Mətbuat Şurasında milli-mənəvi dəyərlərlə bağlı müzakirələr Hadisə

Mətbuat Şurasında milli-mənəvi dəyərlərlə bağlı müzakirələr

Vüqar Rəhimzadə: "İnternet media məkanındakı neqativ təmayüllərə qarşı qınağın artırılması üçün ümumilikdə jurnalist ictimaiyyətinin səfərbərliyinə ehtiyac var"
Əvəz Rüstəmov: "İnternet media resurslarının sayındakı artım prosesi çoxsaylı neqativ cəhətlərlə də yadda qalır

Dünən "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı "İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi" layihəsi çərçivəsində "İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər" mövzusunda sonuncu - üçüncü "dəyirmi masa" keçirilib.
Mətbuat Şurasında baş tutmuş "dəyirmi masa"nı giriş sözü ilə "RUH"AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov açaraq "İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi" layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihədən məqsəd onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir. Həmçinin layihədə jurnalist məsuliyyəti və peşəkarlığının müxtəlif aspektlərini diqqətə çatdırmaqla internet medianın milli-mənəvi dəyərlərin qorunmasındakı rolunu artırmaq, cəmiyyət üzvlərinin internet media ilə bağlı gözləntilərini qruplaşdıraraq müvafiq qurumlara təqdim etmək nəzərdə tutulur.
Ə.Rüstəmov bildirib ki, son dövrlər internet media resurslarının sayındakı artım söz və ifadə azadlıqlarının dərinləşdirilməsi baxımından nə qədər pozitiv amil olsa da, proses çoxsaylı neqativ cəhətlərlə də yadda qalır. Belə tendensiyalarla mübarizə aparılmalıdır. Media ictimaiyyəti isə məsələyə xüsusi diqqət göstərməlidir.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışına Şuranın son dövrlər internet media sahəsindəki fəaliyyətindən söz açmaqla başlayıb. O bildirib ki, mövcud istiqamətdəki işlərin gücləndirilməsi məqsədilə qurumun tərkibində İnternet media resursları üzrə Komissiya yaradılıb: "Hesab edirəm ki, komissiya kifayət qədər intensiv fəaliyyət göstərir. Amma internet media məkanındakı neqativ təmayüllərə qarşı qınağın artırılması üçün ümumilikdə jurnalist ictimaiyyətinin səfərbərliyinə ehtiyac var. "RUH" AJMK-nın layihəsi, eləcə də layihə çərçivəsində gerçəkləşdirilmiş tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşımaqdadır".
V.Rəhimzadə eyni zamanda onlayn media orqanlarındakı xoşagəlməz halların tənzimlənməsi məqsədilə müvafiq sərt ölçü tədbirlərin görülməsinin, bunun qanuni mexanizminin işlənilməsinin zəruriliyini də əsaslandırıb.
MŞ-nin sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli müasir dövrdə internetin insan hüquqlarının tərkib hissəsi kimi dəyərləndirildiyini vurğulayıb: "Bununla yanaşı internetin neqativ tərəfləri də var. Həmin tərəflərə nəzər salarkən əsasən iki məqam üzərində dayanılır. Birincisi ifadə azadlığı, ikincisi internet təhlükəsizliyi. Azərbaycanda hər iki istiqamət üzrə məqsədyönlü iş aparılmaqdadır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Elektron Təhlükəsizlik Mərkəzi yaradılıb. Hesab edirəm ki, qurumun fəaliyyəti mövcud istiqamətdə konkret nəticələr əldə etməyə imkan verir".
M.Ələsgərli internet media resurslarında yayılmış informasiyanın cəmiyyətdə törətdiyi təhlükə üzərində də dayanıb. Son illər bunun nəzərə alındığını və bir sıra hüquqi sənədlərə müvafiq düzəlişlərin edildiyini xatırladıb.
"İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi" layihəsinin eksperti, "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə bəhs edilən mövzuda Gəncə və Yevlax şəhərində də "dəyirmi masa"ların təşkil olunduğunu vurğulayıb. Diqqəti internet media resurslarında milli-mənəvi dəyərlərə etinasız yanaşma hallarının müxtəlif təzahür formalargna yönəldən S.Verdizadə həmçinin bildirib ki, bir çox hallarda medianın daşıdığı ictimai missiya unudulur. İnternetin qazandığı texniki imkanların gətirdiyi yeniliklər müstəvisində milli-mənəvi dəyərlərə etinasız münasibət özünü göstərir. Belə təmayüllərlə mübarizədə ictimai fəallığın artırılması üçün geniş maarifləndirmə işlərinə ehtiyac var.
"Yeni Media Jurnalistləri" İctimai Birliyinin sədri Xəqani Səfəroğlu çıxışında əsasən Azərbaycanın qanunvericiliyində internetlə bağlı boşluqların olduğundan söz açıb. Bununla əlaqədar bir sıra xarici ölkələrdə tətbiq edilən təcrübə barədə geniş məlamat verən X.Səfəroğlu vurğulayıb ki, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi mövcud sahədə məsuliyyət mühitinin formalaşması baxımından zəruridir. "Dəyirmi masa"da çıxış edənlərdən "İki sahil" qəzetinin redaktoru Elçin Zamanov, "Həftə içi" qəzetinin əməkdaşı Qələndər Xaçınçaylı və başqaları jurnalist peşəkarlığının dəyişməz prinsip olduğunu önə çəkərək bunun milli-mənəvi dəyərlərin qorunmasında da həllediciliyini vurğulayıblar.

TURQUT