Şumer - Azərbaycan ərazisinə tam uyğun gəlir Mədəniyyət

Şumer - Azərbaycan ərazisinə tam uyğun gəlir

Azərbaycan-türk xalqı qədim Şumerlərin davamı və inkişafıdır

II yazı

Bütün bu faktlar, deyilənlər, xüsusilə arxeoloq alimlərin narahatçılığı bəşər tarixinin yenidən öyrənilib yazılması zəruriyyətini qarşıya qoyur, bu barədə ciddi düşünməyi tələb edir. Dünyanın görkəmli alimləri buna meyllidir. Alman arxeoloq alimin dilindən eşidilən "Almaniyada və Avropada adamlar çox vaxt öz tarixlərini bilmir və ya anlamaq istəmirlər" giley-güzarı çox ağrılı sözlərdir. Bu ağrıların müalicəyə ciddi ehtiyacı var. Burada bir qədər qədimlərə, qədim dövr alimlərinə müraciət edək, görək onların tarixə miinasibəti necə olub?
XI əsrin böyük alimi Mahmud Kaşğarlı daha qədim mənbələrdən hali imiş ki, yazırdı: "Ulu və qüdrətli Tanrı deyir: "Həqiqətən mənim türk adlandırdığım bir ordum var. Onları gündoğan ölkələrdə yerləşdirdim. Hər hansı bir qövmə qəzəbim tutduqda onları ona qarşı saldım"; "Tanrının Dövlət günəşini türk bürclərində doğdurmuş olduğunu gördün. Tanrı onlara türk adını verdi və onları yer üzünə elbəv qıldı. Zəmanəmizin xaqanlarını onlardan çıxartdı" (138,1 c. s. 294). (Divani-lüğət-it-türk, Ankara, I, 1939, s. 294).
XVII əsrdə yaşamış Xivə xanı, hərbçi və tarixçi Əbilqazi Bahadır xanın bu sözləri də qədim Şumer mənbələrinə əsaslanaraq deyilmişdi: "Yerdən su çıxdı, göydən yağış yağdı. Yer üzündəki bütün canlı suya qərq oldu. Nuh Pevğəmbər üç oğlu və (düzgün) dinə iman gətirən səksən adamla gəmiyə mindi. Bir neçə aydan sonra Haqq-təalanın buyruğu ilə Yer suyu özünə çəkdi. Mosul adlanan şəhərin yaxınlığında gəmi Cudi adlı dağa yan aldı.
Gəmidən çıxan üç gəlini sağaltdılar, qalan bütün adamlar öldülər. Ondan sonra Nuh peyğəmbər üç oğlundan hər birini müxtəlif ölkəyə göndərdi. Xam (Qam) adlı oğlunu o, Hindistan ölkəsinə göndərdi. Sam adlı oğlunu İran ölkəsinə göndərdi. Yafəs (Yafət) adlı oğlunu quzey qütbü tərəfə göndərdi. O, hər üçünə dedi: "Adəm oğullarından sizin üçünüzdən başqa heç kim qalmadı. İndi siz üçünüz bu (üç) yurdda yerləşsin, haçan sizin çoxlu oğullarınız (uşaqlarınız) olarsa, o yerləri (özümüzə) yurd edin və (orada) yaşayın. Və Yafəs atasının iradəsi ilə Cudi dağını tərk edərək, İtil və Yavıq sahillərinə getdi. Onun səkkiz oğlu vardı, (onun oğullarının adları bunlardır: Türk, Xəzər, Saklab, Rus, Minq, Çin, Kəməsi, Tarix. Yafəs ölərkən öz yerinə böyük oğlu Türkü qoydu. Digər oğullarına isə dedi: "Türkü özümüzə hökmdar bilib itaətindən çıxmayın!"
Diqqət edin! Ağlın məntiqi var. Hərbci-tarixçi Əbilqazi Bahadır xan bu fikri, söz yox, özündən əvvəlki etibarlı tarixi mənbələrə əsasən demiş, söyləmişdi. Türk-Xəzər, Saklab, Rus, Çin, Tarix adları tarixən və indinin özündə dünyanın çox məşhur xalqlarının adlarında öz mübarək ifadəsini tapıb. Bu təsadüfdümü? Yox! Ağlın məntiqi də deyir ki, bu xalqların kökü-mənşəyi buradan gəlir. Tarix onları bu kökdən - ailədən ayırıb müstəqil xalqlar edib, formalaşdırıb.
Qədim dini mənbələrə və Şumer dastanlarına nəzər yetirək. Dünya şöhrətli məşhur alim Eynşteynin belə bir kəlamı var: "Dinə əsaslanmayan elmə inanmaq mümkün deyil". "Kainatın və insanın yaranması haqqında" adlı kitabədə insanın yaranmasına dair, ilkin Şumer təsəvvürləri belədir: "Başlanğıçda Kainatın bütün Varlığı Böyük Okeanın dolu suyundan ibarət olmuş. Onun nə əvvəli, nə də sonu varmış. Onu heç kim yaratmamış, əbədi mövcud olmuş və çox min-min illər ondan başqa heç nə olmamış…" "An və Kınin (Ata göylər və Ana yerin) nigahından ilkin insan tanrılar - Enlil və Enki qardaşları doğuldu".
Həmin fikir "Bibliya"da da eynilə təkrar olunur, amma adlar başqadır; Habil və Qabil qardaşlarıdır. Çünki ilk qaynaq, mənbə Şərqdir, Şumer qaynaqlarıdır. İnsanın yaranması, ümumən canlı aləmin (heyvanların, bitkilərin, həşaratın…) yaranması, doğuluşu və inkişafında bu amillər mühüm şərt kimi göstərilir: günəş, hava, su və yer (torpaq). Əgər bu dörd amildən biri çatmasa, canlı aləm məhv olar, həyat sönər.
Qədim Şumer "Enema El işi Dünyanın yaranması" dastanı bütünlüklə bu məsələyə həsr olunub: İnsan - yaradılış olan "Adam//Adəm"in yaranması dastanda açıqlanır, mifik, ilahi təsəvvür verilir. İnsan-Adam Yer-in bəzəyi, "əşrəfi" mənasında təqdim olunur. İnsan başqa canlılardan fərqli - Tanrı sifət, gözəl yaradılır. Başqa canlılardan fərqli olaraq ona dil, din və inam verilir.
İnsanın yaranması, dünyaya gəlişi Göy ilahələrinin gözəl işi, yaradılışı, Yerə verdikləri, töhvə kimi canlandırılır, təsvir olunur. Həmin dastandan bir səhnəni xatırladaq. Göydə ilahələr belə qərara gəlir; ilk ilahə Enkinin dilindən deyilir:

"İlahi sifət dərrakəsi tam
Yaratsaq ağılla düşünən "Adam",
Yer üzü büs-bütün başqa rəng alar
Adam canlıların əşrəfi olar.
Bir az da düşünüb dedi oğluna
Amma gərəkdir ki, burda biz ona
Ölməzlər ruhundan, qanından verək,
Mələyə bənzəmək nədir, göstərək.
O da deyə bilsin, mən də bir odam
Bu şərtlə yaranar dediyim adam.
Batildə Dinqiri qoruyar, əlbət,
Zahirdə olarsa o Dinqir sifət.
Təklifdən baş mələk çox razı qaldı,
Onun çöhrəsini təbəssüm aldı.
Yaman bəyənmişdi o bu təklifi
Pirlərin hamısının açıldı kefi.
Bir yerdə Enkini təriflədilər,
Əylənib, keflənib şənlik etdilər".
(Şumer dastanları, Bakı, 2008, səh.97)

Dastanda İlahə Enki, onun oğlu ilahə Martıq, Pir başı Anu//An, Kinqin kimi mələklər xatırlanır; onların hər biri Yer üzünə Tanrısifət gözəl varlıq - insan gətirmək üçün sevinclə, xoşluqla işə girişir.

"Martıq yaxınlaşıb olduqda xoşhal,
Bu işi təxirə salmadan dərhal
Köməyə çağırıb Pir başı Anu
Əmr etdi: "Kinqin axan qanını,
Toplayaraq gillə həll edib onlar,
Palçıqdan Adama ət yoğursunlar".
Kinqin sümüyündən bir parça alıb,
Martıq təmizlənmiş palçığa salıb
Diqqətlə çalışıb yoğurdu, yapdı,
Dinqir bənzərində Adam yaratdı.
Sonra nəfəsindən ruh verib ona
Ayıldıb anlatdı kim olduğunu.
Daha sonra ona öyrədib dili
Dedi yerdə verib insan nəsili,
Zəhmətə, əməyə orda alışın,
Doğulun, çoxalın, birgə çalışın.
Tər tökərək bolluq yaradın ki, siz,
Əziyyət görmədən həyat sürək biz.
Sonradan Adama din-iman verdi.
Ki-En-Kir adlanan yerə göndərdi".

Burada insanın xoş niyyətlə dünyaya gələn, yaradılan bir varlıq olduğu, dünyanın əşrəfi sayıldığı, onun Tanrıya (Dinqirə) bənzər yarandığı xüsusi vurğulanır. Qədim Şumer təsəvvürləri belə olub. Burada mənim yadıma ali məktəbdə beynimizə yeridilən Darvinin "insanın meymundan yarandığı, əmələ gəldiyi və Engelsin "Meymunun insanlaşması prosesində əməyin rolu əsərilə təsdiqə çalışdığı yadıma düşdü. Xəyalımda onlara sual verirdim: "İnsan meymundan əmələ gəlibsə, bəs meymun hardan, nədən əmələ gəlib?!
İlk yaradılış olan Adam//Adəm və Hava//Həvva, Yeva cütü, ər-arvad adları türkcədir. Dini qaynaqlarda, elmi mənbələrdə də bu adlar elə-belə xatırlanıb. Bunu necə açıqlamaq olar? Bu, çox ciddi sualdır. Bu adlar türk sözüdür, çox-çox qədimdir; min-min illər, bəlkə də milyon. Ola bilsin ki, Adam sözü əslində Atam şəklində olub. Atam, ata, (Atalar atası) şəklində də işlənib; çünki türk dillərində d, t səsləri məxrəccə bir-birinə yaxın səslərdir və bu gün də dildə özünü göstərir. Hava//Havva adı daha artıq diqqət cəlb edir. İlk qadın insan Hava adlandırılıb. Adın seçilməsi, ilk yaradılışa verilməsi ilahi məntiqə əsaslanır. Belə ki, canlı aləmin yaranması, mövcudluğu və yaşamasında Hava nə dərəcə zəruridirsə, ilk qadın da - Hava//Həvva ana da o dərəcədə zəruri olub. Bu, İlahidən gələn məna uyğunluğudur...
Bu, ilahi mənalandırmadır. Tam fəlsəfi mahiyyət daşıyır; fəlsəfi fikrin başlanğıcıdır, insan yarananda onun fəlsəfi mənası da verilib. Dünya tarixin marağındadır. Amerikalı tədqiqatçı Ceyn Matlok "Ey dünya insanları, hamınız türksünüz" adlı kitabında dünyada yaşayan insanların, hamısının Türk əsilli olduğunu yazır. Lent.az-ın xəbərinə görə araşdırmaçı bunu Türkiyə mətbuatına açıqlamasında deyib. 81 yaşlı araşdırmaçı bildirib ki, dünyada insan övladı ilk dəfə türkcə danışıb, elm, fəlsəfə və dinin də yaradıcıları türklərdir. O, 65 illik tədqiqat zamanı dini təsəvvürlər, mifologiya, mədəniyyət və s. sahələrdə əldə olunan məlumatları təhlil etməklə bu qənaətə gəldiyini vurğulayıb. Digər tərəfdən, İngiltərə və Fransada insan və yer adlarında çoxlu sayda türk sözünə rast gəlmək olar. Finlandiyada "Kikpinar" adlanan yer var. Urdu dilində belə türk sözləri minlərlədir. Hindlilərin müqəddəs "Mahabharata" kitabı da əslində türklərin tarixindən bəhs edir. Yunanların böyük Tanrısı Zevsin də adı türkcədir. O qeyd edib ki, Romanın qurucusu sayılan etrusklar türklərdir. Onların DNT-si türklərin DNT-si ilə 97% üst-üstə düşür. Amerikadakı hinduların isə özləri türk olduqlarını söyləyir. Araşdırmaçı onu da deyib ki, Amerikadakı yerli xalq - hindular, meksikalılar da bu nəzəriyyəni qəbul edir, ancaq bu versiya ingilislərin çox da xoşuna gəlmir. O, Amerika qitəsində bir çox yer adının da türkcə olduğunu xatırladıb. Araşdırmaçı Amerika qitəsinin ispanlar deyil, türklər tərəfindən kəşf olunduğunu da göstərir" ("Yeni Müsavat", 1999, 21, 27 iyul).
Dünyanın tarixi yenidən yazımalıdır. Böyük şumeroloq-alim S.N.Kramerin "Tarix Şumerdən başlanır" əsəri də bu ehtiyacdan yaranıb. Budur, S.N.Kramerin cizgiləri əsasında həmin kitabın Azərbaycan dilinə tərcüməsinin üz qabığında verilmiş xəritə:
Bu ki, əzəli Azərbaycan torpağıdır; Şimallı Cənublu Bütöv Azərbaycan!
Şumer Azərbaycan ərazisinə tam uyğun gəlir. Azərbaycan adı bizim eranın əvvəllərindən formalaşmağa başlayıb. F.Simokattanın "Tarix" kitabında A(d)zərbayqan şəklindədir. Ad mürəkkəb sözdür. Açılışı belədir: Az//As - ərləri - bəyləri//bayları - qanları//xanları ölkəsi. Az//As qədim türk xalqlarındandır: Asiya//Aziya qitəsi də buradandır...
Dünyanın ən qədim insan məskənləri sayılan Azıx//Azıq mağarası, Qobustan (rəsm yazıları) və "Gəmi Qaya" məhz bu həqiqətin təsdiqinə yön alır. Amerika alimi S.N.Kramerin təsdiqincə, "tarix Şumerdən başlanır; deməli, tarix Azərbaycandan başlanır; Azərbaycan xalqı qədim Şumerlərin davamı və inkişafıdır. Şumer - Azərbaycan bir kökdür..."

Elməddin Əlibəyzadə
professor