AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən "Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri" adlı layihə çərçivəsində "Cavidşünaslıq" araşdırmalar toplusunun 10 cildi çapdan çıxıb. Çoxcildliyin ideya müəllifi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, layihə rəhbəri Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, tərtibçi-müəllifi isə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Oncildlik nəşr böyük şair və dramaturq Hüseyn Cavid haqqında yazılmış 82 illik bir dövrü, 1912-1994-cü illəri əks etdirir və ədib haqqında dolğun tarixi-xronoloji məlumat almağa, onun ədəbi-bədii və fəlsəfi-estetik düşüncə tariximizdəki yerini müəyyənləşdirməyə imkan yaradır.
Toplunun cildlərinə daxil edilmiş 1912-1994-cü illərdə yazılan məqalələrin böyük bir qismi Hüseyn Cavidin əsərlərinin tamaşalarına olan təhlil və tənqidlərdən, qadağa dövründən sonrakı 5 ildən başlayaraq 1970-ci ilin sonuna qədər yazılmış məqalələrdən, M.Hüseyn, R.Rza, M.Cəfər, Ə.Ağayev, C.Xəndan, A.Zamanov, M.Əlioğlu kimi dövrün tanınmış ədəbiyyatşünas və tənqidçilərin yazılarından, 1971-ci ildən 1983-cü ilin sonunadək olan dövrü əsasən ümummilli lider Heydər Əliyevin Hüseyn Cavid konsepsiyasından, 1982-1983-cü illərdə Hüseyn Cavidin yaradıcılığı, dövrü, ədəbi mühiti və şəxsiyyəti, teatrı haqqında yazılmış oçerk və məqalələr, xatirə və rəylərdən ibarətdir.
Topluda, həmçinin Qulam Məmmədli, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Yaşar Qarayev, Bəkir Nəbiyev, Bəxtiyar Vahabzadə, Turan Cavidin məqalələri, 1983-84-cü illərdə "Sovet Azərbaycanı" jurnalında, "Bakı", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Sovet Naxçıvanı", "Бакинский рабочий", "Вышка", "Советская культура" kimi qəzetlərdə Hüseyn Cavid və onun geniş ədəbi-bədii fəaliyyətinin tədqiqinə həsr olunmuş materiallar, 1984-cü ildə Əziz Şərif, Qulam Məmmədli, Əkrəm Cəfər, Qulu Xəlilov, Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Rəfiq Zəka Xəndan kimi görkəmli tədqiqatçıların araşdırmaları, 1984-1988-ci illərdə Hüseyn Cavidin ədəbi mühiti və şəxsiyyəti, yaradıcılığı, əsərlərinin səhnə həyatı haqqında yazılmış oçerk və məqalələr yer alıb. 10 cildlik "Cavidşünaslıq" toplusu ədəbiyyatşünaslıq sahəsində dəyərli mənbə, tarixi-mədəni və elmi irsdir. Çoxcildliyin daha 20 cildinin də çap edilməsi nəzərdə tutulub.