Nikahdan qabaq tibbi müayinə Hadisə

Nikahdan qabaq tibbi müayinə

Adil Qeybulla: "Gərək valideynlər övladlarına bunun əhəmiyyətini başa salsınlar"

Zəlimxan Məmmədli: "Arayışlar qadağa yaratmasa və cütlüyün daha sağlam olmasına xidmət edərsə təqdir edirəm"

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsini nəzərdə tutan qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyətinin müəyyən etdiyi xəstəliklər üzrə tibbi müayinədən keçməli olacaqlar. Bunun nəticəsində nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinədən keçdiklərinə dair arayış veriləcək.
Qanunla nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir, amma həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Milli Məclisdə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Dəyişikliyə əsasən bundan sonra nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidir. Bu arayış təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.
Bəs nigahdan əvvəl tibbi arayışın tələb olunması cəmiyyətdə necə qarşılanır, ekpsertlər nə düşünürlər?
Tibb üzrə ekspert Adil Qeybullanın sözlərinə görə, bu proses asan deyil: "Məsələn qan xəstəlikləri əsasən irsi xarakter daşıyır. Hemofiliya, talassemiya kimi xəstəliklər irsidir. Qohumluğundan, milliyyətindən, dinindən asılı olmayaraq eyni xəstəliyin daşyıcılarının dünyaya gətirdiyi uşaqların talassemiya xəstəsi olma riski böyükdür. Gənclərin toydan qabaq tibbi müayinədən keçməsini reallaşdırmaq uzun əmək tələb edir. İndiki halda bunu həyata keçirmək çətindir. Gərək valideynlər övladlarına tibbi müayinənin əhəmiyyətini başa salsınlar".
Eksper Zəlimxan Məmmədli hesab edir ki, ailə sistemimiz min illərin sınağından çıxmış, öz özəllikləri olan, üzümüzü ağ edən dəyərlərimizdəndir: "Ailə qurmamışdan əvvəl sağlamlıq haqda arayışın tələb olunmasından çox səhiyyə sistemimizin, cəmiyyətin mənəvi və fiziki sağlığına təminatçı olan mühitin yaradılmsı önəmlidir. Arayışlar qadağa yaratmasa və cütlüyün daha sağlam olmasına xidmət edərsə təqdir edirəm. Indiki halda, hüquqi və mənəvi sistemimizin optimal olmanası səbəbindən bu əlavə bürokratik maneələr yarada bilır ki, bu da arzuolunan deyil".
Onu da əlavə edək ki, Orta Asiya ölkələrində nikahdan öncə tibbi müayinə kimi məsələ aktual olmasa da, gənclərin sağlamlığı barədə onlardan formal məlumat tələb olunur. Qərb ölkələrində məsələyə çox ciddi yanaşılır. Məsələn, ABŞ-da nikahdan öncə qohum olub-olmamasından asılı olmayaraq, qan analizi mütləqdir. Amma bütün hallarda, nikaha heç kim mane ola bilməz, həkim, sadəcə, xəbərdarlıq edə bilər. Başqa bir AB ölkəsində - Fransada bu məsələ artıq qanuniləşdirilib.
Ukraynada tibbi müayinədən keçmədən evlilik rəsmən yasaqdır. Qanuna əsasən, bəy və gəlin nikahdan öncə tibbi müayinədən keçməli və öz səhhətləri barədə bir-birlərinə mütləq bilgi verməlidir. Bu zaman dövlət onların tibbi müayinəsi üçün şəraiti təmin edəcək, müayinənin nəticələri isə sirr kimi saxlanacaq və yalnız gənclərin özlərinə açıqlanacaq. Nikah bağlayanlardan birinin öz səhhətinin vəziyyəti barədə məlumatı gizlətməsi nikahın etibarsız hesab edilməsi üçün əsas ola bilər.
Bir çoxları isə belə fikirləşir ki, ortada sevgi olduqdan sonra gənclərdə hər hansı xəstəlik aşkarlansa belə, onlar sevgilərindən vaz keçməzlər. Hətta məcburi müayinəni mümkün hesab etməyənlər də var... Bir sözlə məsələyə münasibət birmənalı deyil. Buna günün tələbindən və mentalitet prizmasından yanaşanlar da var...

Əli