İnsanın orqanının başqa bir şəxsə köçürülməsi problemi Hadisə

İnsanın orqanının başqa bir şəxsə köçürülməsi problemi

Mütəxəssislər orqan mafiyasının dünya üzrə getdikcə genişləndiyini söyləyirlər

Xəstənin həyatını ənənəvi müalicə ilə xilas etmək mümkün olmadıqda həkimlər işləməkdən imtina etmiş orqanı sağlam orqanla dəyişməyi vacib sayırlar. Çox zaman bu yeganə çıxış yolu olur. Belə təcrübə ilk dəfə 1933-cü ildə Ukraynada keçirilib. Ukraynalı həkimlər yüzminlərlə ölümcül xəstəyə yeni şəfa mənbəyi tapıblar. İlk köçürülən orqan isə böyrək olub, amma bu təcrübə uğursuzluqla başa çatıb.
İnsanlar üzərində təcrübədən əvvəl 1902-ci ildə avstriyalı alim E.Ulman itlərdə böyrək köçürülməsi aparılıb. Ancaq heyvanlar üzərində əldə olunan nəticələr insanlarda eyni effekti verməyib. İlk dövrlərdə böyrək köçürülən xəstələrin demək olar ki, hamısı ölüb. Yalnız 1954-cü ildə amerikalı həkimlər Bostonda ilk yüksək nəticəli transplantasiya əməliyyatına imza atıblar.
Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsinin tarixi akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq 1971-ci il martın 4-də böyrək köçürülüb. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb.1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb. Sonradan bu iş dayanıb. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, müasir dövrlə uyğunlaşmaması, işin risklilik dərəcəsi - bütün bunlar həkimlərin əlini uzun müddət bu işdən soyudub, onlar transplantasiya ilə məşğul olmayıblar.
Bu sahədə ilk tərpəniş, ənənələrin bərpası müstəqillikdən sonrakı dövrdə müşahidə olunub. Müstəqil Azərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi hadisəsi yalnız 2005-ci ildə Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında baş tutub. Bu əməliyyat iranlı həkimlərin rəhbərliyi ilə keçirilib. Həmin əməliyyatda iştirak edən professor, Azərbaycan Transplantoloqlar Assosiasiyasının sədri Kamal Abdullayevin sözlərinə görə, Azərbaycanda durğunluq müşahidə olunan təxminən 20 ildən çox dövrdə qonşu İranda 18 mindən artıq insana böyrək köçürülüb: "İki xəstə İranda yoxlanıldı. Donorlar birinin atası, digərinin isə bacısı idi. İlk dəfə orada 2 böyrəkköçürmə əməliyyatı bizim iştirakımızla aparıldı. Durğunluq götürüldü və bu buz qırıldı", deyə K. Abdullayev bildirib.
Amma bundan əvvəl hüquqi bazanın formalaşdırılması üçün iş aparılıb. 1999-cu ildə insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanun qəbul olunub. 2000-ci ildə hökumətin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub. Onlar aşağıdakılardır:
1. Ürək
2. Ağ ciyər (ürək-ağ ciyər kompleksi)
3. Qaraciyər
4. Böyrəklər
5. Mədəaltı vəzi və onların seqmentləri
6. Mədəaltı vəzi 12 barmaq bağırsaqla birlikdə
7. Dalaq
8. Sümük iliyi
9. Gözün buynuz qişası
Bu siyahıdan hələlik azərbaycanlı həkimlər yalnız böyrək, son zamanlar isə qaraciyəri transplantasiya edə bilir. 2005-ci ildən bu yana ölkə daxilində 28 nəfərə böyrək köçürülüb. Onlardan 23-ü Kamal Abdullayevin iştirakı ilə aparılıb. Ümumi ölkə üzrə böyrək köçürülən xəstələrin sayı isə indiyədək 234 nəfərdir. Ölkə daxilində əməliyyat olunanlar istisna olunmaqla qalanları xarici ölkələrdə, əsasən İran, Pakistan, Türkiyə və Rusiyada əməliyyat edilib.
Amma bu, yalnız böyrəyə ehtiyacı olan çox az sayda xəstənin tələbatını ödəyib. Səhiyyə Nazirliyinin apardığı hesablamalar göstərir ki, hazırda Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı 10 minə yaxındır. Onlardan 1500 nəfərinin vəziyyəti kritik olduğundan ömürlərini böyrəyin funksiyasını əvəz edən dializ aparatları ilə davam etdirirlər, həftədə 1-3 dəfə, hər dəfə 4 saat olmaqla hemodializ qəbul edirlər. Hazırda ölkədə 13-ü bölgələrdə, 7-si Bakıda olmaqla 20 dövlət hemodializ mərkəzi var. Bundan başqa 2 özəl dializ mərkəzi fəaliyyət göstərir. Beləliklə, ümumi say 22-dir. Bir xəstənin təkcə illik dializ xərcləri 15 min manata çatır. Amma bu xərclər dövlət tərəfindən ödənir. Növbədə gözləməmək üçün özəl mərkəzlərə üz tutanlar isə təkcə hər seans üçün 70 manat ödəməli olurlar ki, bu da ayda 630 manat edir.
Səhiyyə Nazirliyinin xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin qeydiyyatı və hemodializlə təmin olunması üzrə xüsusi komissiyasının rəhbəri, Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın hemodializ şöbəsinin müdiri Fariz Babayev dializ alan xəstələrinin sayının sürətlə artdığını vurğulayır. Dövlət müəssisələrində dializ alanlar 2003-cü ildə 237 nəfər idisə, 2009-cu ildə bu rəqəm 1398-ə çatıb. F. Babayev xəstələrin sayının durmadan artdığını deyir: "Azərbaycan üçün bizim son illər apardığımız statistik hesablamalar bu xəstəliyin ildə 23 -27 faiz artdığını göstərir. Əgər bütün dünyada 2000-ci ildə 1 milyon 3 yüz min xəstə hemodializ müalicəsi alırdısa, bu gün bu rəqəm 2 milyon 100 min nəfərdir. Bütün dünyada bu xəstəliyin getdikcə çoxalması gözlənilir. Bu, birinci növbədə müalicə diaqnostik tədbirlərin artması, xəstələrin vaxtında aşkar olunması, maarifləndirmə tədbirləri ilə bağlıdır".
Amma orqanların transplantasiyası həmişə xeyirxah məqsədlərlə olmur. Sosial vəziyyəti həddən artıq ağır olanlar üçün daxili orqanlar sözün əsl mənasında gəlir mənbəyidir. Mütəxəssislərin qənaətinə görə, azərbaycanlıların daxili orqanları ən çox xarici bazara çıxır. Qeyri-rəsmi məlumatlara görə, daxili bazarda böyrəyin qiyməti təxminən 8-10 min dollar civarındadırsa, İranda bu qiymət 6-15 min dollar, Rusiyada isə 20-30 min dollar həndəvərində dəyişir. Qaraciyərin qiyməti isə bundan dəfələrlə artıqdır. Daxili orqanlarını satmaqla pul qazanmaq istəyənlərin sayı isə təsəvvür olunandan daha çoxdur. Mütəxəssislər deyir ki, qəti qərar verənlərlə müqayisədə bu niyyətdə olanların sayı da xeylidir. Xarici ölkələrə getməyə risk etməyənlər daxildə özləri üçün bazar axtarır. Transplantoloqlar bu barədə kamera qarşısında danışmasalar da, etiraf edirlər ki, onlar hər gün daxili orqanlarını satmaq niyyəti ilə yanlarına gələn bir neçə nəfəri qapıdan geri qaytarmalı olurlar. Hətta bunun üçün elan verənlər də var. Qanun isə donor orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir. Xarici ölkələrin təcrübəsində də belədir. Rusiya qanunlarına görə, donorluq yalnız humanist məqsədlə könüllü olmalıdır, pul qazanmaq mənbəyinə çevrilməməlidir. Azərbaycan qanunları da məsələni bu cür qoyur.
Mütəxəssislərin fikrincə, insan orqanlarının ticarətində müharibələr də əlverişli şərait yaradır. Hitler Almaniyası dövründə aparılan müharibələr, müasir İraq, Əfqanıstan, Yaxın Şərqdə İsrail-Fələstin müharibələri də bu baxımdan tədqiqatçıların diqqət mərkəzindədir. Orqan mafiyası əsasən işğalçı dövlətlərdə özünə qərargahlar yaradır. Burada girov və əsir düşənlərin üzərində ən müxtəlif sınaq-təcrübələr aparılır, onların daxili orqanları çıxarılır. Yeri gəlmişkən, Əsir və İtgin Düşmüş, Girov götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət komissiyasının apardığı araşdırmalar və şahid ifadələri də təsdiqləyir ki, ermənilər əsir və girovların içərisindən əvvəl cavan və sağlam olanları seçib ayırıblar. Onlar naməlum istiqamətə aparılıblar və bir daha geri qayıtmayıblar. Onların bir hissəsinin meyitlərinin təhvil verilməsi zamanı da bir çoxunda ürək, dalaq, qaraciyərin olmadığı, hətta əsirlərin bəzilərinin daxili orqanlarının tamamilə çıxarılaraq yerinə dəmir-dümür doldurulması faktları qeydə alınıb. Ermənilər 3 yaşlı körpənin də sümük iliyini çıxarıblar. Təsadüfi deyil ki, sümük iliyi dünyada ən bahalı transplantasiya materiallarından biri hesab olunur. Bunu girov və əsirlərlə əlaqədar aparılmış araşdırmalar da təsdiqləyir. Rəsmi statistikaya görə, 1-ci Qarabağ müharibəsində ermənilər tərəfindən əsir, itgin və girov götürülmüş şəxslərin sayı 4133 nəfərdir. Onların 800-ə yaxını mülki şəxsdir.
Mütəxəssislər isə orqan mafiyasının dünya üzrə getdikcə genişləndiyini söyləyir. Bir sıra xarici ölkələrdə insan orqanları ticarətinin və xəstələrlə donor olmaq istəyənlər arasında mümkün sövdələşmələrin qarşısını almaq üçün ən effektiv mübarizə tədbirlərindən biri də dövlət tərəfindən donor banklarının yaradılması hesab olunur. Bu ölkələrdə meyitdən orqan götürülməsinə dair qanunlar da işlənib. Demək olar ki, bütün Avropa ölkələrində transplantasiya orqanları bankları fəaliyyət göstərir, ora müntəzəm olaraq donor orqanları daxil olur.
Azərbaycanda meyitdən orqan və ya toxumalar götürən belə donor bankları olmasa da, onun yaradılması üçün hüquqi baza var. Belə ki, qanunda göstərilir ki, əgər şəxs sağlığında donorluğa yazılı razılıq bildiribsə, onun orqanları ölümündən sonra götürülə bilər, yox əgər şəxs sağlığında bundan yazılı şəkildə imtina edibsə, onda bu mümkün deyil. Əgər şəxs sağlığında bu məsələyə münasibət bildirməyibsə, ölümündən sonra onun orqan və toxumlarının götürülməsinə onun yaxın qohumlarının və ya qanuni nümayəndərinin icazəsi olmalıdır.
Mərkəzi Neftçilər Xəstəxanasının şöbə müdiri Mircəlal Kazıminin dünya təcrübəsində ən çox orqan bağışlama rəqəmi əhali sayının 1 milyonuna düşən saya görə götürüldüyünü söyləyir. İspaniya orqan bağışlanmasıı üzrə dünyada 1-ci yerdədir. "Bunun səbəbi odur ki, illərdir bu ölkələrdə transplantasiya gedir, uzun müddət ərzində maarifləndiriliblər. Bu siyahıda ABŞ, Avropa ölkələri də var. Orqan bağışlanmalarının sayı da ildən-ilə artır. Məsələn, gənc bir insan avtomobil qəzasında və ya yüksəkdəndüşmə nəticəsində dünyasını dəyişib, beyin ölümü həyata keçib. Əlbəttə bu ailə, rəhmətə gedən üçün böyük bir faciədir. Amma onu da fikirləşmək lazımdır ki, bu, insan həyatdan getdiyi zaman onun ürəyi, qaraciyəri, böyrəkləri, mədəaltı vəzi, nazik bağırsağı 6-7 insana köçürülür . Yəni 6-7 insan həyata qayıdır".

Ülviyyə Tahirqızı