qovulan separatçı David Qalstanyan, arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan, bloger Armen Aleksanyan və ehtiyatda olan polkovnik Miqran Maxsudyanın da iki aylıq həbs qətimkan tədbiri seçilməsinə dair vəsatəti təmin edib.
Ümumilikdə 16 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.
Baş Prokurorluqdan bildirilib ki, Ermənistan prokurorluğu erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan barəsində cinayət işi açıb.
Acapaxyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunur.
Qeyd olunub ki, cinayət işi iyunun 17-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi (hakimiyyətin zorakılıqla devrilməsinə açıq çağırışlar) ilə açılıb.
Politoloq Elşən Manafov qəzetimizə açıqlamasında deyib ki, Ermənistanın millətçi, revanşist əhval düşüncəyə söykənən müxalifətinin Paşinyanla müqayisədə ölkə elektoratına təsir imkanları geniş deyil, iqtidarda olduğu dönəmdə indiki müxalifətin ölkəni korrupsiya bataqlığına sürükləməsi onun nüfuzuna ciddi xələl gətirmiş, sosial bazası zəifləmiş və daralmışdır. Bu səbəbdən müxalifət Paşinyana qarşı mübarizəyə Ermənistanda hələ dövlətçiliyin olmadığı vaxtlarda belə erməni xalqının toparlanmasında və əvvəlcədən bəlli edilmiş hədəflər uğrunda mübarizəyə cəlb edilməsində bir qayda olaraq nüfuzu və təcrubəsi olan erməni apostol kilsəsinə müraciət etmələri anlaşılandır: “Böyuk Ermənistan” uğrunda millətçi dairələrin bəyan etdikləri mübarizədə kilsə bir qayda olaraq ideoloji təsir imkanlarına malik, sturukturlaşmış institut kimi qəbul edilib və onun məlum mübarizədə iştirakı kilsənin korporativ maraqları ilə yanaşı regionda nüfuz dairəsi uğrunda mübarizə aparan beynəlxalq güclərin geosiyasi maraqlarına xidmət etmək və əlbəttə yararlanmaq istəyindən irəli gəlir.
Paşinyan kilsə və muxalifətin işbirliyində özünü qabarıq şəkildə biruzə verən məqamları görür, onu Ermənistanda hakimiyyətə gətirən dairələr də (onlar isə Ermənistanın xaricindədirlər) kilsənin Ermənistan cəmiyyətində stabilliyin pozulmasına və vətəndaş qarşıdurmasının güclənməsinə yönəli pozuculuq fəaliyyətini agentura şəbəkəsi vasitəsilə diqqətlə izləyirlər. Paşinyanı Ermənistan kilsəsinin tanınmış şəxslərinin həbsində Qərb və onun bəlli institutları qınamırlar. Qərbə görə bu həbslər kilsənin dünyəvi hakimiyyətə yiyələnmək iddialarının qarşısını almaq zərurətindən irəli gəlir. Qərb hadisələrə insan haqlarının pozulmas rakursundan yanaşmır, hüquqi dövlət hakimiyyətinə olan təhlükənin aradan qaldırılması konteksindən qiymət verir, məsələnin məgzində isə ilk növbədə, geosiyasi faktor dayanır. Qərb erməni apostol kilsəsinin Rusiya ilə tarixən ciddi münasibət və əlaqələrə malik olmasının mahiyyətinə varır, odur ki, kilsənin elektorata təsir imkanlarının məhdudlaşdırlması istiqamətində rəsmi İrəvanın addımları bir qayda olaraq Qərb, ilk növbədə Avropa Birliyi tətəfindən dəstəklənəcək”.
Cavid