Türkmənçay – 1828: tarixi xronika Hadisə

Türkmənçay – 1828: tarixi xronika

8-ci yazı

- Mən sizə böyük insan və hökmdar Napoleonun adını çəkə bilərəm, Rus hüdudlarında cəngə girişdi və bununla taxt-tacını itirdi. Əsl qəhrəman oldu: o, son gücünədək müdafiə olundu. Lakin siz. Ümumdünya işğalçısı kimi hər şeyi tutmaq istəyirsiniz, - vilayətlər, pul tələb edir və heç bir qeyd-şərt qəbul etmirsiniz.
- Ədalətsiz başlamış hər bir müharibənin qurtarmasından sonra biz hüdudlarımızı və bununla birgə onu keçməyə cəsarətlənmiş düşməndən uzaqlaşırıq. Bax, buna görə İrəvan və Naxçıvan əyalətlərinin güzəştə gedilməsini tələb edirik. Pul da həmçinin silah növüdür, onsuz müharibə aparmaq olmaz. Bu hərrac, hətta vurulmuş zərərə görə mükafat deyil, ali-həzrət, pul tələb etməklə düşməni uzun müddət bizə zərər vurmaq üsulundan məhrum edirik...
Biz xeyli haşiyə çıxmadan sonra yenidən gələcək sülh şərtlərinə müraciət etdik.
- Beləliklə, general Paskeviç sizin elan etdiyiniz təkliflərdə hər hansı ləğvi edə bilməz və ya istəməz? Biz barışıq bağlayırıq; o bunu edər; bu müddətdə mən özüm onun düşərgəsinə gələrəm, ona deyərəm ki, o mənə imperatora gedən yolu göstərsin, özüm Peterburqa yola düşər və ya mən şah vəliəhdi olduğum kimi, o da mənim varisim olan, böyük oğlumu göndərərəm..."
O, bu ideyanı mənə müxtəlif dəyişikliklərlə inkişaf etdirdi və hər dəfə mən ona xarıtlatdım ki, zati-aliniz hazırkı şəraitdə onu və ya Əmirzadə S.-Peterburqa buraxmaq hüququ yoxdur; bu niyyətini keçən il, imperatorun tacqoyması zamanı icra etmək daha rahat olardı. Şahzadə onda silahdan yapışmağı üstün tutdu; mən gizlətmək istəmirdim ki, hökmdar məhz və şəxsən Abbas Mirzənin özünə qəzəblənib.
O, yenidən dedi ki, bunu bilir, hiss edir, öz günahlarını yumağa, hökmdarın itirilmiş iltifatını qazanmağa hazırdır; o, bu inamı sonu görünmədən təkrar edirdi.
- Deyin, c. Qriboyedov, siz Təbrizdə yaşayırdınız, mən nə etmədim ki, sizinlə dostluğumuz qalsın? Məni nədə, traktata qarşı hansı hərəkətdə töhmətlədirə bilərsiniz? Mən vaxtilə general Yermolovun şikayət etdiyi Dağıstanda yayılan təhrikçi fərmanları onun yadına saldım.
- Siz onu görmüsünüzmü? Onlar haradadır? Bu mənim düşmənlərim Yermolov və Mazareviç tərəfindən uydurulmuş cəfəngiyyatdır, belə ki, guya Qafqazda öldürülmüş rusların qulaq və burunları ləzgilər tərəfindən Təbrizə, mənə gətirilib. Bunlar nə vaxt olub? Siz şahidsiniz ki, bunlar yalandır; halbuki imperator Aleksandr Peterburqda bunu Məmməd Hüseyn xana söyləmişdi; belə iftiralarla sizin məhrum imperatoru mənə qarşı təhrik etmişdilər və həmçinin məni onun xələfinin iltifatından məhrum etməyə nail olublar. Knyaz Menşikovla iş görmək olardı – ağıllı və hiyləgər olmayan adam idi; lakin o, hər dəfə qeyd-şərtlə deyirdi ki, artıq general Yermolovun mənə elan etdiyi təkliflərdən başqasını etmək səlahiyyətinə malik deyil. İndi əgər biz sizə əyalətləri versək, tələb olunan məbləği ödəsək, əvəzində nə alacağıq? Vaxt ötdükcə yetişən və yenidən müharibəyə gətirən gələcək ədavətə geniş vilayətlərdən imtina etdik, bizdən nə istəyirdilər hamısına razılaşdıq, - ingilislər buna şahiddir; sizin tərəfinizdən yeni iddialardan, dözülməz haqsızlıqdan başqa nə aldıq! Sülh yüz dəfələrlə müharibədən pisdir! İndi mənim elçilərim general Paskeviç tərəfindən mehribanlıqla qəbul olunur, onun mənə xəbərləri sülh adlandırılan dövrdən daha nəzakətlidir; mən on il ərzində dözdüyüm bütün təhqirlərin sayını itirmişəm. Xeyr! Mən və ya mənim oğlum – biz imperatorun yanına getməliyik... və i.a.
Mən... bizim üçün faydalı olan iş kimi barışığın şərtlərilə məşğul oldum. O haqda təklif onun tərəfindən oldu. O istəyirdi ki, biz Qarabağa, o isə Təbrizə çəkilsin, qarnizonunun azuqəsini üzərinə götürdüyü Abbasabaddan başqa Naxçıvan əyaləti təmizlənsin və neytral hesab olunsun. Biz bir çox məsələdə razı idik; mən bəzilərini rədd etdim, heç nədə şərtləşmədik və mən bir neçə saatlıq macal verilməsini xahiş etdim ki, barışıq layihəsini düşünüm və ona yazım.
- Xeyir! İndi həll edilməlidir, mən sizin məktubunuzu istəmirəm. Allah xatirinə, yazmayın, siz sonra bir sözdən də çəkilmirsiniz.
Onda qurtardıq ki, mən özümdə hərbi əməliyyatların müvəqqəti kəsilməsi keçən şərtləri hazırlayır və sonra ona təqdim edirəm. Salam çay kimi axdı, tərif, mədh az və ya çox dözülən idi... Bizim danışıqlarımız altı saat davam etdi. Axşam qabağı mən öz yerimə gəldim.
Mən gecə zati-alinizdən verilən təlimat üzrə barışıq layihəsini yazdım. Sonra onu tərcümə etdirdim. Təsadüf işi başa çatdırmaq üçün əlverişli oldu: Abbas Mirzə özü buna ilk olaraq bəhanə vermişdi...


***

22 (iyul). Sübh tezdən mən orijinalı Abbas Mirzəyə göndərmək niyyətində olduğum kağızların tərcüməsilə tutuşdurdum. Mirzə Məhəmməd Əli Mustafa mənə baş çəkdi və bütün səhəri danışdı... Mən yeri gəlmişkən, bizim bir dəqiqə olsa da ikilikdə qala bilmədiyimiz üzündən bu ərəfədə Şahzadəyə deyə bilmədiyimi Mirzə Məhəmməd Əliyə bütün Azərbaycan bizim əlimizdə olduqda onun gələcəkdəki pis taleyi haqqında, şah tərəfindən ona bəxş edilmiş padşah mülkündən məhrum olmaq və bu məhrumiyyətə görə özünə, öz ehtiyatsızlığına borclu olduğu üçün qardaşları arasında hansı sifətlə təmsil olunacağını, əgər müharibə davam edərsə, İrana üz verəcək bütün bədbəxtliklərin ona yazılacağını, bunun isə əlbəttə, onun irsi hüququnu nəinki təsdiq etməyəcəyini, ola bilsin taxt-tacdan uzaqlaşdırılacağını dedim. Mirzə Məhəmməd Əli hər şeydə razılaşdı və mənim sözlərimi Abbas Mirzəyə çatdırdı, bu haqda o özü sonra mənə dedi.
Mən kağızlarımı ona göndərdim və həmin gün ikinci dəfə onun yanına getməli idim; bunun əvəzinə bütün bədənimdə güclü hərarət, baş ağrısı hiss etdim və zərərli iqlimin nəticəsi kimi isitmənin bütün əlamətləri ilə yorğan-döşəyə düşdüm. Civə günorta 40 dərəcə istiyədək qalxmış, ötən gecə donma nöqtəsindən 8-dək enmişdi...
23-də (iyul) mən yüngülləşmə hiss etdim, lakin hələ yorğan- döşəkdən qalxa bilmədim. Mirzə İsmayıl Şahzadənin sözlərilə tərtib olunmuş və Çorsa iki fərsəng yaxınlaşmış şahın bəyəndiyi barışıq layihəsini gətirdi. Çaparlar dayanmadan şahın yanına və onun yanından çapırdılar.
İran tərəfindən tələb olunurdu ki, biz Abbas-Abaddan başqa Naxçıvan əyalətini, həmiçinin Allah məbədinin mühafizəsi üçün onların və bizim iki pristavın olduğu, lakin nə rus, nə də İran qoşunlarının qalmadığı Ermiədzini tərk etməli idi. Müzakirələr sübhdən davam etdirildi. Günortadan 3 saat keçmiş Mirzə Məhəmməd Əli gəldi və onu bərpa etdi, məni gecə keçənədək saxladılar; bir çoxuna razılaşdıq; onların bizim Eçmiədzin və Naxçıvan əyalətlərini tərk etmək haqqında maddəsi silindi. Bütün bununla heç nə bitmədi.
24-də (iyul) mən hələ zəif idim; lakin işi həqiqi məqsədindən ayıran, danışıqların faydasızlığını görüb, məzuniyyət xahiş etdim. Mirzə Məhəmməd Əli Mustafa, Mirzə İsmayıl və Mirzə Saleh yenidən mənim yanıma gəldi və mən bütün gün ərzində XII yüzilin şivəsinə dözməli oldum. Başlıca ixtilaf bunda idi ki, İran tərəfdən 10 aylıq barışıq tələb olunurdu. Mirzə Məhəmməd Əli mənə açıq elan etdi ki, bu bütün əyaləti var-yoxdan çıxaran şah, onun sarayını və qoşununu Xoydan uzaqlaşdırmaq üçün lazımdır. Mən ona hiss etdirdim ki, bu səbəblər yalnız onların nəfinə üzürlüdür; lakin biz də qərəzsiz olaraq öz xeyrimizi gözləməliyik.
Nəhayət, barışıq haqqında mühakimələrin yalnız mənə düşərgədə saxlamaq üçün bəhanə olduğunu görüb, hərbi əməliyyatların kəsilməsinə ehtiyacımız olmadığını elan etdim; bu barədə ilk fikir Şahzadəyə məxsusdur. Lakin mənim Abbas Mirzəyə ciddi məsləhim oldu: diyarın, yaşı keçmiş şahın şəxsiyyətinin sakitləşdirilməsi və öz təhlükəsizliyi üçün məlum şərtlərlə ona bağışlanan sadə sülhü qəbul etsin. Çox uzun danışdılar…
- Bu plan bizdə, -mən dedim, - çox məhşurdur və olduqca real hesab olunur; lakin onun icrasına qeyri-ixtiyari olaraq sizin inad göstərərək özünüzün başladığınız müharibəni uzadacağınız ifrat halda başlayacaqlar. Ali-həzrətə deyin ki, ondansa yaxşısı şərtləri qəbul etməkdir. Bu və digər çoxlanı mən hədədən daha çox xəyalat kimi təklif etdim.
Mən axşamdan və sabahısı gün tezdən israrla məzuniyyət haqqında tələbimi təkrar etdim. 25-də (iyul) sübh tezdən Şahzadənin yanına götürməkdən ötəri mənim dalımca Hacı Məcid Ağa gəldi. Onun yanında iki qardaşı, Əlinağı Mirzə Qəzvinli, Məmmədqasım Mirzə Urmiyalı və Asif-əd-doulo Allahyar xan, həmçinin içərisində mənim tanımadığım, lakin sonra mənə deyildiyinə görə İrəvan sərdarının qardaşı Həsən xanın olduğu bir neçə nəfər var idi. O, mənim düşərgədə olduğum bütün dövr ərzində bizimlə hər cür yaxınlaşmanın əleyhinə güclü danışır, şahın yanına gedib pul və İrəvan əyalətinin müdafiəsi üçün qoşun xahiş edirdi.
Mən güman edirdim ki, bu qədər əhəmiyyətli şahidlərin yanında bizim şərtlər ya təntənəli şəkildə rədd olunacaq, ya da onun haqqında mühakimələr olacaq, nə o, nə də o birisi olmadı. Şahzadənin səsi ən acizanə idi... on aylıq barışıq xahiş edirdi. Mirzə Məhəmməd Əli ona bildirdi ki, mən onların təmiz ürəkliyinə inanmıram, Allahyar xan buna fövqəladə dərəcədə təəccübləndi. Mən izah etməyə tələsdim ki, ötən il də Əmirzadəni imperatorun yanına göndərmək qərara alınmışdı və bunun əvəzinə onların qoşunu bizim sərhədlərimizə hücum etdi...
Mən yeri gəlmişkən sezdim ki, Mehdiqulu xanın bizim tərəfə keçməsi etimad məsələsində farsları çox qayğılandırıb, ona görə ki, bu hadisə Rusiya himayəsini axtarmağı arzulayan hər kəsi təlqin edir. Abbas Mirzə mənə dedi:
- Mən general Paskeviçin ən təhlükəli silahını özünün və bizim müsəlmanlara göstərdiyi insan sevgisi və ədalətini hesab edirəm. Biz hamımız bilirik, o özünü İrəvandan Naxçıvanadək …necə apardı, soldatlar heç kimi incitmədilər və o, hamını dostcasına qəbul etdi. Özgə xalqda etimad qazanmağın bu yolu mənə də məlumdur, təəssüf ki, bütün İranda təkcə mən bunu başa düşürəm, mən türklərə qarşı, ötən il isə Qarabağda belə hərəkət etdim. Digər tərəfdən Həsən xan nə qədər bacarır, sizə səy göstərdi və bütün Gürcüstanın özünə qarşı qızışdırdı. General Yermolov yeni Çingiz xan kimi məndən bədbəxt əyalətlərin boşaldılması ilə qisas alardı, kim ələ keçərsə, öldürülməsinə hökm edərdi və onda bu vaxt məndə Azərbaycanın xəzinədən nə maaş, nə də azuqə tələb etməyən üçdə ikisi silaha sarılardı.
Mən ona cavab verdim ki, hazırkı baş komandan kimi general Yermolov da elə həmin məqsədə görə müxtəlif yollarla çalışmaqla dövlətin mənafeyinə əməl edib.
O, 5 iyul döyüşü (Abbas-Abad - K.Ş.) haqqımda çox açıq danışır... Yelizavetpol haqqında, Aslandüz haqqında da mənə eyni səmimiyyətlə danışdı...

Kərim Şükürov
professor