Azərbaycanın soraqları xarici dillərdə Mədəniyyət

Azərbaycanın soraqları xarici dillərdə

II yazı

"Azerbaijan İnternational" jurnalının başqa bir sayında da atalar sözlərinə ayrıca yer verilib. Bu sayda verilən atalar sözləri yeməklə bağlıdır. Müəlliflər Jalə Qəribova və Beti Bleyr yeməklərlə bağlı atalar sözlərini ayrı-ayrı qruplara bölərək 48 atalar sözü veriblər. Öncə atalar sözləri ingiliscə verilib, daha sonra isə onların Azərbaycan türkcəsində qarşılığı yazılıb. Maraqlı cəhətlərdən biri də odur ki, müəlliflər atalar sözlərində işlənən milli sözlərin izahını da mətnə əlavə ediblər. Məsələn, "plov", "halva", "umac", "əriştə", "molla", "doşab", "ayran", "zəfəran", "küftə", "südlü aş" və s. kimi sırf Azərbaycan sözləri ilə bağlı zəruri açıqlamalar da verilib. Bu da göstərilən sözlərin işləndiyi Azərbaycan atalar sözlərinin daha dərindən başa düşülməsinə kömək edir. Məsələn: "Özünə umac ova bilmir, başqasına əriştə kəsir" - ("Bu misal o şəxslərə aid edilir ki, özü sadə bir işi bacara bilmir, başqalarına daha çətin işlərdə məsləhət verir"). "Doşab aldım, bal çıxdı" - ("Doşab qaynadılmış üzümdən hazırlanan qatı şirədir. Bu ifadə gözlənildiyindən daha yaxşı nəticə alındıqda işlədilir. Məsələn, qayınana bu məsəli razı qaldığı gəlini haqqında deyə bilər").
"Halva-halva deməklə ağız şirin olmaz" - ("Halva ənənəvi şirniyyatdır, ancaq onu hazırlamaq üçün işləmək lazımdır. Burda heç bir möcüzə yoxdur"). "Azerbaijan İnternational" jurnalında Azərbaycan folklor nümunələrindən biri olan meyxana haqqında da məlumat verilib. Burada göstərilir ki, meyxananın kökü qədimdir və ola bilsin ki, meyxana sufi ənənələri ilə bağlıdır. Azərbaycanda meyxana daha çox Abşeron yarımadasında yayılıb. Meyxananın da başqa folklor nümunələri kimi bir sıra özəllikləri var. Meyxanada əsas prinsiplərdən biri gözlənilməzlikdir. Meyxana söyləyən şəxs əvvəlcədən, heç bir hazırlıq görmədən, bədahətən deyilmiş qafiyəyə uyğun şeir söyləyir. Meyxanada ən azı iki nəfər iştirak edir. Onlardan biri dörd və ya beş misralıq bir bənd söyləyir, o biri meyxanaçı da bu bəndin qafiyəsinə uyğun şeir söyləməlidir.
Meyxananın mövzusu da müxtəlifdir. Burada mövzular pulla, qadınla, maşınla, işlə, məişət məsələri ilə, siyasi işlərlə, eləcə də müasir məsələlər ilə bağlı ola bilər. Meyxanada əsas məsələlərdən biri qafiyə və ritmdir. Meyxananın dili danışıq dilidir. Bəzən başqa bir xarici dildə olan sözlər də meyxanada işlədilə bilər. Meyxana oxunuşu bəzən bir neçə saat davam edə bilər. Bir sıra ustadların fikrinə görə, meyxana Allahın verdiyi bir nemətdir.
Bilindiyi kimi, sovet dövründə meyxana qadağan edilmişdi. Ancaq bir sıra şəxslər xüsusi evlərdə meyxana söyləyə bilirdilər. Sovet dövründə meyxananın qadağan edilməsinin də bir neçə səbəbi var idi. Bu rejimin ideologiyasına görə, meyxana qərb şeirlərini xatırladır, meyxananın ərəb qrafikası və İslam dini ilə bağlılığı var. Bu dövrdə meyxananın qadağan olunmasının başqa bir səbəbi də meyxanada söylənilən şeirlərin satirik məzmunlu olmasıdır. Nəhayət, meyxana insanları bir araya topladığına görə sovet rejimi onu qəbul etmirdi. Jurnalda meyxananın inkişafının üç mərhələsi göstərilib: Birinci mərhələ qədim dövrdən başlayaraq 1920-ci ilədək davam edən dövrdür. İkinci mərhələ Sovet dövrünü əhatə edir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yazılmış meyxanalar isə üçüncü dövrə aid edilir.
Birinci mərhələdə Azərbaycanda meyxana bir folklor janrı kimi sərbəst olub. Sovet dövründə qadağan olması səbəbilə meyxanaya xüsusi bir maraq göstərilib. Bu gün isə meyxana söyləyənlərin sayı həddən artıq çoxdur. Müəlliflər meyxana ilə rep arasında bir uyğunluq da görürlər.
Jurnalda meyxana ilə bağlı verilmiş məqalənin sonunda Azərbaycanın məşhur meyxana ustalarından Ağasəlim Səlimovun "Pul" adlı meyxanasının Azərbaycan dilində mətni və ingilis dilinə tərcüməsi verilib. Aşağıda bu meyxanadan bir bəndin Azərbaycan dilində mətni təqdim edilir:


Kasıb gecə puldan ötrü yatmayır,
Arzuları çoxdur, ona çatmayır,
Çox axtarır, kasıb pulu tapmayır.
Ona düşməndi köpək oğlunun pulu!

Jurnalda Azərbaycan folklorunun ən dəyərli nümunələrindən biri olan yanıltmaclar haqqında da qısa məlumat və nümunələr verilib. Bu qısa məlumatda göstərilir ki, yanıltmaclar uşaqların nitq mədəniyyətinin inkişafında önəmli yer tutur. Yanıltmacların yumorlu məzmunu olur. Yanıltmac söyləyərkən uşaq sürətlə, dayanmadan, yanılmadan mətni söyləməlidir.
Jurnalda iki Azərbaycan yanıltmacı da ingilis dilinə tərcümə edilib. Təbii ki, yanıltmacı ingilis dilinə tərcümə etmək çox çətindir. Ancaq bu yanıltmacların məzmunu ingilis dilində oxucuya çatdırılıb, bir sıra hallarda isə yanıltmacın tərcümə prinsiplərinə əməl edilməyib. Biz bir yanıltmac mətnini təqdim edirik:


Ay axsaq aşpaz Abbas,
Aşpazlar axşama aş bişirir,
Sən də get aş bişir,
Ay axsaq aşpaz Abbas.


Jurnalda Azərbaycan əfsanələri ilə bağlı məlumat da verilib. B.Bleyr Azərbaycan əfsanələrinin xarakteri, mövzusu, ideyası, başlıca obrazları haqqında qısa məlumat təqdim edib. O, Azərbaycan əfsanələrini bir milli dəyər kimi qiymətləndirib. Müəllif məqaləsində nağıl və dastan qəhrəmanlarına, div, quş, uçan xalça obrazlarına ayrıca yer ayırıb. Azərbaycan dastanlarındakı əfsanəvi motivləri, qəhrəmanları qısa təhlil edib. "Sumqayıt" və "Ceyranbatan"la bağlı əfsanələrin mətni F.Axundov tərəfindən ingilis dilinə çevirilib.
Jurnalda Azərbaycan türklərinin inancları ilə bağlı verilən məlumatlarda göstərilir ki, azərbaycanlılar qədim dövrdən başlayaraq bu günədək bir sıra inanclarını qoruyub saxlayırlar. Məsələn, inanclarla bağlı məqalə yazan Cin Peterson və Arzu Ağayeva göstərirlər ki, azərbaycanlılar bəd nəzərə inanırlar və ondan qorunmaq üçün bir sıra vasitələrdən istifadə edirlər. Bu vasitələr sırasında göz müncuğu, üzərlik, dəvə tükü, göy muncuq, dağdağan ağacı xüsusi yer tutur. Məqalədə bunların hər biri ilə bağlı qısa məlumat verilib.
Jurnalda Azərbaycan uşaq nağılları ilə bağlı qısa məlumat verilmiş, bir sıra uşaq nağılları nümunələri ("Cırtdan", "Göyərçin necə sülh quşu oldu?" və Abdulla Şaiqin yazdığı "Hiyləgər tülkü" və "Tülkü həccə gedir" adlı nağıllar) ingilis dilinə tərcümə edilib. Azərbaycan uşaq nağılları ilə bağlı verilən məlumatda bildirilir ki, bu nağıllar uşaqların duyğu və düşüncələrini inkişaf etdirir, xeyirlə şər arasında gedən mübarizədə xeyirin qalib gəlməsi uşaqlarda ədalət duyğusu yaradır. Azərbaycan uşaq nağıllarını mövzu və ideyasına görə bir sıra Avropa uşaq nağılları ilə müqayisə edilir.
Son zamanlar Azərbaycan ədəbiyyatı, mifologiyası və folkloru ilə bağlı ingilis dilində yazılan məqalələrin sayı xeyli artıb. Azərbaycan alimləri (T.Hacıyev, F.Qasımzadə, A.Nəbiyev, K.Allahyarov, M.Qasımlı, C.Nağıyev, Q.Namazov, P.Xəlilov, Ə.Ramiz, E.Əzizov, M.Fərəcova, Z.Həsənov, İ.Nəcəfova və b.) milli ədəbiyyatın, folklorun və mifologiyanın ayrı-ayrı problemləri ilə bağlı ingilis dilində bir sıra məqalələr çap etdirib.
T.Hacıyevin göstərilən məqaləsində folklor, mif, alleqoriya və yazılı macəra arasındakı əlaqə problemi şərh edilib. Alim bu məqalədə ayrı-ayrı xalqların mifologiyasında olan oxşarlıqlara yer verib və IX əsrdə yazılmış "Şan Qızı Dastanı"na xüsusi yer ayırıb. M. Qasımlının "Türk epik düşüncəsində "Qorqud"un mifoloji və tarixi statusu" adlı məqaləsində göstərilir ki, Dədə Qorqud türk etnik-mədəni sisteminin qoruyucusudur. Dədə Qorqud Allahın göndərdiyi bir elçidir. Alimə görə, "Dədə Qorqud" adı üç mərhələdən keçib: mifoloji mərhələ, epik mərhələ, dəyişmə (deformativ) mərhələsi. Alim hər üç mərhələnin xüsusiyyətlərini açıqlayıb.
K.Allahyarov göstərilən məqaləsində Zərdüştün doğma vətəninin mifoloji və coğrafi qaynaqlarını şərh edib. F.Qasımzadənin "Mif məsələləri" və P.Xəlilovun "Mif, millət və macəra" adlı məqalələrində, ümumiyyətlə, mifologiya ilə bağlı məsələlər, mifologiya ilə folklor arasındakı əlaqələr qısaca şərh edilib. A.Nəbiyevin "Azərbaycan mifologiyasının qaynaqları haqqında" adlı məqaləsində Azərbaycan mifologiyasının mərhələləri şərh olunub, Azərbaycan mifoloji düşüncəsinin türk, eləcə də bir sıra dünya xalqlarının mifologiyası ilə əlaqələri tezis şəklində şərh edilib. C.Nağıyev "Bir Koreya mifik qəhrəmanı və Koreya-Azərbaycan mif-folklor əlaqələri" adlı məqaləsində Koreya xalqı arasında yayılmış olan şamançılıq ənənələri ilə Azərbaycan mifologiyasındakı şamançılıq düşüncəsi arasında olan əlaqələr göstərilib.
Q.Namazov isə "Kosmoqonik miflər" adlı məqaləsində bu tipli miflərin mahiyyəti, strukturu və yazılı ədəbiyyatdakı izləri ilə bağlı məlumat verib.
E.Əzizovun "Qədim türk əfsanəsi və Azərbaycan folkloru" məqaləsində ayrı-ayrı xalqların, o sıradan türklərin əfsanə və mifologiyasında olan "qurd ana" obrazı təhlil edilib. Bu məqalədə göstərilir ki, qurd türk mifologiyasında uğur və gücün simvoludur. Müəllif türk folklorunda, Göytürk əfsanələrində, "Kitabi-Dədə Qorqud", "Əsli-Kərəm", "Koroğlu" dastanlarında qurd obrazının funksiyalarını göstərib. R.Əsgərin "Türk mifologiyası və yeni dünya nizamı" adlı məqaləsində qədim türklərin düşüncəsinin əsas prinsipləri açıqlanıb. Bu məqalədə göstərilir ki, qədim türklər Allahın onlara ayrıca bir missiya verdiyinə inanırdılar. Onların düşüncəsinə görə, türk dünya nizamının qurucusu, qoruyucusu və idarəedicisi idi.

Vəfa İbrahimova,
filologiya üzrə frəlsəfə doktoru