“ART Weekend” iştirakçısı Röya Həsən: Mənim üçün bu, sadəcə bir sərgi deyil, ürəkdən gələn bir çağırışdır Mədəniyyət

“ART Weekend” iştirakçısı Röya Həsən: Mənim üçün bu, sadəcə bir sərgi deyil, ürəkdən gələn bir çağırışdır

AZƏRTAC Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən “ART Weekend” festivalının iştirakçıları ilə silsilə söhbətlər aparır.

“Mənim dənizlərim, mənim okeanlarım” adlı sərgidə iştirak edən rəssam Röya Həsən AZƏRTAC-a müsahibəsində tədbirin onun üçün kəsb etdiyi əhəmiyyətdən danışıb.

“Mənim üçün bu sərgidə iştirak dənizin, təbiətin və daxili yaddaşın dilində danışmaq üçün bir fürsətdir. Bu, sadəcə bir rəsmin nümayişi deyil, dünya ilə kövrəklik və ümid haqqında dialoqumun bir parçasıdır. Mənim üçün bu, sadəcə bir sərgi deyil. Bu, ürəkdən gələn bir çağırışdır. “Ətrafımızdakı həyat canlıdır” demək üçün bir fürsətdir. Nə qədər ki, gec deyil, onu eşidin. Mənim əsərim zamanla topladığım lazımsız materiallardan yaranıb. Mən göstərmək istəyirdim ki, dirçəlişə qadir olan təbiətin özü kimi incəsənət hətta mənasını itirmiş şeyləri də canlandıra bilər”, - deyə Röya qeyd edib.

Sərgi çərçivəsində rəssam “Məni sev! Məni qoru!” (Love me! Protect me!) əsərini təqdim edib. Həmsöhbətimizin sözlərinə görə, bu əsər sükut və kədərin qonşu olduğu yerdə - dənizin yaddaşından danışır. Məhz bu rəsmdə azadlıq simvolunu təcəssüm etdirən tısbağa plastik tələləri arxada qoyaraq şəffaf sularda üzür. Ətrafındakı tullantılar illər ərzində yığılaraq okeanın səssiz fəryadına çevrilib və buna baxmayaraq, bu əsərdə tısbağa azadlığa çıxır – o, həyata, ümidə, yenilənməyə doğru irəliləyir. “Dəniz yaşadığı müddətdə həyat davam edir. Onu qorumaq öz gələcəyimizi qorumaq deməkdir”, - deyə R.Həsən vurğulayıb.