Təqvimdəki qırmızı gün... Hadisə

Təqvimdəki qırmızı gün...

Elçin Mirzəbəyli

"Təqvimdə oktyabrın 18-i qırmızı rəngdədir. Bayram günüdür yəqin..." - ölkəyə qonaq gəlmiş, yaxud Azərbaycan tarixindən məlumatsız olan hər hansı bir şəxs, çox güman ki, belə düşünərdi. Çünki bu gün, yalnız təqvimdə qırmızı rəngdədir. Həyatımızın boz-bulanıq politrasında korrida öküzlərinin "sevimli" rənginin izi belə görünmür.

***

"Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpa olunması haqqında" Konstitusiya Aktının qəbul olunduğu vaxtdan 23 il keçir. Qısa müddət deyil. Dünyanın sürətlə dəyişən ritmi altında bu qanlı-qadalı, ağrılı-acılı zaman kəsiyini ildırım sürətiylə yola versək də, yaddaşımızdakı virtual obrazlar toplusu əriyən saatımızın geriyə doğru əyilən əqrəblərinin üzərində donub qalıb. Nə qazandıq, nə itirdik? "Sual vaxtı deyil", - deyə özümdən özümə qarşı sərt bir irad səslənir. Yəqin, ünvanı səhv salıb...

***

...Təqvimdəki qırmızı rəngli "18" rəqəminə baxıb acı bir qəhqəhə çəkmək istəyirəm. Dodaqlarıma xəfif bir təbəssüm gəlir - Mənə gülümsəyirlər, XXI əsrin sərt reallıqları içərisində ədalət axtarışına çıxdığım üçün.
Mən nə oxuduğum kitablarda, nə də izlədiyim gündəlik internet və qəzet materiallarında Azərbaycan qədər təzadlı ölkəyə rast gəlməmişəm. Burda ağla qaranın sərhədləri yoxdur - ağ qaranın, qara ağın bətnindədir...

***

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi tarixdən bizi 23 illlik bir zaman kəsiyi ayırır. Günümüzün amansız reallıqları içərisində əsil mahiyyətini dərk etməkdən qaçdığımız bu möhtəşəm hadisə gözümüzün önündəcə "unudulmuşlar" cərgəsinə qatılmaqdadır.
Azərbaycanın yeni müstəqillik tarixi 18 Oktyabrdan başlayır. Bu bizim tariximizdir. SSRİ adlanan şər imperiyasının amansız repressiyalarına sinə gərərək öz ideallarına yenidən sahib çıxmağı bacaran azərbaycanlıların tarixi. Bu günü bizə bəzi dairələr tərəfindən təlqin olunduğu kimi verməyiblər, almışıq!
...Yalnız 28 aprel təfəkkürünün daşıyıcıları 28 Mayla 18 Oktyabrı qarşı-qarşıya qoya bilərlər.
Tarix riyazi düstur deyil ki, toplananların yerini dəyişəndə cəmə təsir göstərməsin.
Tarix bir millətin alın yazısı, tərcümeyi halıdır. Onun hər hansı bir anını, kiçicik bir detalını dəyişmək bir millətin nəinki keçmişinin, hətta gələcəyinin saxtalaşdırılmasıdır. Ancaq öz tərcümeyi halından utanc duyanlar bu yola əl ata bilərlər.

***

Tarixin hər anı insanların, millətlərin, dövlətlərin talelərinə bağlıdır. Onun bircə anını belə kəsib götürə bilməzsən. Bu, Allahın işinə qarışmaqdır.

***

Tarixə ədalətli münasibət göstərmədən gələcəyə qədəm qoymaq mümkün deyil. Çünki, unutdurmağa çalışdığın zaman kəsiyi səni hər zaman, onu layiqincə dəyərləndirdiyin ana qədər izləyəcək.

***

Dövlətin qurucusu olan milləti fərdlər, yəni ayrı-ayrı vətəndaşlar təşkil edir. Bu baxımdan, dövlətçilik tariximizə ədalətli münasibət, ilk növbədə öz tərcümeyi-halımıza, keçdiyimiz yola sayğıyla yanaşmağımız deməkdir.

***

...Biz gözümüzün önündə baş verən hadisələri öz təxəyyülümüzdən keçirib, öz maraqlarımıza uyğun təqdim etməklə "tarix" yaratmaq, Servantesin məşhur sözlərilə ifadə etsək, yaşadığımız zamanı orijinal əsərlərin azlıq təşkil etdiyi, surətlərin isə çox olduğu şəkil qalereyasına bənzətmək istəyirik...
P.S. "Tarix danışanda şəxsiyyətlər susmalıdır". Bunu Erik Bern deyib. Məni isə fərqli düşünürəm: Şəxsiyyətlər haqqında tarix, tarix haqqında isə şəxsiyyətlər danışmalıdır!