Xalq maarifçisi Teymur bəy Bayraməlibəyov Hadisə

Xalq maarifçisi Teymur bəy Bayraməlibəyov

O, Azərbaycanda məktəb, kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis etmək səylərinin ardıcıl davamçılarından biri kimi tanınıb

Tarix boyunca azadfikirliliyin yaranmasında və inkişafında bu və ya başqa şəkildə maarifçilik xüsusi rol oynayıb.
Azərbaycanda XIX yüzildən başlayaraq maarifçilik hərəkatı genişlənməyə başladı. Şübhəsiz, bu, ardıcıl fədakarlıq, təmənasızlıq, özündənkeçmə bahasına başa gəlirdi. XIX yüzilinin sonu - XX yüzilin əvvəllərində yaşayıb-yaratmış pedaqoq, araşdırmaçı Teymur bəy Bayraməlibəyov Azərbaycanda təhsilin, maariflənmənin inkişafında xidmətlər göstərib. Esmira Cavadova onun həyat və yaradıcılığını araşdırıb. Araşdırmaçı bildirir ki, Qori müəllimlər seminariyasının məzunu olan T.Bayraməlibəyovun Azərbaycanda ziyalı və maarifçilik hərəkatının genişlənməsində ayrıca xidmətləri olub. Lənkəran qəzasında və Bakı - Abşeronda müəllim kimi fəaliyyəti bu sıradandır: "T.Bayraməlibəyovun pedaqoji fəaliyyət sahəsində yolu heç də rahat, hamar olmayıb və o, tez-tez müxtəlif maneələr və təzyiqlərlə üzləşib. Maarifçilik fəaliyyətilə yanaşı T.Bayraməlibəyov folklor, etnoqrafiya və diyarşünaslıq sahəsində də xidmətlər göstərib. Onun Azərbaycanın görkəmli ziyalıları - A.Qiyasbəyov, N.Mahmudbəyov, S.Vəlibəyov, Ə.Əfəndiyev, O.Qayıbov, S.Acalov, A.Aslanov, İ.Muradov və başqaları ilə birlikdə Tiflisdə çıxan SMOMPK (Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu) məcmuəsində nəşr etdirdikləri müxtəlif məzmunlu folklor nümunələri və mifoloji mətnlər indinin özündə də dəyərli mənbələrdən hesab olunur. Çətin bir dövrdə bunların göstərdiyi ziyalı fədakarlığı sonralar H.Zeynallı tərəfindən belə qiymətləndirilmişdi: "Lopatinskinin ətrafında çalışan Azərbaycan müəllimlərinin adlarını SMOMPK məcmuələrində oxuduqca insanın heyrəti artır. O adamların nə qədər həvəsi, nə qədər qeyrəti varmış!.. Qəpik-quruş bir mükafata uzun-uzun hekayələri, mənzumələri türkcə toplayıb tərcümələri ilə yanaşı Tiflisə göndərirlərmiş. Əlbəttə ki, xalq ədəbiyyatı tarixi yaradılarkən belə adamların adları qızıl su ilə ən görkəmli yerdə yazılmalıdır". Bu ziyalılar vəzifələrini təkcə folklor nümunələri toplamaqla bitmiş hesab etmirdilər. Onlar bəzi inanış, bayram və mərasimləri ətraflı təsvir edib, onların mənşəyini aydınlaşdırmağa çalışıblar. Bu isə həmin məqalə-araşdırmaların dəyərini daha da artırırdı. Bu cəhət ilk növbədə F.Köçərli, Y.V.Çəmənzəminli və T.Bayraməlibəyov kimi həm toplama, həm də araşdırma ilə məşğul olan ziyalılara aid idi. Belə ki, T.Bayraməlibəyov "Kaspi" qəzetində Novruz bayramına həsr olunmuş silsilə məqalələrin müəllifi kimi də diqqəti cəlb edir".
Araşdırmaçı vurğulayır ki, T.Bayraməlibəyovun mənəvi irsi bir neçə qəzet məqaləsini çıxmaq şərtilə uzun illər ərzində elmi araşdırmalardan kənarda qalıb: "Ayrı-ayrı müəlliflər onun pedoqoji, folklor və etnoqrafik görüşlərinin təhlilinə həsr olunmuş maraqlı yazılarla çıxış edib, monoqrafiyalar nəşr etdiriblər. T.Bayraməlibəyovun "Lənkəran keçmişdə" və "Talış xanlığının tarixi" əlyazmaları onu oxucuya tarixçi-etnoqraf qismində təqdim edir. T.Bayraməlibəyov vaxtaşırı "Kaspi", "Azərbaycan" və "Baku" qəzetlərində ekologiya və ətraf mühitin qorunmasına, iqtisadi məsələlərə, xalq məişəti məsələlərinə, habelə tibbə, dini inam və etiqadlara həsr olunmuş məqalələrlə çıxış edib".
O, 1862-ci ildə Lənkəran qəzasının Yeddi Oymaq kəndində anadan olub. Atası onu kənd mollaxanasına qoyur. Daha sonra Teymur bəy atası və böyük qardaşlarının təkidi ilə təhsilini davam etdirmək məqsədilə Lənkərandakı 2 sinifli rus məktəbinə qəbul olunur. 1875-ci ildə oranı bitirib Tiflisdəki feldşerlik məktəbinə üz tutur. 1879-cu ildə Qori müəllimlər seminariyasının 2-ci sinfinə qəbul olunur. 19 yaşında seminariyanı bitirən Teymur bəy Lənkərandakı 2 sinifli rus məktəbində rus dili və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayır: "Həmin ilin aprelində çar mütləqiyyəti "Gücləndirilmiş və fövqəladə mühafizə haqqında əsasnamə" qəbul etmişdi. Bu sənədlə hər bir quberniyanın qubernatoruna icazə verilmişdi ki, əks təbliğat aparan qəzeti, məktəbi, kitabxananı istədiyi anda bağlaya və təsisçisini sürgünə göndərə bilər. T.Bayraməlibəyov maneələrdən qorxmadan həmvətənlərini avamlıq və cəhalətdən qurtarmaq üçün yollar axtarır, üzləşdiyi çətinliklərə qarşı mübarizəsini davam etdirirdi. Müəllim işlədiyi məktəbdə cəmi 4 azərbaycanlı şagirdin oxumasından narahat olan Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə görüşür, onların "Sən özün kafirsən, bizim də balalarımızı kafir, allahsız etmək istəyirsən" kimi təhqirlərinə baxmayaraq həvəsdən düşməmiş, təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq və inandırmaq yolu ilə məqsədinə nail ola bilmişdi. Bu böyük zəhmətin nəticəsi idi ki, dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90%-ni təşkil etmişdi. Zaman Bayraməlibəyovu bizə sələflərinin və müasirlərinin "təzə kitabxanalar, qiraətxanalar və məktəbxanalar" açmaq, Azərbaycanda kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis etmək səylərinin ardıcıl davamçılarından biri kimi tanıdır. Sələflərinin "Xeyriyyə cəmiyyəti" yaratmaq təşəbbüsləri də onu çox düşündürən məsələlərdən idi. O, 1884-cü ildə yaratdığı "Xeyriyyə cəmiyyəti"nin xəttilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək məqsədini izləmişdi. Teymur bəy Bayraməlibəyovun təkidilə 2 sinifli məktəbi bitirən və orta təhsil məktəbinə daxil olmaq istəyənlərə "Xeyriyyə cəmiyyəti" yol xərci ödəyir və digər köməkliklər edirdi. Cəmiyyət özünü şagirdlərin səhnələşdirdiyi əsərlərin bilet satışından yığılan pulla maliyyələşdirirdi. T.Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin "Hacı Qara", N.Nərimanovun "Dilin bəlası", N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesləri, Ə.B.Haqverdiyevin "Kimdir müqəssir", S.M.Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya qoyulmuşdu. Xeyriyyəçilik məqsədi güdən teatr tamaşalarından yığılan maliyyə vəsaitindən daha çox Teymur bəyi gənclərdə estetik zövqü inkişaf etdirmək, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaratmaq maraqlandırırdı. Ümumiyyətlə, T.Bayraməlibəyov Lənkəranda yaşayan əhalinin həyat tərzini canlandırmaq məqsədilə 1905-ci ildə istedadlı artist C.Zeynalovun və H.Ərəblinskinin başçılığı ilə bir dəstə artisti Bakıdan Lənkərana dəvət etmişdi. Onlar N.B.Vəzirovun "Müsibəti Fəxrəddin", M.F.Axundzadənin "Vəziri-xani Lənkəran" pyeslərini tamaşaya qoymuşdular. Teatrın pərəstişkarı olan T.Bayraməlibəyov ömrünün sonunadək H.Sarabski ilə dostluq edib. Bu dostluq onun dünyagörüşünə, sənət, sənətkar və həyat məsələlərinə dair baxışlarına da az təsir göstərməyib".
Lənkəranda tez-tez maneə və müqavimətlə qarşılaşan Bayraməlibəyov mənəvi tərəqqi uğrunda əvvəlki ardıcıl mübarizəsini yenidən davam etdirir: "Orada 1909-cu ildə "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbi açır. Alışevski tezliklə onun da fəaliyyətinə son qoyur. Az sonra bu məktəbin qapıları uşaqların üzünə Dağıstanda açılır. Dağıstan qubernatorunun zəmanəti ilə T.Bayraməlibəyov bu məktəbə müdir təyin olunur. T.Bayraməlibəyov Dumada fəaliyyəti nəticəsində 1910-cu ildə Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur. Ardıcıl səylərilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir. 1913-1914-cü illərdə Teymur bəy Bayraməlibəyovun şəxsi təşəbbüsü ilə onun evində 3 sinifli ibtidai məktəb açılır və Teymur bəy bu məktəbin müdiri olur. 1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Müəllim işləməsinə baxmayaraq, respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir". T.Bayraməlibəyov 1937-ci ildə vəfat edib.

Uğur