“Azərbaycan prosesləri diqqətlə izləməli və mümkün riskləri nəzərə almalıdır” Siyasət

“Azərbaycan prosesləri diqqətlə izləməli və mümkün riskləri nəzərə almalıdır”

“Cənubi Qafqazda baş verən bütün bu proseslər Azərbaycanda da böyük diqqətlə izlənilir. Xüsusilə Ermənistana ayrılan beynəlxalq yardımların həcminin artması diqqətdən kənarda qalmır. Bu, istər-istəməz müəyyən suallar doğurur”.

Bunu xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı deyib.

Onun fikirlərinə görə, Ermənistanın Fransa, ABŞ və Hindistanla münasibətlərinin son dövrlərdə daha artdığı məlumdur: “Hər üç ölkədə Ermənistanın kifayət qədər güclü siyasi və diplomatik dayaqları mövcuddur. Xüsusilə Fransa və ABŞ ilə əlaqələrin dərinləşməsi regiondakı təhlükəsizlik mühitinə təsir edə biləcək amillərdən biridir. Məhz buna görə də Azərbaycan bütün prosesləri diqqətlə izləməli və mümkün riskləri nəzərə almalıdır. Sülh sazişinin hələ də imzalanmaması gələcəkdə gərginliyin yenidən artması ehtimalını tam aradan qaldırmır. Bu baxımdan sülh müqaviləsinin ən qısa zamanda imzalanması regionda sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır”.

C.Abbaslı diqqətə çatdırıb ki, Azərbaycan da müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir: “Ölkə müasir silah və hərbi texnologiyaların əldə olunmasına, Silahlı Qüvvələrin imkanlarının artırılmasına, həmçinin strateji tərəfdaş dövlətlərlə hərbi əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Nəticə etibarilə, sülh sazişinin imzalanması Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün ən vacib addımlardan biridir. Bununla yanaşı, Azərbaycan öz milli təhlükəsizliyini təmin etmək və mümkün risklərin qarşısını almaq istiqamətində tədbirlərini davam etdirməlidir”.

Röya İsrafilova