Məhv olan genefondumuz Hadisə

Məhv olan genefondumuz

Arzu Şirinova

Təxminən iki il bundan əvvəl mətbuatda belə bir informasiya verildi-"Azərbaycanda hər iki saatdan bir 1 körpə dünyasını dəyişir". Bu isə günümüzün reallığıdır desəm, bəlkə də mənimlə razılaşarsınız. Həmin informasiyada bildirilirdi:"UHİSEF-in Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Həyat üçün faydalı faktlar" toplusunun təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Sevil Əsədova deyib ki, bu, qorxulu statistikadır. Ancaq bunun qarşısını almaq mümkündür. Bu isə yalnız həkimlərdən asılı deyil. Azərbaycanda 3 milyon uşaqdan təxminən 10 faizi hələ də həll edilməmiş regional münaqişə üzündən torpaqlarından didərgin düşüb. Qeyri-advekat qidalanma vərdişləri üzündən reproduktiv yaşda olan hər 4 qadından 3-ü, eləcə də hər 5 uşaqdan 2-si anemiyadan əziyyət çəkir. Hər 4 uşaqdan 1-i qısaboyludur. Hər 8 uşaqdan yalnız təxminən 1-i həyatının ilk 6 ayında müstəsna şəkildə ana südü ilə qidalanır". Bu cür vəziyyət indi də davam edir.
Doğrudan da qorxulu statistikadır. Bu qorxulu, eyni zamanda genefondumuzun məhvinin ortada olduğu vəziyyətin aradan qaldırılması yönündə işlərin başlanması və aparılması hər bir kəsin borcudur. Sıravisindən tutmuş vəzifəlisinə qədər.
Hiyəsini izah edəcəyəm. Çox yaxın qohumlarımdan biri neçə illərin ginikoloqudu. Təxminən 10 il bundan əvvəl onunla söhbət zamanı bildirdi ki, ona müraciət edən qadınların 10-dan 9-nun qanında müxtəlif cür mikroblar aşkarlanır. Bu isə uşaq dünyaya gətirilməsinə əngəl yaradır. Çox hallarda müalicə aparılsa da belə, yeni doğulan uşaqlarda fəsadlar qalır. Və həmin uşaqlar bir müddət həkim nəzarətində müalicə olunur. Mən faktın kökünü soruşanda o, qidalandığımız ərzaq məhsullarında problemin olduğunu əsas gətirdi.
Əvvəllər deyirdilər ki, iri şəhərlərdə, əsasən də kimya müəssisələri inşa olunan şəhərlərdə doğulan uşaqlarda problem yaranır. Bu gün isə həmin problem bütün regionları ağuşuna alıb. Çünki ölkəyə gətirilən ərzaq məhsulları ekoloji cəhətdən yararsızdır.
Başlayım çörək məhsullarından. Bu gün dəb halını alıb, arıqlamaq istəyən də, şəkər xəstəliyi olan da qara çörəkdən istifadə edir. Bundan yararlanan işbazlar qazanclarını artırmaq məqsədilə çörəyə də haram qatıblar. Belə ki, xəmirin tərkibinə qara rəng qataraq insanları aldadıb para qazanırlar. Bu faktı ilk dəfə eşidəndə inanmadım və qara çörək alıb bir qədər kəsib su dolu qabın içinə qoydum. Bir qədər keçməmiş suyun rənginin dəyişdiyinin şahidi oldum.
Günümüzdə ən çox istifadə etdiyimiz məhsullardan biri də toyuq ətidir. Bu məhsulun ərsəyə gəlməsi üçün heç də 6 ay gözləmək lazım gəmir. Cəmi bir aya cücə böyüyüb yekə bir toyuq olur. Bişirəndə isə uzağı 15-20 dəqiqə vaxt lazımdır, yoxsa yemək horraya dönər.
Ölkəyə gətirilən meyvə tərəvəzdənsə danışmaqla qurtarmaz. Baxmayaraq Azərbaycan təbiətinə görə zəngindir. Ancaq bu zənginlikdən sıravi vətəndaşlar faydalana bilmir. Bir neçə gün bundan əvvəl Qubada xarab olmuş tonlarla almanın çaya axıdıldığını televiziyadan seyr etdim. Məhsulu yetişdirən kənd sakini deyir ki, becərdikləri almanı satmaq üçün onlara əngəl törədirlər. Həticədə də min bir əziyyətlə ərsəyə gətirdikləri məhsul zay olub gedir. Əvəzində ölkəyə ekoloji cəhətdən yararsız və orqanizmdə xəstəliklərə yol açan meyvələr gətirilir. Yenə də televiziya vasitəsilə seyr etdiyim bir fakta istinad edirəm. Azərbaycanda ağaclar hələ təzə çiçək açıb, ancaq bazarlarda alça, gilas, gilanar, hətta qarpız belə satılır. Qiymətlər bir yana, həmin məhsulların keyfiyyətindən danışmağa ehtiyac görmürəm.
Ölkəyə gətirilən və yaxud elə ölkədə istehsal olunan bu cür zay məhsullar sonda fəlakətimizə yol açır. Yuxarıda qeyd etdiyim kimi genefondumuzun məhvilə nəticələnir. Yəni, hər iki saatdan bir 1 körpəni torpağa gömürük.