Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri Hadisə

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

12-ci yazı

Mərv əyalətində dövlətin əsas hərbi dayağı Qacarlar olduğuna görə I Şah Səfi Mehrab xan Qacarın Qəzvin darğası olan oğlu Murtuzaqulu bəy (xan) Qacarı bəylərbəyi təyin edib ora göndərir. Mənbədə Mərv ətrafında özbəklərlə kəskin döyüşlər getdiyi, Murtəzaqulu xanın ələ keçirilib Buxaraya aparıldığı, onun anasının Din Məhəmməd xanın qızı olduğuna görə Buxarada yüksək səviyyədə qarşılanması, hətta özbək xanlarının bu qohumluğa görə Xorasanı tərk etməsi haqqında fikirlər səslənir. Əslində isə özbək xanları Xorasanda çox ciddi müqavimətlə qarşılaşıb çoxlu itki verərək geri çəkilməyə məcbur olmuşdular. Mərkəzi Asiya xanları ilə savaşın gedişində Murtəzaqulu xan Qacar əsir götürüldükdə, Şah Şamlı əyanlarından Nəğdi bəyə xan rütbəsi verib, onu Mərvə bəylərbəyi təyin etmişdi. O, qısa müddətdə Mərvin köçürülmüş və qaçqın sakinlərini geri qaytarmış, tikinti-təmir və təsərrüfat işlərini qaydaya salmışdı. Bu zaman Bəhram bəy Ustaclının da Sistan hakimi olduğunu görürük.
Murtəzaqulu xan Buxaradan geri qayıtdıqda faktiki olaraq Mərv bəylərbəyi olduğuna görə Məşhədə gəlir və bir neçə ildən sonra I Şah Səfi onun Buxara səfərində Səfəvi şahlığına xəyanət etmədiyini, sədaqətli olduğunu nəzərə alıb Mərvə öz vəzifəsinə göndərir. 1643-cü ildə Murtəzaqulu xan Məşhədə, Xosrov xanın qardaşı Əliqulu xan da Mərvə hakim təyin edilir. 1648-ci ildə Əliqulu xan öldürülmüş, Mərvə hakim onun oğlu göndərilmişdi.
Göründüyü kimi, Sistan və Mərvdə də Səfəvi dövlətinin Qızılbaş-Türk elləri, obalarından ibarət güclü sosial bazası və hərbi dayağı vardı. Bu barədə dövrün Avropa ədəbiyyatında da məlumatlara təsadüf edilir. Pyetro della Vale Qızılbaş-Türk ellərindən Türkmən elinin Azərbaycanda, Osmanlı ərazisində yayılma arealı haqqında qısa məlumat vermiş və bu elin Sistan, Astrabadda da şəhərlərdə, kəndlərdə sakin olduqlarını və onların bir qisminin də köçəbə (yarımköçəri) olub, heyvandarlıqla məşğul olduqlarını, özlərinin xanları, sultanları olduğunu, ancaq Şaha sədaqətlə xidmət etdiklərini yazmışdı.
Gəraylı eli ulkası, Hacılar eli ulkası, Cəlayir eli ulkası, Qaraçöp və Səhra üzü bölüyü, Göklən və Yomut mahal və ulkalarının "Təzkirət əl-müluk"da Astrabad bəylərbəyiliyin tərkibində olduqları qeyd edilir. Türk Gəraylı tirəsi Astrabad əyaləti əhalisinin əsas hissəsini təşkil edirdi. Gəraylı obaları Xorasan ərazisində də müxtəlif bölgələrdə məskun idilər.
I Şah Səfinin hakimiyyətinin ilk illərində Əliyar xan və qardaşları Mənsur xanın, Şahsuvar xanın Gəraylı elinin əmirlərindən olduqlarını görürük. Boz Oxun Ağcalı obasına bağlı olan Hacılar adlı bir neçə oba isə Kəbud Məscid mahalında
yaşayırdılar. Ağcalı Qacar eli obalarındandır. "Xülasət üs-siyər"də göstərilir ki, Qarabağ bəylərbəyi Şahverdi sultan Ziyadoğlu Qacarın sağlığında böyük oğlu Xəlil xan Astrabada bəylərbəyi və həm də buradakı Qacar obasına əmir təyin edilmişdi.Türkman Qaraçöp obası, Göklən eli, Yomut eli də Astrabad vilayətində məskun olub, Göğlən elinin ulkası Qorqanda, Yomut elinin ulkası isə Astrabadın şimal-şərqində idi.
H. 955 (1548)-ci ildə Həmzə Sultan Qazaxın oğlu Şahqulu sultan Ustaclı Astrabad hakimi idi. F. Sümər yazır ki, Şahqulu sultan Ustaclı Kirman, Məşhəd, Çuxur-Səd əmirliklərində də hakim olmuş, 1567-1568-ci illərdə İstanbula elçi göndərilmişdi. H. 957 (1550)-ci ildə Astrabada hakim Keçəl Şahverdi təyin edilmiş və o, elə həmin ildə də Yaka Türkmanlarla savaşda öldürülmüşdü. 1577-ci ildə Sultan Məhəmmət tərəfindən Astrabada Zülqədər elinin Hacılar obasından İbrahim xanın əmisi oğlu Məhəmməd xan hakim təyin edilmişdi. O, 1578-ci ildə Şirvana bəylərbəyi göndərildiyinə görə Astrabadda tutduğu vəzifədən azad edilmişdi. 1581-ci ildə Herat hakimi Əliqulu xan Şamlı, Mürşüdqulu xan Ustaclı və Xorasanın bir çox Qızılbaş əmirləri Abbas Mirzəni şah elan etdikdə Sultan Məhəmməd Əliqulu xanla hesablaşmağa məcbur olub, Murtəzəqulu xanı Məşhəddə tutduğu vəzifədən azad edib Astrabada hakim göndərmişdi.
I Şah Abbasın dövründə Astrabadın Kəbud Came bölgəsində Zülqədər elinin Hacılar obasından Müstədam sultanın da hakim olması barədə mənbələrdə məlumat var. İsgəndər bəy yazır ki, Şah 1588-ci ildə qorçubaşı Bədr xan Əfşarı Asrabad əyalət və mülkünə hakim göndərib, Xar və Simnan hakimi Əhməd sultan
Zülqədəri də ona köməkçi təyin edir. 1597-ci ildə Zülqədər elinin Eymur obasından olan Məhəmməd xan atası Əliyar xan vəfat etdikdən sonra Astrabad hakimi olmuşdu. O, Yaka Türkmənin Oxlu oymağı tərəfindən qətlə düçar olur və yerinə kiçik qardaşı Qılıc bəy təyin edilir. İsgəndər bəy Münşi yazır ki, I Şah Abbas tərəfindən Fulad xan öldürüldükdən sonra Astrabad hakimliyi Hüseyn xan Qacara (1598) verilmiş və o Qarabağın geri alınması uğrunda savaşa qoşulana qədər (1603-1604) burada hakim olmuşdu.
Astrabad bəylərbəyi olan Qara xan melanxolik olduğu üçün 1638-ci ildə intihar etmiş, bura nazir-i biyutat Hüseyn xan hakim təyin olunmuşdu. Həmin ldə Astrabadda Gəraylı eli ulkası Əliyar bəyə verilir. Bu zaman Yaka Türkmən boylarından olan Gəraylılar da Səfəvilərə tabe olub, onların bir bölüyü Astrabadda məskun idi. 1641-ci ildə Astrabad hakimi Hüseyn xan vəfat edir və bura Mehrab xan hakim təyin edilir. Mehrab xandan sonra Astrabadda 1653-cü ildə onun qardaşı Hacı Mənuçöhr xan hakim olmuşdu. "Təzkirət əl-müluk"da Darolmərz (sərhəd bölgəsi) adı ilə qeyd olunan Gilan Biye-Pas (mərkəzi Rərşt şəhəri idi) və Biye-Piş (Lahican) adlı iki inzibati bölgədən ibarət olub, hər iki bölgəni Səfəvilərə tabe olan yerli sülalə idarə edirdi. Biye Pas hakimi Əmir Dibacın başçılığı altında 1535-ci ildə Səfəvi dövlətinə qarşı başlanan qiyam yatırıldıqdan sonra Şah onun malikanəsinin idarə olunmasını Biye-Piş hakimi Əhməd xana tapşırmışdı. Ancaq 1568-ci ildə Şah Biye Pası Əmir Dibacın oğlu Cəmşid xana qaytarmaq istədikdə, Əhməd xan Şaha qarşı çıxdı. Əhməd xan məğlub oldu və hakimiyyətdən devrilib Şiraz yaxınlığındakı İstəhr qalasında həbsxanaya salındı. Şah oğlu Mahmud Mirzəni Gilana canişin göndərdi və bu bölgə Ustaclı və başqa tükr ellərinin əmirləri arasında ulkalara bölündü (1570). İsgəndər bəy Münşi yazır ki, Əhməd xan həbs edildikdən sonra Lahican əyaləti və mülkü Allahqulu sultan İçikoğlu Ustaclıya ulka verilir. Ancaq Şah Məhəmməd Xudabəndə Əhməd xanı həbsdən azad edib, onun Biye-Pişdə hakimiyyətini bərpa etmişdi. O, mərkəzi hakimiyyətdən narazı olan yerli əyanları ərafına toplayıb hakimiyyətə qarşı çıxdıqda Şah İmamqulu Mirzəni Gilana Mahmud Mirzənin yerinə vali təyin edir.
Allahqulu sultan İçikoğlu isə qiyamçılarla mübarizədə acizlik göstərdiyinə görə ulkası alınıb Pirə Məhəmməd xan Ustaclıya verilir. Əhməd xan 1590-cı ildə Səfəvi dövlətinin zəifləməsindən istifadə edib, açıq şəkildə şahlıqdan ayrıldığını elan etmiş və Osmanlı sultanı ilə danışıqlara başlamışdı. Asi əmirlərə Gilanda sığnacaq vermiş Əhməd xan 1592-ci ildə vəkili Xacə Hüsaməddini Şirvan yolu ilə İstanbula Sultanın yanına göndərmişdi. O, elçi ilə Sultana çatdırdı ki, Gilan vilayəti onun irsi mülküdü və bu mülkün Osmanlı dövləti tərkibinə daxil edilməsinə razıdır. Elçi Sultanla danışıqlarda bildirir ki, əgər Şirvandakı əsgəri heyətdən bir alay Gilana göndərilsə, Lahican qalası onlara təslim ediləcək. Belə olan halda Osmanlı ordusu Lahıcana çox yaxın olan Qəzvini və daha sonra İraqı da asanlıqla tuta bilər. Ancaq Əhməd xan Şah ordusu tərəfindən məğlub edildi və hakimiyyətdən devrildi. I Şah Abbas 1592-ci ildə Gilanı xassəyə çevirdi.
Pyetro dela Vale də yazır ki, vaxtilə Gilanın müstəqil hakimi olmuş, ancaq o, Şah Abbasa tabe olmayaraq ixtişaşa başladığına görə, bu ölkə Şah tərəfindən çətin savaşla tutulmuşdu. Artıq bu vilayət birbaşa Şahın nəzarəti altında idarə olunur. Xanı yoxdur. Ona aid işləri Gilan vəziri adlanan vəzir icra edir. Sanson da bu vilayətin iqamətgahı Rəşt şəhərində olan vəzir tərəfindən idarə olunduğunu yazmışdı. Hər iki müəllifin qeydlərindən aydın olur ki, Gilan məmaliki məhrusə, yəni Şahın hakimiyyəti altında, ona tabe və qorunan ölkələrdən olub, 1592-ci ildən isə xassəyə çevrildiyinə görə, xan deyil, Şahın təyin etdiyi xüsusi vəzir tərəfindən idarə olunurdu. "Zeyl-i tarix-i alamara-yi Abbasi"də I Şah Səfinin dövründə h.1047-ci il hadisələrindən bəhs edilərkən Gilan vəziri Mirzə Tağı Dövlətabadi İsfahanin tutduğu vəzifədən azad edilməsi, onun yanında sahibrəqəm vəzifəsində
çalışan və İsgəndər bəy Münşi Türkmanın qardaşı oğlu olan Mirzə Saleh Türkmanın Gilana vəzir təyin edildiyi göstərilmişdi.
"Təzkirət əl-müluk"da XVII yüzillikdə Gilanın Kəskər, Kəhdam, Ranku, Tənkabon mahallarından ibarət olduğu göstərilib. Ancaq İsəgəndər bəy Münşinin əsərində Gilana vəzirlə yanaşı, hakim təyin edilməsi faktına da təsadüf edilir.
Mehdiqulu xan Şamlı Gilana əmir əl-üməra təyin edilib, Lahican da ona ulka verilmişdi. Xacə Məsih Gilani isə Gilana vəzir təyin olunmuş. Ranqu Vəli sultan sufiyə ulka verilir. Biye-Pasa isə Əli xan hakim təyin olunur. Bu zaman Oğuzun Çəpni oymağının bir çox obaları Gilanda məskun idilər. Ehtimal ki, onların əmirlərinin də Gilanda ulkaları vardı. İsgəndər bəy Türkmanın əsərində Çəpni əmirlərindən 1595-ci ildə Fumənə hakim təyin edilən Uğurlu sultanın adı çəkilir. Heydər sultan Qoylahisarlı Rumlu XVII əsrin 30-cu illərində Tənkabon hakimi idi. Onun mənsub olduğu Qoylahisarlı obasının bir qismi Tənkabonda məskun olub, onlara bu mahalda ulkalar da verilmişdi. Özbəklər Nişapuru 1594-cü ildə yenidən tutduqda, buranın hakimi Dərviş Məhəmməd xan Rumlu Gilanda Lahicana (Biye Piş) əmir ül-üməra təyin edilir və o, burada çox böyük başarılar göstərmişdi.
"Təzkirət əl-müluk"da adı qeyd olunan Kirman isə Güney-Doğuda olub, sərhəd vilayəti deyildi, xassə əmlakı tərkibinə daxil olub, sərkare xassey-i şərifə tərəfindən idarə edilirdi.
"Təzkirət əl-müluk"da adı çəkilən İraq ayrıca vilayət idi. Adam Oleari yazır ki, o birisi İraq iki ölkənin ortasında (Yəni Azərbaycanla Fars arasında – Z.B.) yerləşir və Farsla yaxud Persiya ilə həmsərhəddir. Birincidən fərqli olaraq o, Əcəm İraqı adlanır. Əhəmiyyətinə görə ən mühüm şəhəri İsfahandır. Senkan, Kaşan, Savə, Rey, Həmədan, Qum, Şəhrizor, Dərəcəzeyn, Tehran və Qülpayeqan da Əcəm İraqındadır.
"Təzkirət əl-müluk"da Qələmrov (tabe olan ərazi) bəylərbəyiliyinə tabe olan mahal və ulkaların Kərus, Zərinkəmər ulkası və Tğanmin (?), Həştadcüft ulkası, Hersin, Kəlhor, Xar və Simnan, Savə və Havə, Rey ulkasından ibarət olduğu göstərilmişdi. İsgəndər bəy Münşiyə görə Nəhavənd də Həmədana tabe olub, əhalisinin çoxu türk idi. Həmədan Səfəvilər dövrünün qaynaqlarında Qələmrov adı ilə yazıya alınıb. Ancaq Qaraqoyunlular dövründə Həmədana Əlişəkər deyilirdi.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor