Heydər Əliyevin vəfatından 11 il ötdü Hadisə

Heydər Əliyevin vəfatından 11 il ötdü

Dünən paytaxt Bakıda və Azərbaycanın digər bölgələrində anım mərasimləri təşkil olunub

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin vəfatından 11 il keçdi. Dünən Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunub.
Dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimləri təşkil ediblər.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Heydər Əliyevin Təbrizdə anılıb

Təbrizdə Heydər Əliyevin vəfatının 11-ci il dönümü ilə bağlı anım mərasimi keçirib. Azərbaycanın Təbrizdəki baş konsulluğundan APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən baş konsul Əli Əlizadə Heydər Əliyevin həyat və fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib, onun Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında misilsiz xidmətlərinin olduğunu bildirib. O, Heydər Əliyevin Azərbaycanın müstəqilliyi üçün təhlükə yarandığı bir dövrdə xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəldiyini, müasir Azərbaycan Respublikasının banisi olduğunu vurğulayıb. Mərasimdə həmçinin mərhum prezidentin həyat və fəaliyyətindən bəhs edən film və video çarx nümayiş etdirilib, ehsan süfrəsi açılıb. İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Təbriz şəhərinin fərmandarı, Şərqi Azərbaycan vilayətinin rəsmiləri, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşları və baş konsulu, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları mərasimdə iştirak ediblər.

Kaunasda tədbirlər keçirilib

Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Heydər Əliyevin anım günü münasibəti ilə Kaunas şəhərində bir sıra tədbirlər keçirilib.
Azərbaycanın Litvadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Vitautas Maqnus Universitetində Kaunas şəhərində təhsil alan azərbaycanlı tələbələrlə keçirilən görüşdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması təşəbbüsün əsasının ümummilli lider tərəfindən qoyulduğunu və ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı tələbənin Rusiyanın nüfuzlu elm ocaqlarında təhsil almağa göndərdiyini bildirib. Səfir həmçinin Heydər Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat verib, onun tərəfindən təməli qoyulmuş və həyata keçirilmiş nəhəng layihələrdən danışıb.
Tədbirdə Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film də nümayiş etdirilib. Sonra tədbir Litva peşəkar musiqisinin banisi Mikaloyüs Çürlyonisin adına milli incəsənət muzeyində M. Çürlyonisin və Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərinin ifası ilə davam edib. Tədbirdə Kaunas şəhərinin nümayəndəsi Viliya Adaşkeviçiene, Vitautas Maqnus Universitetinin və Kaunas Texnologiya Universitetin prorektorları və müəllimləri, Vitautas Maqnus Universitetinin musiqi fakültəsinin dekan müavini, M.Çürlionisin nəticəsi Rokas Zubovas, "AYOL" Litva Azərbaycanlı Gənclər Təşkilatının sədri Şahsuvar Hacızadə, Kaunasın ali məktəblərində təhsil alan azərbaycanlı, xarici və yerli tələbərər iştirak ediblər.

Heydər Əliyev Moskvada anılıb

Moskva vilayətinin Domodedovo şəhərində Heydər Əliyevin vəfatının ildönümü münasibəti ilə anım mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Heydər Əliyev-Rusiyanın böyük dostu" adlı mərasimdə H. Əliyevlə birgə çalışmış dövlət xadimləri, yüksək çinli zabitlər və siyasətçilər öz xatirələrini bölüşüblər. Domodedovo Deputatlar Şurasının deputatı Əlizaman Rəhimov Heydər Əliyevin rəhbərliyi altında Rusiya ərazisində gerçəkləşən irimiqyaslı layihələrdən söz açaraq, onun Rusiya iqtisadiyyatı qarşısındakı xidmətlərini önə çəkib: "Təkcə Ulyanovskda Heydər Əliyevin səyləri nəticəsində tikilməsinə razılıq verilmiş körpü bu gün Ulyanovsk vilayətini Şərqlə Qərb arasında nəqliyyat qovşağına çevirib. Nəticədə vilayət xarici səhmlərin qoyulduğu şəhərlər arasında ilk yerləri bölüşür".
Sonra Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərindəki rolundan bəhs edən videoçarx nümayış etdirilib. Heydər Əliyev haqqında Domodedovo Administrasiyasının rəhbəri Dmitri Qorodetski də öz fikirlərini bölüşüb. O, Heydər Əliyevi dünyanın məşhur siyasətçilərindən biri hesab etdiyini deyib: "Biz dahi insanın xatirəsini azərbaycanlılarla birgə andığımızı çox yüksək qiymətləndiririk. Heydər Əliyev bizim ümumi vətənizimin inkişafına çox böyük töhfələr verib. Heydər Əliyevin siyasi kursunun Azərbaycanın indiki prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdiridiyini böyük məmnuniyyətlə izləyirik". Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov Heydər Əliyevin Azərbaycan diasporuna olan münasibətindən danışıb. Q. Osmanovun fikrincə, ötən əsrin 90-cı illərinin sonunda formalaşan diaspor sturkturlarının təməlini Heydər Əliyev hələ 70-ci illərdə soydaşlarımızı Rusiyaya təhsil almağa göndərməklə qoyub. Diplomat iştirak etdiyi tədbirin təşkilatçıları olan Əlizaman Rəhimov və Araz Mürsəliyevin Rusiya və Azərbaycan xalqları arasında dostluq tellərinin möhkəmlənməsi yolunda fəaliyyətlərini yüksək qiymətləndirib. Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyev isə çıxışında bildirib ki, 2000-ci ildə Rusiyada yaradılmış Ümumrusiya Azərbaycan Konqresinin banisi Heydər Əliyevdir: "O, Rusiyanın 80-dən çox subyektində nümayəndəliyi olan təşkilatı yaratmaqla, Rusiya azərbaycanlılarını xalq diplomatiyasının subyekti olmağa çağırdı. Nəticə etibarilə bu 14 il ərzində ÜAK xalq diplomatiyasının bariz nümunəsi kimi Rusiya – Azərbaycan münasibətlərində güclü amilə çevrildi". Heydər Əliyevlə bağlı xatirələrini həmçinin onun köməkçisi olmuş İqor Prostyakov, general-polkovnik İvan Morozov, Böyük Vətən müharibəsinin veteranı İvan Nikonov, ictimai xadim Aleksandr Patrikeyev, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, Azərbaycan daxil işlər nazirinin müavini işləmiş Vladislav Şvetsov və başqaları bölüşüblər. Natiqlərə Heydər Əliyev haqda TASS agentliyinin və Heydər Əliyev Fondunun çap etdirdiyi kitablar hədiyyə edilib.