Mərasimlərə nəzarət olunacaq Hadisə

Mərasimlərə nəzarət olunacaq

QMİ yenidən bu təklifə çıxış edib

Cavid

Bir neçə gündür ki, yenidən yas mərasimlərinin keçirilməsində israfçılığa yol verilməməsi məsələsi gündəmə çıxarılıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də toy və yas mərasimlərindəki israfçılığın əleyhinə çıxır. Hətta idarə toy və yasla bağlı Naxçıvan nümunəsinə üstünlük verir. QMİ bununla bağlı 3 il əvvəl vətəndaşlara etdiyi müraciəti təkrar paylaşıb.
Müraciətdə bildirilir ki, vəfat edən müsəlman üçün dini nöqteyi-nəzərdən vacib olan dörd əməl - qüsl, kəfən, cənazə namazı və dəfndir: "Təəssüf ki, müasir dönəmdə müsəlmanlarımız şəriətin bu hökmlərinə önəm vermək əvəzinə bidət hərəkətlərə daha çox meyllənirlər. Mərhumun ailəsinə təsəlli və başsağlığı vermək elimizin qədim adətlərindəndir. Lakin dəfn mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Ehsan hərfi tərcümədə "yaxşılıq etmək, gözəl iş görmək" mənasını verir. Onun imkansızlara, ehtiyacı olanlara, yetim və kimsəsizlərə verilməsi müstəhəb və bəyənilən əməllərdəndir. Mahiyyətinə görə, ehsan bir kəlmə xoş söz, bir stəkan çay da ola bilər. Bəzi hallarda mərhumun ailəsi özünü əziyyətə salıb, maddi və mənəvi təhlükəyə ataraq, süfrəyə növbənöv təamlar, meyvələr, şirniyyat düzüb özünü kimlərəsə göstərmək xatirinə borcla məclis verir. Bir qədər sonra bu məsuliyyətsiz hərəkəti onu bədbəxtliyə sürükləyəndə günahı özündə deyil, ilahi ədalətsizlikdə axtarır. Xüsusilə Ramazan ayında iftardan əvvəl məclislərdə ehsan adı ilə yemək və çay süfrəsinin verilməsi qəti qadağandır və haram hesab olunur. Bu mənada, biz Naxçıvan Muxtar Respublikasında son zamanlar yas məclislərindəki israfçılıq əleyhinə təşəbbüsləri dəstəkləyirik və ümid edirik ki, başqa bölgələrimizdə də dövlət və din xadimlərinin birgə səyi ilə toy və yas mərasimlərindəki israfçılıq hallarına son qoyulacaqdır".
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, İslam Universitetinin dekanı Hacı Fuad Nurullah bildirib ki, artıq hökumət hərəkətə keçib və məsələ prezidentin müşaviri Kamal Abdullaya tapşırılıb. Prezidentin müşaviri tərəfindən bütün yerli icra hakimiyyətlərinə tövsiyyə xarakterli tapşırıqlar verilib. Bununla bağlı yəqin ki, qanun qəbul olunacaq: "Naxçıvanda bununla bağlı qanun çıxarılıb. Özü də biz 2011-ci ildəki müraciətimizdə təkcə yas mərasimlərini nəzərdə tutmamışdıq. Həmin vaxt QMİ Qazilər Şurası və Dini Elmi Şuranın xalqa müraciəti var ki, toy mərasimləri, qəbirüstü abidələr məsələsində israfçılığa yol verilməsin. Ancaq bununla bağlı qanunla hansı addım atılacağını dövlət özü müəyyənləşdirəcək. Sadəcə bizim müraciətimizdə və indi dövlətin atmağa hazırlaşdığı addımın fəlsəfəsində israfçılığıa yol verilməməsi dayanır. Həm də bu məsələ ictimaiyyət arasında da xeyli vaxt idi ki, müzakirə olunurdu və camaat bu cür israfçılıqdan narazılığını ifadə edirdi. Amma bir məsələ var ki, biri varlıdır, o biri kasıb. Belə deyək ki, hərə öz yorğanına görə ayağını uzatmalıdır. Amma bizdə bu məsələ qarışmışdı. Yəni kasıb adam qonşusuna və ya bir imkanlı adamın keçirdiyi yas mərasiminə baxır və onun da yaxınları dünyadan köçəndə var-yoxundan keçməyə də məcbur olur ki, o cür yas versin. Amma o Allahın, Quranın və Peyğəmbərimizin buyurduğunu nəzərə almır. Bizdə bir-biriylə bəhsə girmək insanları geriyə atır və müxtəlif problemlərin yaranmasına səbəb olur. Yaxud götürək dəfn mərasimlərini. İslamda varlı-kasıb hamı eyni qaydada dəfn olunur, yəni cənazə yuyulur, namaz qılınır, kəfənlənib dəfn olunur. Amma dəfndən sonrakı addımlarda şəriətin qaydalarına əməl olunmur. Şəriətin əleyhinə olaraq biri on minlik, o biri yüz minlik başdaşı və üzərində dəbdəbəli tikili tikirlər. Dünyanın hər yerində varlı insanlar özlərinə uyğun həyat tərzini yaşayırlar, kasıblar da kasıb. Amerikada dəfn büroları var və ora səhv etmirəmsə 8-10 min dollar pul keçirirlər, həmin büro da dəfni dəbdəbəli şəkildə həyata keçirir. Amma bunu hamı üçün etmirlər axı. Sadə insanların öz dəfn mərasimləri olur. Yaxud biri milyarderdir, onun üçün 10 min, bəzən də ondan dəfələrlə baha tabut düzəldirlər. Sadəcə insanlar bunu qəbul etməlidir ki, hər kəs eyni yaşaya bilməz".
QMİ rəsmisi bildirib ki, hələ 3 il öncə bununla bağlı təkliflərini xalqa çatdırıblar: "O vaxt bizi Milli Məclisə də dəvət etdilər. Parlamentin Sosial siyasət komitəsinin iclasına dəvət olunduq, QMİ-dən mən getmişdim, Səhiyyə və Mədəniyyət nazirliklərindən də adam dəvət olunmuşdu. Yəni deməyim odur ki, bu məsələlər çoxdan müzakirə olunurdu. Artıq vaxtı çatıb ki, bu məsələni bir çərçivəyə qoysunlar. Burada bir çox məsələlərin həlli nəzərdə tutulur. Bu gün "palatka"lar şəhər həyatını demək olar ki, iflic edib. Bizdə də şeyx həzrətlərinin müraciətləri olub ki, "Təzə Pir" məscidinin nəzdindəki mərasim zallarından istifadə olunsun. Məscidin ətrafındakı küçələr darısqal olduğundan yas mərasimləri zamanı qurulan çadırlar ətraf küçələrdə də xaos yaradır. Bu da yersiz söz-söhbətə səbəb olur, insanlar bir-biriylə deyişir, söyüş-təhqirlər olur. Mərasim zalları tikiləndən sonra da xalqa müraciət olundu ki, gəlin mərasimlərinizi burda keçirin, amma dar çərçivədə və israfçılığa yol vermədən ehsanat verilsin. Müəyyən adamlar var ki, deyirlər yox, mən belə edə bilmərəm, mən istədiyim kimi ehsan vermək niyyətindəyəm. Yəni QMİ-nin bu məsləhətinə bir çox imkanlı adamlar riayət etmədilər. Ona görə də QMİ o vaxt belə bir tövsiyyədə bulundu ki, məsələ ictimaiyyət arasında müzakirə olunsun və insanlar düşünsünlər ki, belə olmaz".
Sosioloq Rafiq Təmrazov isə bildirib ki, məsələyə iki tərəfdən baxmaq lazımdır: "Birinci növbədə, həm toy, həm də yas mərasimi əlamətdar və xüsusi gün kimi qeyd olunur. Birində sevinc ifadə olunursa, birində kədər ifadə olunur. Hər iki mərasimin təşkilində qonaqların qəbulu, onların qarşılanması, yola salınması, hansısa müəyyən tədbirlərin görülməsi hər bir xalqın tarixi adət-ənənələri və müasirləşmiş xüsusiyyətlərlə bağlıdır. Hər bir millətin özünə məxsus xüsusiyyətləri olduğu kimi bizdə də var. Biz azərbaycanlılar olaraq çalışırıq ki, hər zaman qonaqlarımızı yaxşı yola salaq. Dini mərasimlər bir qədər fərqli olsa da, biz istəsək də, istəməsək də tarixi reallıq bundan ibarətdir ki, hər bir yeni qəbul olunan qayda və qanunlara öyrəşən cəmiyyətlər eyni zamanda tarixi hansısa formada yaşadır. Burda elə məqamlar var ki, bunlar İslam dinindən də əvvəl bizim xalqın adətlərində olmuş şeylərdir. Ona görə yas mərasimlərində bəzi detalları heç cür ixtisara sala bilmərik. Amma təbii ki, hər şey müəyyən hədd çərçivəsində olmalıdır. Yəni əgər haram sayılmırsa, onları etməyə çalışırıq. Bu həm də müəyyən mənada bizim daha qədim tarixə, adət və ənənələrimizin olmasına işarədir".
R.Təmrazov hesab edib ki, qanunvericilik çərçivəsində bu işə müdaxilə etmək məqsədəuyğun deyil. Problemin həlli üçün insanların psixologiyası, düşüncələri dəyişməlidir: "Son illər yas və toy mərasimləri ilə bağlı müəyyən qaydalar tətbiq etmək istəyirlər. Amma düşünürəm ki, qanunla bunu nizamlamaq mümkün deyil. Ona görə ki, bu tamamilə insanların maddi vəiyyəti ilə bağlı məsələdir. Əgər bu gün mənim 50 min manatım varsa, 50 minlik toy edirəm, yox, əgər 5 min manatım varsa, elə o məbləğdə toy edərəm. Amma bizdə az pulu olan da banklara üz tutur, borc-xərclə özünü məcbur edir ki, 50 min manat səviyyəsində toy etsin. Problemin kökü burdadır. Yəni, bizim ictimai şüurla bağlıdır. Nə etsək də, qayda və qanunlarla, qadağalarla bunun qarşısını ala bilmərik. Hər bir insan öz maddi durumuna uyğun, öz dost-tanışı ilə mərasimi təşkil etməlidir. Aydın məsələdir ki, hansısa biznesmenlə fəhlənin imkanı eyni olmayacaq. Amma bəla ondan ibarətdir ki, fəhlə də çalışır ki, biznesmenin elədiyi kimi mərasim təşkil etsin. Ona görə də mən düşünürəm ki, hansısa qadağa bu məsələdə həll yolu olmayacaq. Sadəcə olaraq biz o komplekslərdən qurtulmalıyıq ki, sözün əsl mənasında xoşbəxt ola bilək".
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov isə hesab edir ki, toy və yas sərbəstdir: "Toy və yas bizim mədəniyyətimiz, ənənəmizdir, folklorumuzun tərkib hissəsidir. Bu, müxtəlif formalarda təzahür edir. Toy və yaslarımızın məzmunu pis deyil, yaxşıdır. Amma müəyyən məsələlər var ki, onların müzakirəsinə ehtiyac var. Həddindən artıq musiqi, rəqs, yeməkdə israfçılıq halları var. Xüsusən, regionlarımızda toy və yasla bağlı adət-ənənələrin qorunmasına ehtiyac var. Hər toyun xüsusiyyəti, özünəməxsusluğu olmalıdır. Bu qədər xərci çəkən çəkir, axı çəkməyi bacarmayan da var və vəfat edənini başqasından az istəmir! Ümumiyyətlə, o yerdə ki, mərasim insanların kimisə xatırlamasına, yaxud kiminsə şad gününə sevinməsinə səbəb olmur, problemə çevrilir, deməli, bu, həmin mərasimin humanist bir şey olmadığını göstərir".
BDU-nun ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin də bu məsələdə fikri birmənalı olmayıb: ""Qurani-Kərim"də yazılır ki, "yeyin, için, amma israf etməyin. Allah israf edənləri sevməz". Bugünkü toy və şər məclislərində ifrat dərəcədə israfçılığa yol verilməsini neqativ qiymətləndirir. Dəbdəbəli məclislər bəzən məclis sahiblərinin borca düşməsi ilə nəticələnir. Bugünkü qəbiristanlıqlar muzeyi xatırladır. Bunun ölüyə heç bir savabı yoxdur. Dinimizdə buyrulub ki, müsəlmanın qəbri sadə olmalıdır. Hesab edirəm ki, bu problemlərə son qoymaq üçün ilk olaraq varlılar addım atmalıdırlar. Çünki varlı öz məclisini dəbdəbəli etdikcə, kasıb utanır və el qınağına tuş gəlməmək üçün borca düşüb onunla ayaqlaşmağa çalışır. Borcla verilən məclis isə ölünün ruhunu şad edə bilməz. Ölüyə dəbdəbəli yas verməkdənsə, ruhuna dualar oxutdurmaq savabdır".