XİN: Rusiya mediasında azərbaycanlılara qarşı “etnik cinayətkar qrup” ifadəsindən istifadə qəbuledilməzdir Siyasət

XİN: Rusiya mediasında azərbaycanlılara qarşı “etnik cinayətkar qrup” ifadəsindən istifadə qəbuledilməzdir

Xəbər verdiyimiz kimi, 2 iyul 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, xarici işlər nazirinin müavini Araz Əzimov ilə baş tutan görüşdə, Rusiya tərəfinin iki ölkə arasında münasibətlərə xələl gətirən qeyri-dost hərəkətləri və addımları ilə bağlı etiraz qarşı tərəfin diqqətinə çatdırılıb.

27 iyun tarixində Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən basqınlar zamanı qanuna zidd əməllər nəticəsində iki həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması ilə bağlı dərin narahatlıq bir daha diqqətə çatdırılıb. Baş vermiş hadisə ilə bağlı Rusiyanın izahatının həlak olmuş həmvətənlərimizin üzərində olan kəskin zorakılıq izləri və ekspertiza rəyi ilə ziddiyyət təşkil etdiyi bildirilib. Reydlər ilə bağlı Rusiya mediasında etnik dözümsüzlük təzahürlərinin müşahidə olunduğu, azərbaycanlılara münasibətdə “etnik cinayətkar qrup” kimi ifadələrdən istifadənin qəbuledilməz olduğu vurğulanıb.