Xanlıq, çarlıq və milli istiqlal dövründə Azərbaycanda torpaq rejiminə ümumi baxış Hadisə

Xanlıq, çarlıq və milli istiqlal dövründə Azərbaycanda torpaq rejiminə ümumi baxış

Hüseyn Baykara

4-cü yazı

Senator Kutaysovun, Meçnikovun raportlarından, çar idarəsinin Qafqazda olan və ərazi idarəsinə təyin olunan Qan, baron Rozen, general Paskeviç və Vorontsov kimi yüksək məmurlardan alınan raportlardan aydın olur ki, komendantlıq idarəsi ləğv edilərək əvəzində mülki idarə yaradılmış, bir müddət bəy və ağaların əraziləri üzərində hüquqları əllərindən alınmış, yuxarıda qeyd etdiyimiz kimi onlara maaş təyin edilmişdi. Yeni yaradılan mülki idarənin əsasını ruslaşdırma siyasəti təşkil edirdi. Xanlıq dövründə azad olan kəndli bəy və ağaların zülmü aradan götürüldüyü üçün yenidən nisbi azadlıq əldə edirdi.
Çox keçmədən yeni mülki idarənin məmurları müstəmləkə vəziyyətində olan Azərbaycanda rüşvətxorluq etməyə, xalqın şikayət və ərizələrini süründürməçiliyə salmağa, komendant rejimindən miras qalmış zülm və işgəncəni bərpa etməyə başladılar. Belə vəziyyət, hər bir məhkum millətin alın yazısıdır. Bunun üzərində çox dayanmaq da lazım deyil. Məsələnin canı bundan ibarətdir ki, rus ölkəsində kəndlilər təhkimçi-köləlik, quldarlıq rejiminə bağlı olduğu halda müstəmləkə olan Azərbaycanda necə ola bilərdi ki, kəndli azad olsun?..
İşğal edilən Azərbaycanda rus idarəsinin istinad edə biləcəyi, ona sədaqətlə xidmət edəcək bir sinif yaratmaq lazım idi. Bu sinif isə torpaqlar üzərindəki idarə haqları əllərindən alınmış və əvəzində maaşla təmin olunmuş bəylər və ağalar ola bilərdi.
General Paskeviç çar idarəsinin əsasını bu yolda möhkəmləndirməyə izah etdikdən sonra Azərbaycanda bəy və ağalara mülkiyyət hüquqlarına görə torpaq ayırmaqla bir əsilzadə sinfi yaratmaq və onları rus müstəmləkəçiliyi ilə qırılmaz mənfəət telləri ilə bağlamaq lazım gəldiyini uzun bir raportla irəli sürdükdən sonra yazırdı: "Xəyanət edən əsilzadə ailəsinin, təbii olaraq, bütün hüquq və qulluqları əllərindən alınır, ancaq ailə üzvlərindən biri xəyanət hadisəsi gözləndiyini əvvəlcədən xəbər verərsə, xəyanətkar əsilzadəyə mənsub olan əmlak və ərazinin yarısına sahib olur".
Azərbaycanda xanlıq dövründə kəndli heç bir vaxt kölə olmamışdı. Bunu sübut etmək üçün rus mənbələrindən istifadə yerinə düşərdi. Senator Qan çara göndərdiyi raportda xalqın rus üsul-idarəsindən razı olmadığını bildirərək yazırdı: "Xalqın rus idarəsindən narazı qalmasına müəyyən ictimai səbəblər var. Bu da bəylərin komendantlıq idarəsi və rus hakimiyyətindən istifadə edərək Gürcüstanda olduğu kimi kəndliləri təhkimçi, qul halına salmaq təşəbbüsləridir." (Yuxarıda qeyd olunan arxiv materialları, 1936-cı il, səh. 307).
Azərbaycan tarixi ilə məşğul olan rus alimlərindən E.A.Poxomov "Azərbaycanda torpaqla bağlı sinif məsələsi" adlı əsərində yazır: "Azərbaycanda kəndlilər müstəsna halda şəxsən azaddırlar" (Azərbaycanı tədqiq və öyrənən cəmiyyətin bildirişi. № 1. Bakı, 1925-ci il, səh. 18).
Tarixdə heç bir zaman Azərbaycan kəndlisi rus kəndlisi kimi heyvan sürüsü halında qırmancla bazara satılmaq üçün aparılmamış, səbəbsiz yerə öldürülməmiş, ailəsinə və namusuna təcavüz edilməmişdi. Ruslar Azərbaycanı işğal etdikdən sonra yaratdıqları komendant idarəsinə və rüşvət vasitəsilə komendantlarla əlbir olan bəylərin kəndlilərə etdikləri zülmə qarşı Azərbaycan kəndlisi saysız çıxışlar və üsyanlar etmişdi. Tarixin yaddaşında qalan üsyanlar bunlardır: 1830-cu ildə Car-Balakən üsyanı, 1831-ci ildə Lənkəran üsyanı, 1837-ci ildə Quba üsyanı, 1838-ci ildə Şəki, Şuşa üsyanı və başqaları.
Yuxarıda adları qeyd olunan senatorların və başqa məmurların öyüdləri və nəhayət, yaşamaqdan bezən Azərbaycan kəndlisinin, şəhər əhalisinin hissə-hissə baş qaldıraraq üsyan etmələri nəticəsində komendantlıq rejimi ləğv edildi, bəylərin, ağaların əllərindən torpaqları idarə etmək hüquqları alındı. Azərbaycan kəndlisi hüquq baxımından azadlıq əldə etdi. Deməli, adil idarə üsulu ilə kəndli əlində olan torpağı əkib-becərəcək və istehsal etdiyi məhsuldan təyin olunan miqdarda dövlətə vergi verəcəkdi. Ancaq belə bir ədalətli idarə şəkli rus çar imperializminin şərəfinə toxunurdu. Çünki Rusiyada kəndlilər torpağa bağlı qul, kölə idilər.
Bu halda quldarlıq, köləlik rejimini Azərbaycana da tətbiq etmək, bəylərə, ağalara torpaq mülkiyyəti sahibliyini qaytarmaq və bu sinfi ələ alıb ona arxalanaraq Azərbaycanda müstəmləkəçilik idarəsini möhkəmləndirmək, Azərbaycan kəndlisini Azərbaycan bəylərinə və ağalarına əzdirmək çar imperializmi üçün ən məqsədəuyğun idarə forması olduğu qərara alınmışdı. Bu qərarın layihəsindən və onun uzun-uzadı izahından bəhs etmək istəmirəm. Beləliklə, vaxtilə əllərindən alınan torpaqlar üzərində bəylərin və ağaların mülkiyyət sahibliyi üzərində bəylərin və ağaların mülkiyyət sahibliyi hüquqlarının yenidən tanınması, həmin torpaqlarla çalışan kəndlilərin rus mujiki kimi bəy və ağaların qulları halına salınması haqqında 1846-cı ilin (6) dekabrında çarın fərmanı verildi. Yuxarıda qısaca bəhs edilmiş şərtlər və düşüncələr fərmanda nəzərə alınmışdı.
Bu fərmana görə, Azərbaycan rus işğalına məruz qalmazdan əvvəl bəy və ağaların idarə etdikləri xanlıq torpaqları üzərində onların mülkiyyət hüququ bərpa edildi, kəndlilər bu torpaqların sahibi olan bəy və ağalara vergi verməyə, onların ev işlərində çalışmaq üçün qadın və qızlardan xidmətçi, kişilərdən isə işçi verməyə məcbur oldular. Kəndlilər üzərində polis funksiyasını yerinə yetirmək səlahiyyəti də torpaq sahiblərinə verilirdi. Yuxarıda az da olsa qeyd olunan general Paskeviçin planı tamamilə qəbul edilmişdi. Beləliklə, bəy və ağanın bir əlinə torpaq mülkiyyəti, o biri əlinə də polis qırmancı verildi... Tanrı onların "ədalətindən" qorusun, Azərbaycan kəndlisini...
Bütün bunların əvəzində çar əmr edirdi ki, bəy və ağalar yaşına, sağlamlığına baxılmadan ilk çağırışda çar ordusu sıralarında yerlərini tutmağa hazır olsunlar.
Kəndlilər əkib-becərdikləri torpağın müqabilində bəy və ağalara aşağıdakı vergiləri vermək məcburiyyətində idilər:
1. "Mali cihət" vergisi vermək. Bu vergi məhsulun onda birindən ibarət idi. Əgər torpaq mülk sahibini toxum və kənd təsərrüfatı texnikası ilə əkilmişsə bu verginin miqdarı beşdə birə qalxırdı. Bağ və bostanın məhsulundan "mali cihət" vergisi üçdə bir nisbətində idi.
2. Hər on ailə ağaya, yaxud bəyə bir kişi və hər on beş ailə bir qadın xidmətçi verməyə borclu idi.
3. Məhsuldan verilən "mali cihət" vergisi torpaq sahibinin anbarına və ya göstərdiyi yerə məcburi olaraq əkinçilər tərəfindən daşınmalı idi.
4. Hər əkinçi ailəsi öz heyvanı ilə ildə on səkkiz gün mülk sahibinin torpağını pulsuz əkib-becərməli, mülk sahibinin köçünü, odununu daşımalı, ev işlərinə kömək etməli və tapşırdığı başqa işləri görməli idi. Torpağa bağlı olan kəndli bu işləri görməzsə, hər bir gün üçün mülk sahibinə 20 qəpik pul ödəməli idi.
5. "Avraz" adlandırılan və mülkədarın torpağının iki gün ərzində kənd əkinçiləri tərəfindən kollektiv surətdə əkilməsini nəzərdə tutan xanlıq dövründən qalma icbar yenə də qüvvədə idi. Kəndlilər bu məcburi işi də yerinə yetirməli idilər.
6. "Çöpbaşı" adıyla tanınan və otlaqlara aid olan xanlıq dövründən qalma vergi kəndlilər tərəfindən yerinə yetirilir və ödənilirdi.
7. Mülkədarın torpağında müvəqqəti olaraq yaşayan köçəri əkinçilər ailə başına dörd manat ödəməli idilər.
Mülkədar bu məcburi işlərin müqabilində on beş yaşına çatmış oğlan uşaqlarını da hesaba almaqla, əkinçi ailəsinin sayına görə beş desyatindən az olmamaq şərti ilə torpaq verməyə borclu idi. Azərbaycan kəndlisini dilənçi vəziyyətinə salmış belə vəziyyət illərcə davam etmişdi.
II Aleksandr Rusiyada 1861-ci ildə köləlik rejimini ləğv edən fərman vermişsə də bu fərman Azərbaycana aid edilməmiş və yuxarıda qısaca da olsa təsvir olunan ağır torpaq rejimi Azərbaycanda 1870-ci ilə qədər davam etmişdi. 1870-ci il 8 (21) noyabr fərmanına əsasən Azərbaycan kəndlisi də azad sayılaraq torpaq rejimindən qurtulmuşdu. İstər Rusiyada istərsə də Azərbaycanda kəndlilər quldarlıq rejimindən azad edilmiş olsa da əslində yenə iqtisadi baxımdan bəy və ağalara möhtac olduqlarından, onların istismarından və zülmündən özlərini qurtara bilməmişdilər. 1870-ci il fərmanına əsasən kəndli yenə də mülkədara vergi olaraq məhsul və pul verməli idi. Torpaq münasibəti vergiləri qalırdı. Vergi məhsulun 6%-i miqdarına endirilmişdi. Torpaq mülkiyyəti yenə bəy və ağanın öhdəsinə verilmişdi, kəndli təkbaşına əkib-becərdiyi bir parça torpaq üzərində mülkiyyət haqqına malik deyildi. Halbuki, köləlik rejiminin ləğv edilməsinə aid olan fərmanda bu hüqquq rus və gürcü kəndlilərinə aid edilmiş, Azərbaycan kəndlisindən əsirgənmişdi. Çünki torpaq mülkiyyətinə sahib olan kəndli maddi və mənəvi cəhətdən də inkişaf edə bilərdi, öz müqəddəratının sahibi olardı, mədəni və siyasi hüquqlar əldə etməyə də çalışardı. Bu vəziyyət rus çarlıq rejimini təmin etmirdi.
1870-ci il fərmanı Azərbaycan kəndlisinə heç bir yenilik gətirməmişdi. Torpağa möhtac olan kəndli "mali cihət" vergisini və başqa icbari işləri uzun illər yerinə yetirməyə məcbur olmuşdur. "Mali cihət" vergisini və başqa icbari işləri uzun illər yerinə yetirməyə məcbur olmuşdur. "Mali cihət" əkinçilərin həyatının mülkədarlardan asılılığı, əkinçilərin başqa ehtiyac və yaşayış məsələləri çar rejimi şəraitində, 1905-ci il inqilabında da həll olunmamış qaldı və beləcə ucqar rayon olduğundan Azərbaycanda kəndlilər etinasızlıq üzündən əzilən sinif vəziyyətində qaldılar. Bu ədalətsiz vergilər kəndlilər arasında XIX əsrin birinci yarısında bir çox çıxışlara və üsyanlara səbəb oldu. Bu dövrdə yuxarıda göstərilən bir çox vergilər, yəni "mali cihət", "darğalıq" kimi vergilər pulla əvəz olundu. Məhsul "töycüsü" vergisinin bir qismi olduğu kimi qalırdı. Bunlar "sursat", "cütbaşı", "tağarbaşı" kimi vergilərdi. Biyar, yəni məcburi əmək kəskin xarakter almışdı.
Ancaq 1912-ci il 25 dekabr və 1913-cü il 2 yanvarda necə oldusa bu ərazinin əkinçiləri yada düşdü və bir fərmanla əkinçilərin bəy və ağalardan hər cür asılılığı ləğv edildi, artıq kəndlilər mülkədarlardan pulla özləri üçün mülk, torpaq satın ala bilərdilər. Bu yolla alınan torpaqlar şəxsi mülkiyyət kimi qanuniləşdirilirdi. Torpağı satın ala bilməyən kəndlilər mülk sahiblərindən icarə yolu ilə və başqa vasitələrlə torpaq əldə edərək əkib-becərirdilər. Torpağı olmayan kəndli formal cəhətdən azad olsa da iqtisadi vəziyyət, dolanışıq və məişət nöqteyi-nəzərindən yenə də bəy və ağaya möhtac idi. Demək, torpaqsız kəndli mülkədarın hüquqi deyil, iqtisadi əsirinə çevrilmişdi.