Boykot ticarət dövriyyəsini artıracaq İqtisadiyyat

Boykot ticarət dövriyyəsini artıracaq

Vüqar Bayramov: "Rusiyanın tətbiq etdiyi embarqolar Azərbaycan ixracatçıları üçün bir şans kimi qiymətləndirilə bilər"

Rusiyanın Avropa Birliyindən ərzaq məhsullarının idxalına embarqo tətbiq etməsi ərzaq və kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Azərbaycan iş adamlarının Rusiya bazarlarına ixraclarının həcmini artıracaq.
Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Rusiyanın bir sıra ölkələrə ərzaq embarqosu tətbiqinin Azərbaycan idxalçıları üçün bir şans olub, olmaması barədə sualını cavablandırarkən deyib.
Xatırladaq ki, Rusiya bundan əvvəl embarqo qoyduğu ABŞ, Kanada, Avropa İttifaqı ölkələri, Norveç, Avstraliyaya, daha beş ölkəni - Monteneqro, Albaniya, İslandiya, Lixteynsteyn və Ukraynanı əlavə edib. Bununla rəsmi Moskva bu ölkələrin bəzi Rusiya vətəndaşları və şirkətlərinə tətbiq etdiyi sanksiyalara cavab vermək istəyir.
Ekspert qeyd edib ki, Avropa İttifaqının Rusiya bazarından çəkilməsi bazarda müəyyən boşluq yaradıb.
"Elə ərzaq məhsulları var ki, onların ödənilməsində Avropa İttifaqı ölkələrinin payı yüksək idi. Məsələn, Rusiyada istehlak olunan süd məhsullarının yarıdan çox Avropa ölkələrindən idxal olunurdu. Digər kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsində də Avropa İttifaqı Rusiya bazarında əsas iştirakçılardan biri idi".
Bununla belə Vüqar Bayramov vurğulayıb ki, Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir.
"Praktik olaraq Azərbaycanın qeyri-neft ticarət dövriyyəsində Rusiyanın payı kifayət qədər çoxdur. Rəqəmlərdən çıxış etsək, MDB ölkələri ilə ticarət dövriyyəsi 4.5 milyard dollar təşkil edir. Bundan 2.6 milyard dolları Rusiyanın, 865 milyon dolları Ukraynanın payına düşür.
Münaqişədə olan bu ölkələrin ümumilikdə Azərbaycanın ticarət dövriyyəsindəki payı 3.5 milyard dollara yaxındır. Kifayət qədər böyük rəqəmdir. Bu göstərici ticarət dövriyyəmizin (34,6 milyard dollar) 10 faizinə bərabərdir.
Bunlar göstərir ki, Rusiyanın tətbiq etdiyi boykot ticarət dövriyyəsinin artmasına gətirib çıxara bilər. Aİ-nin çəkilməsi Rusiya bazarında boşluq yaratdığından Azərbaycan iş adamlarının, fermerlərin Rusiya bazarında bu imkandan yararlanacağı gözlənilir".
İqtisadçı hesab edir ki, Azərbaycanın Rusiya kənd təsərrüfatı bazarına çıxış imkanları kifayət qədər yüksəkdir.
"Eyni zamanda Azərbaycan fermerləri Rusiya bazarlarında müqayisəli üstünlüyə malik olduqları üçün, yəni Azərbaycan üçün Rusiya bazarları ənənəvi bazar olduğu üçün ölkəmizdən ixracatın yüksəlməsinə gətirib çıxaracağı güman olunur.
Bu baxımdan embarqolar Azərbaycan ixracatçıları üçün bir şans kimi qiymətləndirilə bilər. Birmənalı şəkildə bu daha çox Azərbaycan istehsalı olan məhsulların şimal qonşumuzun bazarına çıxarılmasına imkan yaradacaq.
Eyni zamanda bu imkan verəcək ki, qeyri-neft ixracatının həcminin artırılması hesabına ölkəmizə daxil olan valyutaların həcmini artırmaq mümkün olsun.
Sözügedən embarqolardan daha yaxşı faydalanmaq üçün yerli ixracatçılar üçün logistik mərkəzlərin formalaşdırılmasına ehtiyac var.
Apardığımız təhlillər göstərir ki, Rusiya bazarına məhsul ixrac edən iş adamlarımızın əksəriyyəti marketinq aparmadığ, bazarı öncədən qiymətləndirmədiyi üçün ixracat növündə və istiqamətlərində yanlışlıqlara yol verirlər.
Məsələn, bəzən Azərbaycanlı iş adamları Rusiyada eyni şəhərin bazarına öz məhsullarının çıxarırlar ki, bu da həmin bazarlarda məhsul bolluğu və satış problem yaradır. Halbuki, digər şəhər bazarlarına çıxmaqla daha çox gəlir əldə etmək mümkündür.
Bazarlar üzrə məhsul növünün seçilməsində də belə səhvlərə yol verilir.
Logistik mərkəzlərinin yaradılması isə yerli ixracatçıların öncədən məlumatlandırılmasına, onların düzgün biznes qərarları verərək ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq".