Sumqayıtda tükürpədici olay Hadisə

Sumqayıtda tükürpədici olay

23 yaşlı şəxs 3 dayısını yandırıb

Dünən Sumqayıtda dəhşətli qətl törədilib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.
Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları - 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub.
Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, hadisənin baş verməsinə 23 yaşlı Əsgəralı Abbasovun dayıları arasında şəxsi münasibətlər zəminində baş verən münaqişə səbəb olub.
Polis tərəfindən saxlanılan Ə. Abbasov ilkin ifadəsində qeyd edib ki, dayıları tərəfindən tez-tez təhqir olunurmuş. O, hadisə baş verməzdən əvvəl də dayıları tərəfindən təhqir edildiyini, anasının və atasının ünvanına nalayiq ifadələr səsləndirildiyini qeyd edib. Təhqirlərə dözə bilməyən Ə. Abbasov dayılarını öldürməyə qərar verdiyini açıqlayıb.
Prokurorluqdan həmçinin bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.