“Vergi yükü azalacaq” İqtisadiyyat

“Vergi yükü azalacaq”

Vüqar Bayramov: "Sərəncam vergi dərəcələrinin optimallaşdırılması baxımdan olduqca mütərəqqi sənəd hesab edilə bilər".

Azərbaycan Respublikası Prezidenti avqustun 4-də "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Bu sənəddə nələr nəzərdə tutulub və vergi sistemində hansı islahatlar aparılacaq? İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, "sözügedən sərəncam vergi sisteminin beynəlxalq praktikaya tam uyğunlaşmasına şərait yaradacaq. Sənəddə nəzərdə tutulan fəaliyyətlərin reallaşması vergi yükünün ciddi şəkildə azalmasına səbəb olacaq. Bu baxımdan bu sərəncam vergi dərəcələrinin optimallaşdırılması baxımdan olduqca mütərəqqi sənəd hesab edilə bilər".
Konkret sənəddə gəldikdə isə bir sıra bəndlər üzrə izahatlar belədir:
1. Qanunvericiliyin tələblərinə əməl edilməklə, vergi ödəyicilərinin optimal gəlirliliyini təmin etmək və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünün azaldılması və inzibatçılığın yüngülləşdirilməsi. Bu bir sıra vergi dərəcələrinin aşağı salınması, bəzi vergi növlərinin ləğv edilməsi və o cümlədən vergi nəzarətinin sadələşdirilməsi və xüsusən də elektron audit sisteminin tətbiqi formasında öz əksini tapa bilər.
2. Kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi. Vergi Məcəlləsinə əsasən, ƏDV növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür. Bu vergi istehsal və tədavül prossesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir.Yeni qaydalara əsasən, pərakəndə ticarətdə ƏDV üzrə vergi tutma obyekti ticarət əlavəsi olacaq ki, bu isə sözügedən fəaliyyət növü üzrə çalışanların gəlirlərini stimuallaşdıracaq. Bu zaman pərakənd satış ilə məşğul olanlar o cümlədən supermarketlər daha az vergi ödəmiş olacaqlar.
3. Topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi. Bu topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyiciləri üçün daha konkret meyar və ya sərhədlərin müəyyənləşdirilməsi və bu kontekstdən topdan və pərakəndə satış ilə məşğul olanlar üçün fərqli vergi yüklərinin müəyyənləşdirilməsinə səbəb ola bilər. Bu zaman bu ticarət növləri üzrə fərqli vergi güzəştləri tətbiq edilə bilər.
4. Azərbaycanı turistlər üçün cəlbedici ölkəyə çevirmək və bütövlükdə turizm sektorunu inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ("Tax free") sisteminin hava limanından başqa digər sərhəd buraxılış məntəqələrində də tətbiq olunması.
5. Beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən edilməsi. ƏDV-nin vahid dərəcəsi ləğv edilir və sektordan asılı olaraq fərqli dərəcələr tətbiq edilir.
6. Vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək, vergi öhdəliklərini daha dəqiq müəyyən etmək və proqnozlaşdırmaq üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan "vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması" ("Advance tax ruling") qaydasının müəyyən edilməsi.
7. Kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması (müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz).
8. Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə beynəlxalq təcrübədə geniş tətbiq olunan ictimai məlumatlandırma ("Whistleblow") mexanizminin hazırlanması; İzahatı: A whistleblower dünya praktikasında daxili və kənar metodlara ayrılır. Burada məqsəd vergidən yayınma ilə bağlı halların daxili mənbələr hesabına aşkar etməkdən ibarətdir və s.