Mən vətəndaşam, cənab yol polisi Hadisə

Mən vətəndaşam, cənab yol polisi

Elçin Mirzəbəyli

...Bəlkə də ömrümdə ilk dəfədir ki, bir yazını qələmə almaq üçün bu qədər tərəddüd edirəm. Sadəcə ənənəmə uyğun olaraq, hələ dünyaya gəlməmiş bir yazıya ad da vermişəm: "Mən vətəndaşam, cənab yol polisi".
Əslində bütün ömrüm belə keçib. Reallaşmamış arzularıma ad qoymaqla...
...Hər kəsin həyatında onu daxilən sarsıdan və keçdiyi yola yenidən baxmağa vadar edən bir hadisə baş verir, şübhəsiz. Bəlkə daha çox... Deyə bilmərəm. Ömrüm ruhumu dəlik-dəlik edən hadisələrin bolluğu ilə keçib. Az qala hər addımda dönüb geriyə baxmağa məcbur olmuşam. Amma sarsılmamışam. Gəldiyim və getdiyim yolun doğruluğuna əmin olduğum üçün...
Bir neçə gün öncə qarşılaşdığım hadisə isə məni sözün əsil mənasında sarsıtdı... Əslində elə də önəmli bir olay deyildi, diqqət yetirməmək də olardı. Bəlkə də illərin içimdə düyünlədiyi sarsıntıların üzə vurmasına vəsilə oldu bu hadisə...
Hələ də tərəddüd edirəm, yazım, yoxsa yazmayım...
...Yazım, ən azı içimi boşaltmaq, azacıq da olsa yüngülləşmək üçün...
...Paytaxtın adi günlərindən biriydi. Bibi Heybət məscidinin önündən geriyə dönüb hər həftənin bazar günü gəldiyim yolla evə baş çəkmək istəyirdim. Yol polisinə məxsus 2 avtomobil yolu bağladığı üçün dayanmalı oldum. Qısa müddətdən sonra sağ tərəfimdəki avtomobil sahibi əli ilə işarə edib səbirsizləndiyini və geriyə qayıtmaq istədiyini bildirdi. Avtomobilimi irəli, yolkəsənlərin maşınlarına tərəf sürmək məcburiyyətində qaldım. Bu isə deyəsən sarı jileti rütbəsinin üstünü qapamış gənc polisin xoşuna gəlmədi. İrəli yürüyüb sağa-sola var-gəl eləməyə başladı. Fürsətdən istifadə edib yolun nə zaman açılacağını soruşdum. Acıqlı-acıqlı və aşırı bir hikkə ilə "tədbirdi, bəlkə 3 saata, bəlkə də daha çox" dedi. Daha sonra avtomobilinə tərəf irəlilədi. Birdən nə isə düşünüb geri qayıtdı və aramızda bəlkə də heç vaxt unutmayacağım bir dialoq başladı:
- Maşını burda niyə saxlamısan?
- Bəs harda saxlamalıyam ki?
- Nə bilim harda... Bir kənara ver saxla.
- Sən o "kənarı" mənə göstər mən də gedib orda saxlayım. Sağ-sol hər tərəf maşınla doludu... Mən evə baş çəkməliyəm. Təxminən 100 metrlik məsafə var, getmək üçün başqa yol da yoxdu...
- Maşını burda saxla, get. Tədbir qurtarandan sonra gəlib götürərsən.
- Bəs deyirsən burda saxlamaq olmaz...
- Daha saxlamısan da... Get tədbir bitəndən sonra gələrsən.
- Axı deyirsən tədbir 3 saat, bəlkə daha çox çəkəcək. Bəlkə yol tez açıldı. Maşın yolu kəsdiyi üçün evakuator çağırmalı olacaqsınız...
Yol polisi birdən qəhqəhə çəkib iztehza ilə dedi:
- Görürsən, heç nə bilmirsən. Dünyadan xəbərin yoxdu. Yol polisi evakuator çağırmır ki, "post-patrul" çağırır...
- Sən zəmanət verirsən ki, dediyin o "post-patrul" evakuator çağırıb mənim avtomobilimi cərimə meydaçasına aparmayacaq?
- Yox, mən niyə zəmanət verim ki... Birdəki kimə lazımdı e.... sənin... maşının. Bu nə maşındı ki... hələ bir toxunsunlar da...(qəhqəhə çəkir). Sən kimsən axı?
- Mən, vətəndaşam, bəs sən kimsən?
- Mən vətəndaş deyiləm, yol polisiyəm...
- Düz deyirsən, sən yol polisisən, vətəndaş deyilsən. Bu vətənin sənin kimi vətəndaşı ola bilməz. Yerə də yəqin ya Aydan, ya da Marsdan gəlmisən... Ona görə də hər kəsə yuxarıdan aşağı baxırsan.
...Elə bu zaman övladının qızdırma içində yandığını deyən və bunu yol polisinə izah etməyə çalışan qadın sürücünün səsi ətrafdakı insanların nəfəs almadan dinlədiyi dialoqumuza son qoyur. Təəssüf ki, qadın sürücünün dediklərini yaza bilməyəcəyəm. Amma hələ də qulaqlarımda səslənən qarşılıqlı söyüşləri xatırlayanda utanıram. Vətəndaşın yol polisinə, yol polisinin vətəndaşa olan bu iyrənc davranışlarına görə xəcalət çəkirəm...
...Sükan arxasına keçib geri qayıdıram. Yolun açılacağını gözləməyə və hikkəli, təkəbbürlü yol polisi ilə dialoqu davam etdirməyə səbrim çatmır. Onsuz da aylardı köçə bilmədiyim mənzilimə sadəcə baş çəkmək istəyirdim. Orda məni heç kim gözləmirdi... Yol polisi mənim özümə dərd elədiyim qayğılardan xəbər tutsaydı yəqin ki, daha ucadan qəhqəhə çəkərdi... Dostlarımın dəstəyi və gözümün nuru hesabına çətinliklə əldə elədiyim avtomobilimə iztehza ilə baxıb güldüyü kimi...
Onun nə vecinə... Axtarsan, arasan saysız-hesabsız sahibi çıxacaq yəqin. Kiminsə qohumu, kiminsə uşağıdır, bəlkə də...
Mən kiməm ki... Gözlərinin işığını qaranlıq yolları aydınlatmaq üçün fəda edən, Vətən deyəndə dodağı yüz yerdən çat verən, Azərbaycanın istiqlalını bütün dərdlərinin çarəsi sayan, üç rəngli, müqəddəs Azərbaycan bayrağının yüksəklərdə dalğalandığını görəndə göz yaşlarını saxlaya bilməyən dünənin adamı və yaxud bir çoxları üçün toz basmış arxiv materialını xatırladan itirilmiş vaxtın adamlarından biri... Dövlətin uşağı... Bilirsiniz nə deməkdi dövlətin uşağı olmaq?
"Yetimxana"da böyümək deməkdi... Orada böyüyən uşaqlar valideynlərini, hətta onların üzlərini görməsələr də belə başqalarından daha çox sevirlər. Təmənnasız, qarşılığını gözləmədən! Dövlətin uşağı olmaq sevməyi bacarmaq deməkdi...
Geri qayıdıram...
Hər bazar günü "nə zamansa rahat yaşaya biləcəyəm" deyə xoşbəxt olduğum mənzilimin divarlarıyla salamlaşa bilmədim bu gün...
Yol polsinin bəyənmədiyi avtomobilimi yolun bir kənarına verib saxlayıram. Bayraq meydanı və üçrəngli Azərbaycan bayrağı burdan daha əzəmətli, daha aydın görünür və mən indi hər zaman olduğundan daha çox xoşbəxtəm!