Musiqi mədəniyyəti muzeyinə 55 mindən çox eksponat toplanılıb Mədəniyyət

Musiqi mədəniyyəti muzeyinə 55 mindən çox eksponat toplanılıb

Yaranmasının 50 illiyini qeyd edən Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramovanın AZƏRTAC-a ixtisarla müsahibəsini oxucularımıza təqdim edirik:

-Alla xanım, əvvəlcə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yarıməsrlik fəaliyyətində aparılan əsas məqsədyönlü işlərə nəzər salaq.
-Bildiyiniz kimi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci il martın 13-də yaradılıb. Əlbəttə ki, muzey yarıməsrlik fəaliyyətində səmərəli işlərlə məşğul olmaqla yanaşı, musiqi mədəniyyəti tarixinə aid materialların aşkar edilməsi, toplanması, muzey kolleksiyalarının zənginləşdirilməsi, qorunması, öyrənilməsi və təbliği üzrə həm Azərbaycanda, həm də xaricdə böyük işlər görüb. Bu ənənə bu gün də uğurla davam etdirilir. Bu məqsədlə muzey xarici ölkə arxivlərində elmi araşdırmalara cəlb edilib. Bunun üçün Azərbaycan musiqi tarixinə aid bütün qiymətli eksponatlar müvafiq olaraq xarici ölkələrdən muzeyə gətirilir. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli nümunələridir. Qeyd edilən istiqamətdə bütün qüvvəmizi səfərbər etmişik. Son illərdə muzeydə çoxsaylı işlər görülüb, bu yöndə işimizi davam etdiririk. Hazırda muzeyimizin nəzdində 15 musiqiçini özündə birləşdirən Qədim Musiqi Alətləri Ansamblı fəaliyyət göstərir. Bu ansambl nəinki ölkəmizdə, həm də tez-tez xarici ölkələrdə konsert proqramları ilə çıxış edir. Qədim Musiqi Alətləri Ansamblının hər bir çıxışı maraqla qarşılanır.
-Hazırda muzeydə nə qədər eksponat yer alır?
- Muzeyin yarıməsrlik fəaliyyəti dövründə ümumilikdə 55 mindən çox eksponat toplanıb. Bu eksponatlar içərisində milli musiqi alətləri ilə yanaşı, dünya xalqlarının musiqi alətləri, not əlyazmaları, fotoşəkillər, təsviri sənət nümunələri və çox nadir səs yazıları var. Muzeydə 277 ədəd musiqi aləti qorunub saxlanılır. Bunların 208-i milli, 69-u isə qeyri-milli alətdir. Bundan başqa, muzeydə Keçəçioğlu Məhəmmədin və Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhrəm Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun və Ramiz Quliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Aşıq Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazları və Qılman Salahovun kamançası saxlanılır. Sevindirici haldır ki, bu gün muzeyimizin tərkibində üç muzey filialı da fəaliyyət göstərir. Bunlar Xalq Çalğı Alətləri Daimi Sərgi Muzeyi, Niyazinin mənzil muzeyi, Vaqif Mustafazadənin ev muzeyidir. Bu muzeylərin hər birində ayrı-ayrılıqda mövcud olan eksponatlar da bir növ Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları sırasında qərarlaşır. Gələcəkdə muzeyin nəzdində fəaliyyət göstərəcək Qara Qarayevin ev muzeyi isə hazırlıq mərhələsindədir.
-Bu gün muzeyinizin beynəlxalq qurumlarla əməkdaşlığı hansı səviyyədədir?
-Əvvəlcə onu deyim ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyi respublikamızda və beynəlxalq arenada reallaşan elmi seminarlarda və festivallarda fəal iştirak edir. Biz 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və TÜRKSOY-un təşkilatçılığı ilə "Türk xalqlarının musiqi alətləri" beynəlxalq elmi simpoziumunu gerçəkləşdirdik. Bu, Azərbaycanda ilk dəfə olaraq musiqidə türk birliyi haqqında beynəlxalq forum kimi tarixə düşdü. Bundan başqa, biz bir sıra beynəlxalq komitə və assosiasiyalarla əməkdaşlıq edirik. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1994-cü ildən Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür. Muzeyin direktoru olaraq bir sıra beynəlxalq komitələrdə ölkəmizi təmsil edirəm. Diqqətinizə çatdırım ki, 2010-cu ildən Musiqi Muzeyləri və Kolleksiyaları Assosiasıyasının Beynəlxalq Komitəsinin həmtəsisçisi və üzvü olmaqla yanaşı, Söz və Musiqi Öyrənilməsi Assosiasiyasının (WMA) ölkəmizdən yeganə üzvü seçilmişəm. Bundan başqa, Musiqi Alətləri Muzeyləri və Kolleksiyaları Beynəlxalq Komitəsinin (СIMCIM) idarə heyətinin və Ədəbiyyatçıların və Bəstəkarların Muzeyləri Beynəlxalq Komitəsinin (ICLM) idarə heyətinin üzvüyəm. Muzeyimiz 2012-ci ildən "İntermuzey" Beynəlxalq Festivalında iştirak edir. Biz bu yöndə bütün lazımi əlaqələrimizi qurmuşuq. Musiqi Mədəniyyəti Dövlət Muzeyi istər yerli, istərsə də beynəlxalq tədbirlərdə fəal iştirak edir. Bundan sonra da bu istiqamətdəki fəaliyyətimizi genişləndirməyi düşünürük.