“Səni axtarıram”ı kim axtarır... Hadisə

“Səni axtarıram”ı kim axtarır...

""Səni axtarıram" verilişinin dünən yayılan kadrarxası görüntülərinə mən hələ 2014-cü ildə baxmışam". Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, həmin vaxt verilişdə saxta ssenarilərin olması ilə bağlı MTRŞ-ya məlumatlar daxil olub: "Bu məsələ hələ 2014-cü ildə bizim diqqətimizdə idi. O vaxt biz bu tip məlumatlar haqda ATV telekanalının rəhbərliyini məlumatlandırdıq, onlar da bundan nəticə çıxartdılar. Verilişin ATV telekanalında yayımı dayandırıldıqdan sonra, veriliş ANS-də yayımlanmağa başlandı. Mən ANS rəhbərliyini Şuraya dəvət edib, məlum görüntülər haqda onlara məlumat verdim və onlardan bu məsələni ciddi nəzarətdə saxlamalarını tələb etdim. Eyni zamanda, onlara bildirdim ki, bu məsələ Şuranın diqqətindədir. Əgər verilişlə bağlı, hər hansı problem olacaqsa, buna qarşı ciddi tədbirlər görüləcək. O zaman şou xarakterli verilişlərə qarşı ciddi tədbirlər görülürdü. Biz işimizi hüquqi müstəvidə görürük. Bu gün yayılan görüntülər efirə getməyib. Lakin biz hələ o vaxt buna qarşı laqeyd qalmadıq, bunu bir informasiya kimi qəbul etdik".
Nuşirəvan Məhərrəmli qeyd edib ki, MTRŞ sosial problemli insanların üzərində şou yaradılmasının qəti əleyhinədir: "Biz çox istərdik ki, televiziya kanalları sosial problemli insanlar üzərində ciddi proqramlar hazırlayıb, onlara kömək göstərsinlər. Bəzən biz onlara qarşı iradlarımızı bildirəndə telekanallar çoxsaylı insanların müraciətini əsas gətirir. Təbi ki, biz də o kateqoriyadan olan insanların probleminin həll olunmasını çox istəyirik. Amma telekanallar sosial problemli insanlar üzərində şou yox, ciddi xarakterli verilişlər hazırlasalar daha doğru olar".
"Hazırda Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişi ilə bağlı bizə hər hansı neqativ məlumat daxil olmayıb" – deyə, MTRŞ sədri qeyd edib.
"Gündəlik Teleqraf" media qrupunun rəhbəri Aynur Camalqızı isə hesab edir ki, "mətbəx sirləri"nin açılması etika və peşəkarlıqdan uzaqdır: "Gərək bu olmayaydı. Xüsusən də qadına qarşı!"
O bildirib ki, televiziya mütəxəssisi deyil və 4 ildən artıqdır ki, nadir hallarda Azərbaycan TV-lərinə baxır: "Bu səbəbdən fikirlərimi subyektiv hesab edə bilərsiz. ATV-də "Səni axtarıram"ın yalnız ilk verilişinə baxmışam. Onda da özüm iştirakçı olduğum üçün. Sonra heç vaxt iştirak etmədim - dəvət olunsam belə. Çünki anladım ki, bu tip verilişlər mənlik deyil. Bizim TV-lərdə heç bir veriliş cəmiyyətə lazımi mesajlar ötürmür, hətta bəlkə bunun fərqində də deyil. Halbuki hər bir telelayihənin gücü onun cəmiyyətə ötürdüyü ismarışlarla ölçülməlidir. Bununla heç kəsin, xüsusən həmkarımız Xoşqədəm xanımın zəhmətinin üstünə kölgə salmaq istəmirəm. Təbii ki, sosial yönümlü telelayihələr olmalıdır və göründüyü kimi, reytinq cədvəllərində də bu tip verilişlər ilk yerləri tutur. "Səni axtarıram" Azərbaycan teleməkanında ən populyar layihədir. Demək ki, auditoriya bunu istəyir. TV-lər də onlara istədiyini verir. Mən TV-ləri də qınamaq istəmirəm. Çünki reklam verən şirkətlər məhz həmin reytinq cədvəllərinə əsasən media ilə əməkdaşlıq edirlər. Yəni mövcudluq uğrunda mübarizədə reallıqla hesablaşmağa məcburuq. Və təkcə Azərbaycanda deyil, qonşu Rusiyada da, qardaş Türkiyədə də bu cür verilişlər real həyatdan götürülsə də, teatrlaşdırılır, müəllifin təxəyyülü ilə ora nələrsə əlavə olunur. Yəni indi dəhşətli bir cinayətin üstü açılmayıb. Biz məsələnin təxminən belə olduğunu onsuz da bilirdik. Amma mən də bu fikirdəyəm ki, "mətbəx sirləri"nin açılması etika və peşəkarlıqdan uzaqdır. Gərək bu olmayaydı. Xüsusən də qadına qarşı! Bu toplum qadına nə qədər amansızdır, riyakardır, barışmazdır... Şübhə etmirəm ki, bunu edən kişilərdir. Və məhz buna görə də Xoşqədəm Hidayətqızının yanında olduğumu bəyan edirəm! Klaviaturanın qarşısında əyləşib bir qadını aşağılayıcı tonda müzakirə etməzdən öncə bir özünüzə baxın, düşünün, buna haqqınız çatırmı? Kimsiniz siz? Siz bir qadından nə qədər öndəsiz, nə qədər ağıllısız, nə qədər uğurlar əldə etmisiz, bu ölkə, bu xalq üçün daha xeyirli, daha gərəkli nə etmisiz? Cavab verə bilərsizmi? Etiraf etməyə hazırsızmı? Ədalətli olmağa gücünüz çatarmı?.."
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Xoşqədəm Hidayətqızının media sektorunda özünü təsdiq etmiş bacarıqlı jurnalist və idarəçi olduğunu deyib: "Onu sevməyə, üslubunu qəbul etməyə bilərik, amma təhqir etməyə, aşağılamağa haqqımız yoxdur. Ümumiyyətlə təhqir zəiflərin silahıdır.
"Səni axtarıram" verilişinə dəfələrlə dəvət olunmuşam. Bunu şəxsimə olan sayğı kimi qəbul edirəm. Lakin verilişin yayımlandığı hər üç telekanala dəvətə görə təşəkkürümü bildirib çəkilişlərə qatılmaqdan imtina etmişəm. Çünki özümü belə verilişlərin iştirakçısı kimi görmürəm. Nə hüquqşünasam, nə də sosioloq..."
Elçin Mirzəbəylinin qənaətinə görə, belə verilişlər bütün parametrlərinə görə ciddi və peşəkar yanaşma tələb edir: "İnsanların hissləri üzərində şou qurulmasını, Türkiyə türklərinin təbirincə desək, duyğu sömürücülüyünü yolverilməz və verilişi baxımlı etmək üçün olduqca bəsit texnologiya hesab edirəm. Bütün bunlar televiziya sahəsində özünütənqidin, ümumiyyətlə peşəkar tənqidin olmamasından irəli gəlir.
Problemdən çıxış yolunu isə TV tənqidçiliyinin inkişafında, peşəkar tənqiddə görürəm. Mənə elə gəlir ki, Milli Teleradio Şurası bu prosesi stimullaşdırmalı, televiziyanı yaxşı bilən və təhlil etmək imkanında olan mütəxəssilərlə yaxından əməkdaşlıq etməlidir. Əslində telekanallar və ayrı-ayrı verilişlərin müəllifləri də obyektiv tənqiddə - təhlildə maraqlı olmalıdırlar. Tənqid həm də populyarlaşdırır".
Tibb elmləri namizədi Rəşid Mahmudov da vaxtilə ekspert kimi çıxış etdiyi "Sənin axtarıram" verilişi ətrafında yaranan qalmaqala münasibət bildirib.
Rəşid Mahmudov həmin verilişdə insan talelərinin səhnələşdirilməsindən bixəbər olduğunu deyib: "Kim nə edibsə, mən onların işlərinə qarışmamışam. Hərə özünə cavabdehdir. Videosu yayılan səhnə indiyə kimi yadımdadır. Həmin kişi sərxoş idi, səhnəyə pis gündə gəlmişdi. Ayaqüstə dura bilmirdi. Deyəsən altına batırmışdı. Buna görə də onu əlil arabasına qoyub, üstünü örtdülər ki, bilinməsin. Həmin səhnədə həkim deyir ki, dərman vuraq yatsın. Səhnə şəraitində kişinin ayaqüstündə durması mümkün deyildi".
Tibb elmləri namizədi bildirib ki, Xoşqədəm Hidayətqızını ondan çox tənqid edən yoxdur: "Xoşqədəmi məndən çox tənqid edən yoxdur . Ona həmişə deyirdim ki, millətə çox əzab verirsən, insanlar bu verilişə baxıb, pis olurlar. Hətta elə insan olub ki, Xoşqədəmin verilişinə baxıb, infarkt keçirib. Xoşqədəmə dəfələrlə iradlarımı bildirmişəm. Deyirdim ki, vəziyyəti dramatikləşdirmək lazım deyil. Buna baxmayaraq, o yaxşı jurnalistdir. Onun özünə, sənətinə hörmət edirəm. Bəlkə, haradasa səhvi olub, deyə bilmərəm. Nə edək? Onu yıxıb-sürüməklə əlimizə nə keçəcək. Yaxşı, gedin, onu güllələyin. Bununla ürəyiniz rahat olacaqmı? Bir adam yaxşı işləyirsə, onu məhv etmək lazım deyil. Yenə deyirəm ki, onu məndən çox tənqid edən yoxdur. Amma düz danışmaq lazımdır. Onun bu verilişlərin hazırlanmasında əziyyəti böyükdür".
Qeyd edək ki, Xoşqədəm Hidayətqızının 2014-cü ildə "Səni axtarıram" verilişində efirə gedən materialın kadrarxası görüntüləri yayılıb. Videoda reallığı əks etdirməyən kadrlar yer alıb. Məlum olub ki, bir çox məqamlar səhnələşdirilib.