Akademik Rasim Əliquliyev: Azərbaycanda çox güclü informasiya texnologiyaları infrastrukturu formalaşıb Hadisə

Akademik Rasim Əliquliyev: Azərbaycanda çox güclü informasiya texnologiyaları infrastrukturu formalaşıb

Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə çox güclü informasiya texnologiyaları infrastrukturu formalaşıb.
Bunu AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) High Performance Computing (HPC) Elmi Mərkəzinin açılış mərasimində deyib.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları haqqında” 2018-ci il 12 sentyabr tarixli və “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 3 iyun tarixli fərmanlarını xatırladan Rasim Əliquliyev vurğulayıb ki, ölkə rəhbərinin adıçəkilən fərmanlarının müasir dünyanın çağırışları ilə bilavasitə səsləşdiyini nəzərə alsaq, bu gün ali təhsil sistemində özünəməxsus yeri olan ADNSU-da HPC Elmi Mərkəzinin yaradılması çox əhəmiyyətlidir.
Akademik “AzScienceNet” elm-kompüter şəbəkəsinin 2010-cu ildə Trans-Avropa elmi-tədqiqat və təhsil şəbəkələri assosiasiyasına (TERENA) üzv olmaqla “Azərbaycan elmi-tədqiqat və təhsil şəbəkəsi”nin Avropanın müvafiq şəbəkə infrastrukturuna inteqrasiya etmək istiqamətində əhəmiyyətli addım atdığını xatırladıb. O, AMEA-nın elmi-tədqiqat müəssisələrinin, eləcə də ölkənin bir çox ali təhsil müəssisəsinin “AzScienceNet” elm-kompüter şəbəkəsinin Data Mərkəz, internet xidmətləri mərkəzləri, şəbəkə təhlükəsizliyi və “AzScienceCERT” kimi şəbəkə əməliyyat mərkəzlərinin xidmətlərindən, “Cloud Computing” xidmətindən maksimum yararlanmaq imkanına malik olduqlarını vurğulayıb.
Alim Data Mərkəzdə göstərilən xidmətlərdən bəhs edərək burada hesablama və yaddaş resurslarından istifadə yolu ilə mürəkkəb məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemlərinin mövcud olduğunu diqqətə çatdırıb. Rasim Əliquliyev “AzScienceNet”in 2016-cı ildən Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasına (GEANT) qoşularaq Azərbaycanı bu qurumda təmsil etdiyini xatırladıb.
Rasim Əliquliyev “AzScienceNet” elm-kompüter şəbəkəsinin, eləcə də AMEA-nın CERN-lə (Avropa Nüvə Tədqiqatları Mərkəzi), Rusiya Elmlər Akademiyası ilə əməkdaşlıq əlaqələrindən, Respublika Seysmoloji Xidmət Mərkəzində istifadəyə verilən “Milli GRİD Seqmenti”ndən bəhs edib.
AMEA-nın vitse-prezidenti GEANT-ın Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən “EaPConnect” (Eastern Partnership Connect) layihəsinin əhəmiyyətindən də danışıb. Bildirib ki, layihə Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlara alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı internet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.
Akademik Rasim Əliquliyev tədbir iştirakçılarının diqqətini İKT ilə əlaqəli bir sıra layihələrə yönəldib.
Superkompüter texnologiyalarına məxsus olan ölkələrin informasiya dünyasında əldə etdikləri uğurların əhəmiyyətindən danışan Rasım Əliquliyev superkompüter texnologiyaları üzrə ixtisaslı kadrların hazırlanmasının ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. O, elektron hökumətin ayrı-ayrı elektron sosial institutlarında, hətta əşyaların interneti və kiberfiziki sistemlərdə, ekologiyada, seysmologiyada, eləcə də digər sahələrdə toplanan materialların, verilənlərin emalının vacibliyinə diqqəti çəkib.
Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunda artıq 2000-ci illərin əvvəllərindən superkompüter texnologiyaları sahəsində elmi tədqiqatların aparıldığını, bu sahədə fəlsəfə və elmlər doktorluğu dissertasiyalarının hazırlandığını xatırladıb.