Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanları Hadisə

Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanları

Milli dövlətçiliyə qarşı ermənilərlə yanaşı daha bir qorxulu qüvvə bolşeviklər idi...

Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdikdən sonra dövlətin və dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün müstəqil xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Ancaq müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin maddi imkanları, kadr potensialı, hökumətin hələlik müvəqqəti paytaxt seçdiyi Gəncədə fəaliyyət göstərməsi və Bakıya daxil ola bilməməsi belə bir addımın reallaşmasına maneə törədirdi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı. "Kəşfiyyat və əks kəşfiyyat" adlanan həmin qurumun konkret nə zaman yaradılması barədə dəqiq məlumat olmasa da, mövcud arxiv materialları həmin bölmənin 1918-ci ildə yaradılması ehtimalını təsdiqləyir. Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarının təşəkkül dövrü 1919-cu ilə təsadüf edir.
Ordunun təlim-tərbiyəsini, döyüş hazırlığını daha da gücləndirmək, təsərrüfat və təminat qayğılarını həll etmək məqsədi ilə 1919-cu il mart ayının 26-da Ərkani-hərb (Baş qərargah) təsis edildi. Hərbi nazir Səməd bəy Mehmandarovun fikrincə, indiyədək belə bir qurumun yaradılmamasının əsas səbəbi yüksək hazırlıqlı kadrlara ehtiyacla bağlı idi. Səməd bəy Mehandarovun dəvəti ilə Krımdan gəlmiş, milliyyətcə tatar olan general-leytenant Məmməd bəy Aleksandroviç Sulkeviç (əsl adı Maçeybəy idi) 26 mart 1919-cu il tarixli 147 saylı əmrlə Ərkani-hərbin rəisi təyin olundu və həmin vaxtdan etibarən Hərbi Nazirliyin strukturunun yenidən formalaşdırılmasına başlandı.
Təhdidlərin artdığı və torpaqların işğal təhlükəsi ilə üzləşdiyi bir vaxtda kiçik qurumla böyük işlər görmək və ölkənin hərbi, ümumən milli təhlükəsizliyini təmin etmək çətin idi. Xüsusilə, denikinçilərin 1919-cu ilin aprel ayında Dağıstana və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda, Azərbaycan üçün də təhlükəli idi. Denikinçi zabitlər çar Rusiyası ordusunun mundirində Bakının küçələrini dolaşır, Denikinin xeyrinə təbliğat aparır (xüsusilə də ruslar arasında), ağqvardiyaçıları müdafiə edən könüllü ordunun sıralarını genişləndirir, təxribat törətmək və hərbi sirləri öyrənmək məqsədi ilə yenicə yaranmaqda olan Azərbaycan ordusunun tərkibinə daxil olurdular. Belə şəxslərdən ibarət Azərbaycanda geniş casus şəbəkəsi qurmağa nail olan Denikin və onun tərəfdarları Bakıda gizli silah-sursat bazaları da yaradırdılar. İlk təhlükəsizlik orqanlarının gənc əməkdaşlarının səyləri ilə həmin bazalardan biri Balaxanı və Krasnovodsk küçələrinin tinindəki evin zirzəmisində aşkarlamış və çoxlu sayda tüfəng, qumbara, patron və s. müsadirə edilmişdi.
1919-cu ilin ilk aylarında çar forması geyinmiş Denikin ordusunun zabitlərinin bir qismi yenicə yaranmaqda olan Azərbaycan Ordusuna xidmətə daxil olurdular. Həmin dövrdə yeni yaranan milli Ordunun zabit heyətinə böyük ehtiyacı vardı. Sonradan əldə edilmiş sənədlər göstərir ki, həmin zabitlərin böyük əksəriyyəti Azərbaycan Ordusuna hərbi xidmətə daxil olsalar da Denikinin qərargahına işləyirdilər. Buna sübut kimi 1919-cu ilin aprelində Bakıda Denikin əks-kəşfiyyatının rəisi, Baş qərargahın zabiti Çernışovun Azərbaycan əks-kəşfiyyatçıları tərəfindən həbs edilməsini misal göstərmək olar. Çernışovun həbsinə səbəb Smıslova adında bir nəfərin Gəncədə Azərbaycan əks-kəşfiyyatçıları tərəfindən tutulması idi. Kornet Ağalarovun rəhbərlik etdiyi bölmənin əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində casus şəbəkəsinin üstü açılmışdı. Smıslovanın verdiyi ifadəyə görə, onu Gəncəyə xüsusi tapşırıqla Çernışov göndərmişdi. Denikin əks-kəşfiyyatının Azərbaycan Ordusunda xidmət edən rus zabitləri arasında geniş casus şəbəkəsi vardı. Denikin əks-kəşfiyyatının agentlərinin bir çoxu eyni zamanda, ingilis kəşfiyyatına işləyirdilər. Azərbaycan əks-kəşfiyyatçıları tərəfindən həbs edilmiş Smıslova da ingilis və erməni kəşfiyyatçıları ilə əlbir idi. İngilislər ona Azərbaycan Ordusunda xidmət edən türk zabitlərini müəyyən etməyi və onların sayını öyrənməyi tapşırmışdılar. Denikin ordusunun digər əməkdaşı poruçik Okoyev isə eyni zamanda, ingilislərə və Bakı axtarış polisinə xidmət edirdi. İlk baxışdan asan görünən, əslində isə mürəkkəb bir işin detallarını yenicə fəaliyyətə başlamış Azərbaycan əks-kəşfiyyat xidmətinin əməkdaşları müəyyənləşdirmişdilər. Çernışovun yaşadığı mənzildə axtarış zamanı Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyətlə bağlı, gizli bolşevik təşkilatının işi, Azərbaycan Ordusunun durumu barədə Denikin qərargahına ünvanlanmış çoxlu sayda agentur məlumatları tapılmışdı. Həmin məlumatların birində Çernışov göstərirdi ki, təşkilatın birinci ayı ərzində o, Azərbaycanı idarə edən dairələrlə çox yaxşı əlaqəsi olan şəxsləri özünə cəlb edə bilmişdi. Ancaq dindirmə zamanı həmin şəxslərin soyadını deməmişdi. Axtarış zamanı Çernışovdan Denikin kəşfiyyatının sxemi, onun tapşırıqları, məqsədi və proqramı da tapıldı.
29 mart 1919-cu ildə hərbi nazir S.Mehmandarov daxili işlər naziri X.Xasməmmədova müəyyən edilmiş casus təşkilatının üzvlərinin həbs olunmaları barədə Gəncə şəhərindən Bakıya 1520 saylı məktub göndərir. Məktubda deyilir: "Azərbaycan Silahlı Qüvvələri barədə Denikinin könüllülər ordusunun və erməni hökumətinin xeyrinə məlumat toplamaqda ittiham edilən xanım Smıslova Gəncədə həbs edilmişdir. Bu işdə onunla əlbir olan Gəncə qarnizonunun bir neçə zabiti müəyyənləşdirilmişdir. Bakıda isə onun digər əlaqələri vardır: Nelli Fyodorovna Çernışova, erməni küçəsi 8-də yaşayır, qərargah zabitinin arvadıdır, erməni qoşununda xidmət etmişdir. Stanislav Rudolfoviç Zuber, Rılskixlərin Merkuri kontorundadır. Çernışovanın mənzilində axtarış aparılması vacibdir, əgər bir şey tapılsa, təcili həbs edib işi məhkəmə müstəntiqinə vermək lazımdır. Belə bir axtarışın Zuberin mənzilində də aparılması vacibdir. Xanım Smıslova Bakıdan Gəncəyə kömək üçün səyyar qoşunların başçısı polkovnik Mixaylova Tiflis dəmiryolu jandarm idarəsinin keçmiş rəisi Şetininin məktubu ilə gəlmişdir. Hesab edirəm ki, casus təşkilatının izləri Bakıdadır. Şetinin təcrübəli jandarm işçisi kimi onun rəhbəridir. Onun mənzilində təcili axtarış aparılmalı və həbs edilməlidir. General-leytenant S.Mehmandarov". Məktubun sonunda qeyd-arayış verilmişdir. "Bu gün saat 5-də qubernator Axundov mənim yanıma dəvət edilmiş və ona bu məsələnin icra edilməsi tapşırılmışdır. X.Xasməmmədov".
Denikinçilərin 1919-cu ilin payızında həm şimaldan, həm də Xəzər dənizindən ehtimal olunan hücumunun qarşısını almaq, Bakının müdafiəsini təşkil etmək üçün Dövlət Müdafiə Komitəsinin 1919-cu il sentyabrın 13-də keçirdiyi iclasda böyük əhəmiyyətə malik olan hərbi struktur - Bakı İstehkamat hissəsini (Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunu) yaratdı. Komitənın qəbul etdiyi qərara əsasən Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonunun rəisi vəzifəsi təsis olundu, şəhərin hərbi general-qubernatoru vəzifəsi ona birləşdirildi və Bakı rəisliyinin ərazisi ona tabe edildi. 1919-cu il oktyabrın 26-da Əksinqilabla Mübarizə Təşkilatı da Bakı Möhkəmləndirilmiş Müdafiə Rayonuna tabe edildi və Murad Girey Tlexas rəis vəzifəsinə təyin edildi. General-mayor Tlexas 1920-ci il fevralın 28-də yazırdı ki, siyasi mənsubiyyətindən asılı olmayaraq dövlət və ictimaiyyət üçün təhlükə yaradan bolşeviklərin şəhərdən çıxarılması məqsədi ilə qətiyyətli tədbirlər görülür.
Azərbaycan Xalq Cümhuriyyətinin təhlükəsizlik orqanlarının əsas vəzifələrindən biri də ölkədəki qanunsuz silahlı birləşmələrin ləğvi, onlarda, eləcə də əhalidə olan icazəsiz silahların yığılması və müsadirə edilməsi idi. Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşı olmuş Əli Razi Şamçızadə Salyandan öz rəisinə ünvanladığı sənəddə ermənilərdən 12 odlu silah və 565 ədəd işarə verici fişəngin götürüldüyünü məruzə edirdi.
Əksinqilabla Mübarizə Təşkilatının əməkdaşları digər dövlət strukturlarının qüvvələri ilə birlikdə mart qırğınlarının əsas təşkilatçılarından olan Bakı milyonçusu, qatı cinayətkar Stepan Lalayevi və onun bir qrup tərəfdarını da həbs etməyə müvəffəq olmuşdu. Erməni siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qrupları Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə qarşı təxribatlar törətdiyindən xüsusi xidmət orqanları onlara qarşı fasiləsiz mübarizə aparırdı. Məsələn, Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar təşkilat tərəfindən (ƏMT nəzərdə tutulur - C.Q.) saxlanılmış və həbs edilmiş şəxslərin əksəriyyəti ermənilər idi.
Erməni casusları əldə etdiyi məlumatları həm denikinçilərə, həm bolşeviklərə, həm də ingilislərə verirdilər. Həmin ərəfədə bolşeviklər daha da fəallaşmış, onlar ayrı-ayrı yerlərdə gizli yığıncaqlar keçirir və demokratik respublikanın əleyhinə müxtəlif məzmunlu təbliğat aparırdılar. Əksinqilabla Mübarizə Təşkilatı, eləcə də qurumun Balaxanı-Sabunçu rayon bölməsi öz işini həm də bu istiqamətdə qurmuşdu. Həmin bölmədən Əksinqilabla Mübarizə Təşkilatının rəhbərliyinə göndərilən raportdan məlum olur ki, 1920-ci il fevralın 3-də Sabunçudakı fəhlə klubunda keçirilən iclasda Aleksandr Kostinski adlı bolşevik fəalı belə bir məsələ irəli sürmüşdür: "İndiki hökumət bizə lazım deyil. Bu yaxınlarda bolşeviklər gələcək, biz onda öz gücümüzü göstərəcəyik". Təhlükəsizlik orqanının həmin yerli bölməsi bolşeviklərin hansı istiqamətlərdən Azərbaycana hücum edəcəklərini də müəyyənləşdirə bilmişdir: "1920-ci ilin 24 fevralında Sabunçudakı fəhlə klubunda fəhlələrin gizli yığıncağında bildirilmişdi ki, "bolşeviklərin üç - Krasnovodsk, Həştərxan və Rostov istiqamətlərindən gəlməsi gözlənilir. Ona görə də yatmamalı, ayıq olmalı və hakimiyyəti ələ almalıyıq". Beləliklə, Azərbaycan milli dövlətçiliyinə qarşı ermənilərdən başqa, daha bir qorxulu qüvvə bolşeviklər idi...

Ülviyyə Tahirqızı