Ziyanlı tez hazırlanan yeməklər… Hadisə

Ziyanlı tez hazırlanan yeməklər…

Həkim-pediatr valdeyinlərə tövsiyə edir ki, uşaqlarına heç vaxt küçdə satılan, sanitar-gigiyenik normalara uyğun hazırlanmayan qidalar verməsinlər

Ac adamın daha ucuz və tez yemək istəyi onu istər-istəməz "fast-food" yeməklərini seçməyə məcbur edir. Azərbaycanda bu qidaları əsasən dönər-kabablar təşkil edirsə, digər ölkələrdə "fast-food" əsasən hamburgerlərdən ibarətdir. Tez hazırlanan yeməklərə hələ qədim Romada rast gəlinib. Belə qidaları əlüstü, ayaqüstü yeməklər və ya müasir dillə desək, "fast-food" adlandırırlar. "Fastfood" termininə ilk dəfə 1951-ci ildə Merriam Vebsterin lüğətində rast gəlinib. 1920-ci ildə isə Amerikada əlüstü yeməklərin biznesinə başlanılıb. 1921-ci ildə Kanzas ştatında "White Castle" kompaniyası hamburger satışı ilə məşğul olub.1940-cı ildə isə bu kompaniyaya ən böyük rəqib olan McDonald`s yaradılıb. Hazırda fast-food məhsullarının ticarəti ilə məşğul olan ən böyük şirkətin dünyanın 119 ölkəsində 30 000-dən çox restoranı fəaliyyət göstərir. Son dövrlərdə isə Amerikada, eləcə də digər inkişaf etmiş ölkələrdə sağlamlıq üçün zərərli olduğuna görə "Mc.Donald`s şəbəkələrinin qidalarını boykot etmək" aksiyaları keçirilir.
Azərbaycanın baş pediatrı Nəsib Quliyev son illər Azərbaycanda da uşaqların belə qidalara meyl etməsini mənfi hal sayır. Onun dediyinə görə, uşaq orqanizminin tələb etdiyi bəzi maddələr yalnız təbii qidaların tərkibində olur. Bu baxımdan "fast-food" qidalar bu tələbləri ödəyə bilmir: "Ümumiyyətlə, heç bir halda ayaqüstü qidalar məsləhət görülmür. Uşaqlara xüsusilə. Bu, onların orqanizminə daha çox zərər vurur. Ayaqüstü qida heç vaxt tam keyfiyyətli qida hesab olunmur. İstənilən halda zərər gətirir. Aclıq hissini öldürsə də, xeyirdən çox ziyan gətirir. O baxımdan da məsləhət görülmür. Konservantdan hazırlanmış və yaxud konservləşdirilmiş, vaxtı keçmiş, çox saxlanılmış qidalarda daxili bioaktiv maddələrin səviyyəsi aşağı düşür. Bu vitaminlərə də, digər bioloji aktiv maddələrə, hətta minerallara da, birləşmələrə də aiddir. Çünki bu tip qidalarda sözügedən maddələr parçalanır, keyfiyyətini itirir. Uşaqlarda baş beyin üçün tələb olunan elə maddələr var ki, onlar ancaq təzə qidanın tərkibində olur. Məsələn, kazein zülalı, araxidon turşusu. Bu kimi maddələr ancaq təbii və təzə qidalarda ola bilir. "Fast-food" adlandırılan qidalarda əksərən bu maddələr parçalanır, yox olur. Bu, baş beyin, kəllə beyinin intellektual inkişafına təsir göstərir".
Həkim-pediatr valdeyinlərə tövsiyə edir ki, uşaqlarına heç vaxt küçdə satılan, sanitar-gigiyenik normalara uyğun hazırlanmayan, hazırlanma texnologiyası standartlardan tam uzaq qidalar verməsinlər: "İnsan dünyaya gələndən 18 yaşına qədər uşaq sayılır. Qida uşağın yaşına uyğun olmalıdıdır. 3 yaşında uşaq "fast-food" yeyirsə, bunun mütləq mənfi fəsadları olacaq".
Araşdırmalardan o da üzə çıxır ki, heyvan və ya transgen mənşəli yağlarda qızardılmış məhsulların, eləcə də süni qidaların tərkibində vitaminlər, enerjinin, karbohidratların dəyəri qeyri-stabil olur. Belə qidaları mütəmadi qəbul edən uşaqlarda həzm sistemi xəstəlikləri, sümük boşluğu daha çox özünü göstərir. "Fast-food" məhsullarından tez-tez istifadə edən ailələrin uşaqlarında yaddaş zəifliyi və qavrama qabiliyyəti aşağı səviyyədə olur. Onlar yetkinlik dövründə "kökəlmə bəlası"na düçar olurlar. Uşaqlar çox yedikləri üçün deyil, zərərli qidalar yedikləri üçün xəstələnirlər. O da xüsusi olaraq qeyd edilməlidir ki, hamburger növü yeməklərin tərkibində xeyli miqdarda doymuş yağ və duz olduğundan, bu yeməklərin karbohidrat göstəricisi də aşağı səviyyədədir. "Fast-food" qidalarında enerjinin kalorisi çox yüksəkdir. Yağ və şəkər fast-food yeməklərinin enerji mənbəyidir. Bir pay fast-foodun enerji dəyəri 400-1600 kalori arasında dəyişir. Ortalama olaraq "fast-food" məhsullarındakı enerjinin 40-60 %-i yağlardan alınır. Bu isə kökəlməni sürətləndirir.
Ekspertlər bildirir ki, "fast-food" restoranlarında yeyilən qidaların tərkibində A, C vitaminləri və kalsium çox azdır. İnsan orqanizminin sağlam olması üçün gündəlik bu vitaminlərin qəbul edilməsi əsas şərtlərdən biridir. Belə vitaminlərin az qəbul edilməsi katarakt, ürək, eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır. Bol yağda qızartma üsulu fast-food restoranlarında tez-tez istifadə edilir. Təbii ki, həmin yağlarda məhsul bir-iki kərə deyil, dəfələrlə bişirilir. Bu yağların tərkibi 10-12 saatdan sonra dəyişir. Qızartma zamanı yağdakı E vitamini və zülallar yanır, təhlükəli birləşmələrə çevrilir. Zərərli və qeyri-sağlam qidalanma nəticəsində isə orqanizmdə xərçəng yaradan hüceyrələrin inkişafı sürətlənir. Yağda qızardılmış qidalardan tez-tez istifadə etdikdə isə həzm orqanları xərçəng xəstəliyinə asanlıqla tutula bilir.
"Fast-food"la birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Tərkibində kofein olan maddələr dəmirin bədəndən sorulmasının qarşısını alır. Ayaqüstü bəslənmədə yeməklərə uzunömürlü və tamlı qalmaq üçün kimyəvi rəng və dadvericilər, antibakterial və s. kimi qatışıq maddələr vurulur. Belə qatışıqlardan yerində və normasında istifadə edilməməsi xərçəngə tutulma riskini dəfələrlə artırır.
Mütəxəssislər süni qidaların uşaqlara vurduğu zərəri aydınlaşdırmaq üçün dəfələrlə test keçiriblər. Körpələrin aqressiv, əsəbi olmasında əsas səbəbkarın süni qidalar olduğu üzə çıxıb. Uşaq həkimi Aytac Məhərrəmli bildirir ki, həmin qidaların tərkibindəki kimyəvi və fiziki dəyişikliyə uğramış qatışıq maddələr bədənin müqavimətini zəiflədir, uşaqların əsəbi, təcavüzkar ruhda böyüməsinə səbəb olur.Valideyn özü də bilmədən uşağının gələcəyini anormal qidalanma ilə məhv edir".
Yeni Zelandiyada 10-12 yaş arası mindən çox uşaq üzərində aparılan araşdırmalara görə, həfətədə bir dəfədən çox hamburger yeyən uşaqlarda astma və nəfəsdə xırıltının yaranma riski artmışdır. Fast-food qidaları çox qəbul edildikcə astma riskinin daha da artdığı müşahidə olunub.
Son zamanlarda müxtəlif qablaşdırmalarda satılan hazır şorbaların da istifadəsi geniş yayılmışdır. Cəmi 5-10 dəqiqəyə hazır olan belə məhsulların insan orqanizminə vurduğu zərəri heç nə əvəz etmir. Araşdırmalara görə həmin məhsulların tərkibində heç bir vitamin yoxdur. Hesablamalara görə, gün ərzində yetkin insan üçün 6 qram duz lazımdır. Hazır şorbalarda duzun miqdarı çox olur. 100 qramlıq hazır şorbada isə ortalama 0,6 qram duz olmalıdır. Heç də bütün şirkətlər bu normaya diqqət etmirlər. Bu da təzyiq və iflic yaranma riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə isə hazır şorbalar qırtlaq xərçəngi riskini artırır.
Florida ştatının Scripps Araşdırma İnstitutunun alimləri, siçanlar üzərində apardıqları testlərdə, hamburger, qızarmış kartof və keks kimi çox kalorili qidaların da narkotik kimi alüdəçilik yaratdığını müəyyən edib. Siçanları 3 qrupa ayıran alimlər, ilk qrupdakı heyvanları sağlam qidalarla, ikinci qrupdakıları müəyyən miqdarda qarışıq yeməklərlə, son qrupdakıları isə sərhədsiz miqdarda pendirli keks ilə jambon kimi ət məhsulları və şokoladlı qidalarla bəsləyib.
İki qrupda heç bir problem hiss etməyən alimlər, istədikləri qədər qarışıq yeməklər yeyən siçanların sürətlə kökəldiklərini qeydə alıb. Son qrupdakı siçanların beyinlərinin də siqaret və narkotik alüdəçilərininki kimi zəiflədiyi müşahidə edilib. Bu qidalar kəsildikdə isə, siçanlar iki həftə normal qidalanmanı rədd edib. Araşdırmanın nəticələrinə görə, bu qidalardan imtina etmək, sigaret və narkotik maddələrdən imtina etmək qədər çatindir.
Tibb elmləri doktoru Adil Qeybulla deyir ki, xolesterinli qidaların çoxluğu qan dövranının pozulmasına gətirib çıxarır. Bu da son nəticədə trambozlara, xroniki işemiyalar a və s.deməkdir: " "Fast food"lardan mütəmadi istifadə məsləhət olunmur. Əslində dünya əhalisinin problemlərindən biri qidalanma məsələsidir. Yer kürəsindəki qida ehtiyatları dünya əhalisinə yetərli deyil. Genetik modifikasiya olunmuş ərzaqlar, "fast food"lar bu zərurətdən ortaya çıxıb. Ancaq bunların neqativ tərəfləri də var. Yalnız zərurət yarandıqda, başqa çıxış yolu olmadıqda bu qidalardan istifadə etmək olar. Uşaqları sırf bu qidalarla böyütmək məsləhət deyil".
Dünya üzrə "fast-food" yeməklərinin ən çox istifadə edildiyi 5 ölkə müəyyənləşib. Siyahıda birinci yeri Amerika Birləşmiş Ştatları tutur. Ölkədə restoranlarda təqdim olunan qidaların 50 faizindən çoxunu hamburgerlər tutur. Bu səbəbdən "fast food" amerikalıların sevimli qidası hesab olunur. Ən böyük "fast food" restoranı isə "McDonalds" şəbəkəsidir.
Fransa özünə xas mətbəxi ilə tanınan ölkələrdən hesab olunur. Ancaq son illərdə qidaların 54 faizini "fast food"lar təşkil edib. Keçən zaman ərzində "Burger King" firması Fransada olan nümayəndəliklərini bağlayıb. Ancaq iş yerlərində nahar fasilələrinin azaldılması insanların "fast food" istifadəsini artırıb. Kanada "fast food" istehlakının ən çox olduğu ölkələrdən biri hesab olunur. Qida bazarın 25 faizinə ölkənin öz markası kimi "Tim Hortons" sahibdir. Dünya nəhəngi "McDonald" 11 faizlə qida bazarının ikinci böyük hissəsini təşkil edir.
İngiltərə "fast food"un ən çox istifadə olunduğu 4-cü ölkə hesab olunur. Son illərdə ölkədə sağlam qidalanmanı artırmaq məqsədi ilə restoranlarda menyularda təqdim olunan yeməklərin qarşısına kalori miqdarları qeyd olunur. Beləliklə, insanlar hansı yeməyin nə qədər kaloriyə sahib olduğunu görüb, öz seçimlərini edə bilirlər. İngiltərə bazarında ən böyük paya sahib olan fastfood zəncirləri isə "McDonald", "KFC" və "Burger King"dir. Cənubi Koreya "fast food"un ən çox istifadə olunduğu 5-ci ölkə hesab olunur. İqtisadi böhran səbəbi ilə cənubi koreyalılar qida sektoru xidmətlərindən daha ucuz faydalanma yoluna yönəliblər. Ölkədəki "fast food" mədəniyyəti, daha çox qəhvə və şirin menyuları təqdim edən markalar üzərində cəmlənib.

Ülviyyə Tahirqızı