
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın Mərkəzi Asiya dövlətləri, eləcə də Özbəkistanla yaxın dostluq və qardaşlıq münasibətlərinin vəziyyətinə toxunaraq tərəflərin birgə səyləri ilə möhkəmlənən əməkdaşlıq formatının regional inkişafa verdiyi əvəzsiz töhfələri geniş rakursdan dəyərləndirib.
Vurğulandığı kimi, Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın fiziki quru bağlantısının olmamasına baxmayaraq, Xəzər dənizi bu coğrafiya ilə mühüm birləşdirici amil olmaqla strateji birliyin, iqtisadi potensialın və əməkdaşlığın rəmzinə çevrilib ki, bu da son illərdə bölgədə daha güclü və sarsılmaz geosiyasi məkanı, inteqrasiya platformasını formalaşdırıb.
Məhz bu yaxın siyasi-iqtisadi, mədəni təmasların intensivləşməsi nəticəsində dövlət başçılarının qarşılıqlı səfərlərinin də ardıcıl xarakter daşıyaraq ənənə halını almasına səbəb olub. Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 dəfə, Azərbaycanın Lideri isə bu regiona 13 dəfə səfər ediblər. Hər səfər yeni imkan və fürsət, münasibətlərin daha da irəliyə aparılması üçün növbəti addım deməkdir. Bu qarşılıqlı səfərlərin yekununda Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında yüksəksəviyyəli anlaşma əldə olunaraq mühüm siyasi, iqtisadi, humanitar, elmi-mədəni sazişlər imzalanır.
Eyni zamanda, dost və qardaş dövlətlərin siyasi liderləri müştərək fəaliyyət prinsiplərini və strateji niyyətlərini bəyan edərək vahid əməkdaşlıq və həmrəylik təsisatlarını yaradırlar. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü də məhz bu qətiyyətli birliyin, siyasi iradənin möhkəm siyasi formatıdır. Azərbaycan Prezidentinin 2023-cü ildə Düşənbədə, 2024-cü ildə Astanada keçirilən Məşvərət görüşündə iştirakı olduqca uğurlu yekunla tamamlanıb və Daşkənddə keçirilən 7-ci Məşvərət görüşü bu siyasi ənənənin nümunəsi hesab edilməklə, siyasi, iqtisadi, nəqliyyat, investisiya, enerji, mədəni, humanitar və rəqəmsal transformasiya sahələrində çoxsəviyyəli əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli mərhələni başladacaq.
Mərkəzi Asiyanın inkişaf etmiş dövlətlərindən biri olan Özbəkistanla Azərbaycan arasında əlaqələr isə son illərdə daha intensivliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irsə söykənən ayrılmaz bağlantılar diplomatik münasibətlərin qurulduğu ötən 30 ildə hər il yüksələrək müttəfiqlik səviyyəsinə qalxıb. Münasibətlərin inkişafına təsir edən ən mühüm amillərdən biri Prezidentlərin şəxsi etimad və dostluğudur, bu dərin etibar çoxşaxəli əməkdaşlığın yeni prioritetlərini müəyyənləşdirir, mühüm sazişlərin imzalanmasını təmin edır.
2024-cü ilin avqustunda cənab İlham Əliyevin Özbəkistana, cari ilin iyul ayında isə cənab Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı imzalanan “Strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025‒2029-cu illər üçün “Yol Xəritəsi”, eləcə də digər mühüm sənədlər tərəflər arasında yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından əhəmiyyətli təkanverici rola malikdir. Həmçinin, 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura da münasibətlərin inkişaf strategiyasının müəyyənləşdirilməsində xüsusi rol oynayır.
Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Ölkələrimiz Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.
Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyən Özbəkistan Qarabağın azad edilməsindən sonra başlanmış nəhəng quruculuq işlərinə öz qardaşlıq payını qataraq Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbi inşa edib. Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə olan Özbəkistan Xankəndidə tikiş fabriki açmaqla əsl qardaşlığını təsdiqləyib. Prezident Mirziyoyev isə öz dəstəyini ifadə etməklə nümunəvi həmrəylik, dostluq və qardaşlıq jesti ilə Azərbaycan xalqının yaddaşında dərin iz salıb.
İqtisadi-investisiya siyasətinə töhfə verən amillərdən biri iki dövlət arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın aktiv fəaliyyəti, eləcə də Azərbaycan-Özbəkistan Regional Forumunun təşəbbüskarlığıdır. Qarşılıqlı iqtisadi, ticari, investisiya potensiallarının artırılması yönündə atılan iradəli addımlar nəticəsində 2024-cü ildə 252 milyon dollar təşkil edən əmtəə dövriyyəsi 2025-ci ilin yanvar-sentyabr aylarında 87,5 faiz yüksələrək 319 milyon dollara çatıb. Eləcə də qarşılıqlı sərmayə qoyuluşlarını artır. 2023-cü ildə yaradılmış Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti praktiki olaraq sərmayə layihələrinin icrasını təmin edir. Bu dinamika birgə investisiya təşəbbüskarlığını daha da artırır, Azərbaycanda təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif istiqamətlərində fəaliyyət göstərir.
İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika və tranzit imkanlarının genişləndirilməsidir. Beynəlxalq Nəqliyyat Dəhlizində (Orta Dəhliz) aparıcı oyunçular olan hər iki dövlət 2024-cü ildə tranzit daşımalarını 18 faizdən çox artıraraq həcmin 1,3 milyon tonu keçməsinə nail olub, bu rəqəm 2025-ci ilin doqquz ayında isə bir milyon tona çatıb. Orta Dəhlizin əsas qovşaqlarından biri olacaq Zəngəzur dəhlizinin açılması isə Mərkəzi Asiya ölkələrinin, o cümlədən Özbəkistanın regional tranzit bağlantılarında yerini daha da möhkəmləndirəcək.
Energetika sektorunda əməkdaşlıq və “yaşıl enerji”nin inkişafı da prioritet istiqamət olaraq qalır. SOCAR Özbəkistana Azərbaycanın neft və neft-kimya məhsullarını ixrac edir. İki ölkənin səyi ilə yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla fəaliyyət göstərir.
2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji mənbələrinin təşviqinə dair saziş və memorandumlar imzalayıb ki, bu, regionun davamlı inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.
Ölkələrimiz arasında mədəni və humanitar əməkdaşlıq xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. 2023-cü ildə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub ki, bu tədbirlər zəngin mədəni irslərin bölüşmək, qarşılıqlı anlaşmanı zənginləşdirmək istəyini əks etdirir.
Ölkələrimiz arasında dostluğun rəmzi ifadəsi olaraq Daşkənddə Heydər Əliyev meydanı inşa edilib, Bakıda isə “Özbəkistan” parkının təməli qoyulub. Eləcə də regionlararası qardaşlaşma və tərəfdaşlıq münasibətləri qurulub ki, bu cür regionlararası əlaqələr təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın mədəni-humanitar gündəliyinin möhkəmləndirilməsinə səbəb olur.
Ramid Namazov
Milli Məclisin deputatı