AXC iqtisadiyyatı - günümüzə sirayət edən uğurlar İqtisadiyyat

AXC iqtisadiyyatı - günümüzə sirayət edən uğurlar

Sosial ədalət və prioritet istiqamətlər

Bu il Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) yaranmasının 100 illiyi qeyd olunacaq. AXC-nin yubiley yaşı ilə bağlı tənənəli şəkildə və fərqli formada tədbirlər təşkil olunacaq.
Təbii ki, AXC Azərbaycan tarixinin ən önəmli səhifələrindəndir. Müstəqil Azərbaycan Respublikası AXC-nin varisidir. Buna görə də AXC-nin fəaliyyətinin o dövrdə mövcud iqtisadi-siyasi durum fonunda araşdrırlması vacibdir.
AXC cəmi 23 ay ayaq üstə qalmağı müvəffəq olsa da, həmin dövr ərzində çox ciddi işlər görülüb, bütün sahələrdə, o cümlədən iqtisadiyyat shəsində də islahatlar aparılıb.
Xatırladaq ki, o dövrdə Azərbaycan iqtisadiyyatı çar imperiyasının devrilməsindən sonra zərər çəkmişdi.
AXC qurulana qədər bir çox yaşayış yerləri erməni daşnaqları tərəfindən dağıdılmışdı. Bu problemlərin aradan qaldırılmasına təxminən 130 milyon manat büdcə vəsaiti sərf edilmişdi...
AXC hökuməti iqtisadi sistemi möhkəmləndirmək üçün bütün iqtisadi sahələrə xüsusi diqqət yetirirdi. AXC lideri Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" əsərində qeyd olunur: "Azərbaycan Xalq Cümhuriyyətinin reallaşdırmaq istədiyi müstəqillik ideyasında iqtisadi müstəqillik əsas hesab olunurdu. Belə qəbul olunurdu ki, "fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır".
AXC-də sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə baərqərar edilmişdi. AXC öz iqtisadi platformasında mülkiyyət plürializmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm ideyalarından fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərində qeyd olunur: "Bu cür mülkiyyəti tamamilə ortadan qaldırmaq indiki durum içərisində şəxsi təşəbbüs qüvvəsini zorakı şəkildə aradan qaldırar. Sosial həyat irəliləmədən düşər, insanlar bəsit ibtidaiyə doğru dönərlər: aləmin nizamı pozular. Fəqət, bununla bərabər hər şeyin ifratından zərər gəldiyi kimi, mülkiyyətin də ifrat tərəflərini yox etmək sosial islahatın əsasını meydana gətirməlidir".

Milli valyuta

AXC-nin maliyyə siyasətinin mühüm cəhəti müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması idi. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları, 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar - "Bakı bonları" buraxıldı. Bu zaman tədavüldə "Nikolay" pulları və "Kerenski" pul vahidləri işlənirdi. Lakin ilk vaxtdan etibarən milli pul vahidinin möhkəmləndirilməsi, onu alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas məsələsi olur.
Cümhuriyyətinin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. Hökumət həm əvvəlki dövrdən miras qalan, həm də respublikanın mövcudluğu dövründə baş verən inflyasiyaya qarşı mübarizə aparmalı olur. Bu məqsədlə aşağı- dakı tədbirlər həyata keçirilir: müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradılır; 1919-cu ilin sentyabrında Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bankı açılır; Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracına nail olunması nəzərdə tutulur; Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olunur və belə bir fikir qəbul olunur ki, ən başlıcası xəzinəni doldurmaqdan ibarət olmalıdır; xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxılır, bu sahədə fəaliyyət göstərən 15 noyabr 1919-cu il tarixli qanun 20 oktyabr 1919-cu il tarixli qanunla əvəz edilməklə bu məsuliyyət artırılır; respublikanın sərhədləri daxilində mal mübadiləsini tənzimləmək məqsədi ilə 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət şeylərinə müvəqqəti gömrük tarifləri tətbiq olunur; daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan kənara göndərilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında 1920-ci il fevralın 9-da qanun təsdiq edilir; çevik vergi siyasəti yeridilir; dövlət xərclərinin ixtisar edilməsi istiqamətində tədbirlər nəzərdə tutulur; xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısı müəyyənləşdirilir (bu siyahıya 200-dən çox məhsulun adı daxil edilir); xarici investorlara və Azərbaycana investisiya qoymaq arzusunda olanlara güzəştli şərtlərlə Bakı bonları təklif olunur.


Neft strategiyası

Mövcud olduğu 23 ay ərzində Respublika bir sıra cari təsərrüfat və mədəniyyət məsələlərinin həllində də böyük uğurlar qazanıb. Neft sənayesi ağır vəziyyətdən çıxarılıb, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olunub, Bakı-Culfa dəmir yolu inşa edilib, Kür çayı üzərində körpü salınıb, maarif və mədəniyyət inkişaf tapıb, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması işi genişləndirilib. Neft o zaman da Azərbaycan iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyırdı.
1919-cu ildə Azərbaycanın dövlət büdcəsi 665 milyon manatdan ibarət idi. Onun əsas hissəsi neft satışı və gəlirə görə vergilər hesabına artırdı, o illər üçün bu göstərici 30% idi. Büdcənin digər gəlir mənbəyi şərab, tütün və neft üçün olan aksiz vergiləri idi.
O illərdə yaradılmış gömrük xidməti xəzinəyə 100 milyon manat yatırmışdı. Daha 15 milyon manat isə azad ticarət, eləcə də yük və sərnişin daşımaları üçün alınan rüsumlar hesabına əlavə edilmişdi.
Məhdud büdcə əsasən vətəndaşlara, xüsusilə sənaye fəhlələrinə əməkhaqqı ödənilməsi üçün istifadə edilirdi.
M.Ə.Rəsulzadə "Əsrimizin Siyavuşu" əsərində neftlə yanaşı digər təbii sərvətlərin önəminə də toxunur: "Azərbaycan neftinin çoxluğu və kimyəvi maddələrinin dünyada mövcud olan bütün neftlərə olan uyğunluğu, tarixin ən əskiliyi ilə uyğun bir mahiyyətdədir.
Bu, elə bir qüvvədir ki, bütün dünyanı özüylə əlaqədar edir. Rusiya bütün əzəmət və qüdrətini ona bağlamışdır. Qafqasya onunla canlı, yaşar olduğuna qanedir. Avropanın yanacaq həsrətiylə yanan könlü bunun eşqiylə yanır. Azərbaycanın həyatı isə damarlarında cərəyan edən bu siyah qanla ayaq üstə durur. Nefti ondan aldığınız gün o, bütün gözəlliklərini itirər və iflic olmuş hala gələr".
Rəsulzadə həmçinin qeyd edir: "Dünyanın ikinci pəhləvanı dəmirdir. Dəmir nə qədər Azərbaycan dağlarının içərisində miqdarı bilinməyən bir halda qapalı qalsa da, onun ən böyük yavəri olan əl dəyməmiş Gəncə dağları ilə Qarabağ zirvələrində (Gədəbəy və Zənkəzur mədənləri) çoxca bulunur. Hazırkı dünyanın qüvvəti yalnız yanacaqla, mədənlərmi məhdudlaşır? Yanacaqla mədənə bolluqla malik olan Almaniyanı aclıqla məğlub etmək istəmirdilərmi? Demək, bu iki pəhləvandan sonra meydan ərzağındır.
Azərbaycan, orada olan Muğan, Mil, Aran və s. ovalığındakı münbit ərazisi sayəsində özünə artıqlıq edən buğda anbarı vücuda gətirə bilər. Bu ovalıqlar Muğan çöllərində izləri hələ qalan qədim arxlar kimi kanallar və yaxud daha müasir vasitələrlə başdanbaşa sulanarsa, o zaman Azərbaycan yalnız özünə deyil, qonşularına da ərzaq verər və yalnız insanları deyil, böyük fabrikləri də kətanı və ipəyi ilə doydurar. Ərzaq qüvvəti heyvan qüvvəti ilə dəstəklənməsə heçdir. Azərbaycan bu xüsusda da xoşbəxtdir. Azərbaycanda olan mal-davar Qafqasyanın heç bir səmtində yoxdur. Balıq məhsulu isə Mavereyi-Qafqasyada yalnız buraya aiddir".

Aqrar sektor

İqtisad elmləri üzrə fəlsəfə doktoru Xosrov Kərimov qeyd edir ki, AXC aqrar proqramı da iqtisadi fikir baxımından öyrənilməyə layiqdir. Bu proqramın əsasını aqrar islahatı haqqında "Müsavat", fraksiyasının və Torpaq Nazirliyinin nöqteyi-nəzərini əks etdirən qanun layihələri təşkil edirdi: "Göstərilən qanun layihələrinin müəyyən fərqlərinə baxmayaraq, məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu ki, bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək mümkün olsun, digər tərəfdən istifadəsiz xüsusi sahibkar torpaqları qalmasın".
M.Ə.Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərində isə vurğulanır: "Ərazi məsələsində misal kimi desək: hər əkinçi özü əkib-becərdiyi müəyyən miqdar torpağa sahibliyini qəbul etməklə bərabər, Azərbaycan islahatçıları geniş torpaqları ölü halında saxlayan torpaq sahiblərinin mülkiyyət hüququnu rədd edirdi. Millət məclisində hazır olan qanun layihəsinə görə, xüsusi ərazi sahiblərindən alınıb dövlət malı olduqdan sonra əkin yeri, vətəndaşların mülkiyyətinə bölünür, dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər isə tamamilə dövlət xəzinəsinə qalırdı".
"Müsavat" fraksiyasının qanun layihəsində torpaqların əvəzsiz verilməsi, digər qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi əksini tapmışdır. Birinci qanun layihəsində əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, digər qanun layihəsində isə yerli şəraitdən asılı olaraq müxtəlif miqdarda torpaq sahəsinin saxlanması müəyyənləşdirilmişdi...

Vergi siyasəti

AXC-də büdcənin formaşaldırılmasında vergi xüsusi yer tuturdu. Vergi işinin təşkili Maliyyə Nazirliyinin səlahiyyətində idi. Qısa müddətdə vergi orqanlarının həm mərkəzi, həm də yerləri şəbəkəsi formalaşdırılmışdı. Cümhuriyyətin mövcud olduğu 23 ay müddətində dövlətin iqtisadi siyasətini həyata keçirəcək nazirlik və müvafiq qurumlar təsis olunmuşdu, dövlətin iqtisadi tənzimləmə fəaliyyətini təmin etmək və gücləndirmək üçün büdcə-fiskal siyasətinin istiqamətləri müəyyənləşdirilmişdi.
Mütəxəssislər Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin həyata keçirmək istədiyi maliyyə-vergi siyasətini şərti olaraq iki hissəyə bölürlər:
1. Cari dövr üçün maliyyə-fiskal siyasət. Bu dövrdə Azərbaycan Xalq Cümhuriyyəti özünün mövcud maliyyə resurslarından tam və düzgün istifadə etmək siyasəti yürüdüb.
2. Cümhuriyyətin öz imkanlarını müəyyən etdikdən sonra həyata keçirdiyi maliyyə-vergi siyasəti. Bu siyasətin əsas prioritetləri isə vergilərin artırılması deyil, tədiyə qabiliyyətinin yüksəldilməsi yolu ilə vergilərin tədricən azaldılmasına üstünlük verilməsi idi.
Nazirlər Kabineti müstəqil büdcə quruculuğuna və vergi işinin təşkilinə mühüm yer ayırırdı. 1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu. Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu. Yeni quruma vergi müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətdə saxlamaq və təftiş etmək səlahiyyətləri verildi. Həmin dövrdə vergi polisinin yaradılması nəzərdə tutulsa da, hökumət bu qurumun təsis olunmasını məqsədəuyğun hesab etməmişdi.
Vergi Müfəttişliyinin yaradılması və fəaliyyətə başlaması ilə vergi orqanlarının mərkəzi və yerli şəbəkəsi formalaşdırıldı. Cümhuriyyətin vergi siyasəti ilə bağlı mühüm addımlarından biri həmin dövr üçün xüsusi aktuallıq kəsb edən aksiz vergilərinin toplanmasını təmin etmək idi. Bu məqsədlə aksiz idarələri yaradılmışdı. İdarələr Bakı, Gəncə, Zaqatala quberniyaları daxil olmaqla mərkəzləşdirildi, qəza rəislərinin vergi yığmaq funksiyası ləğv olundu. Vergi Müfəttişliyi ilə bərabər, şəhər özünüidarəetmə orqanları da bəzi vergilərin toplanmasına kömək edirdi...

Beynəlxalq iqtisadi əlaqələr

X.Kərimov qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platformasında xarici ölkələrlə iqtisadi əməkdaşlığı asanlaşdırmaq, bu sahədə maneələri aradan qaldırmaq, digər tərəfdən isə bu cür əməkdaşlığı dünya normaları əsasında həyata keçirmək nəzərdə tutulurdu. Məsələnin bu şəkildə qoyuluşu dövrü mətbuatın səhifələrində müxtəlif baxışların ortaya çıxmasına səbəb olur. "Bakinskaya jizn" (Bakı həyatı) qəzetində çıxan bir sıra məqalələrdə Zaqafqaziyada bütün gömrük məhdudiyyətlərinin aradan qaldırılması təklifi irəli sürülür. "Azərbaycan" qəzetində dərc olunan məqalələrdə isə göstərilirdi ki, 1919-cu ilin iyulunda Azərbaycan və Gürcüstan arasında hərbi müdafiə ittifaqı haqqında müqavilə bağlansa da bu iki respublika arasında qarşılıqlı iqtisadi əlaqələrdə gömrük hədləri mövcud olmalıdır, hökumət əmtəələrin idxal və ixracını tənzimləməlidir. Olunurdu. "Аzərbaycan" qəzetinin 1919-cu il 25 iyul nömrəsində qeyd olunur ki, xüsusən, taxıl məhsullarının İrana, Gürcüstana, Ermənistana və Dağıstana nəzarətsiz axıb getməsi Azərbaycanın milli iqtisadi mənafeləri, əhalinin tələbatını ödəmək baxımından zərərli sayılırdı Ölkəni ildə 7 milyon pud buğda idxalından xilas etmək üçün özünün taxıl istehsalı imkanlarını artırması nəinki öz əhalisinin ehtiyaclarını ödəmək, hətta ixrac potensialına nail olmaq baxımından əhəmiyyətli hesab olunur.
Ümumiyyətlə, Azərbaycanda xarici kapital və konsessiya məsələsinə dair həm parlamentin, həm də xarici kapital nümayəndələrinin fikirləri uyğun gəlirdi. Fransız kapitalistlərinin fikrincə, xarici kapitalın, o cümlədən fransız kapitalının Azərbaycana gəlməsi gənc müstəqil dövlətin yaşamasını, onun məhsuldar qüvvələrinin inkişaf etməsini təmin edər. Xarici kapitalın respublikaya gəlişi İngiltərə, Almaniya, Fransa, Hollandiya və ABŞ-da olduğu kimi müəyyən sənaye sahəsinin sadəcə, maliyyələşdirilməsi yolu və konsessiya formasında təklif olunurdu...
Göründüyü kimi AXC möbcud olduğu 23 ay ərzində çox ciddi və uğurlu nəticələr əldə edib. İqtisadi islahatlar aparılıb, dövrün ağır siyasi şəraitinə rəğmən ardıcıl və effektli iqtisadi planlar işlənib hazırlanıb. AXC 23 ay ərzində qazanılan və bu günümüzə sirayət edən uğurların müəllifidir...

Əli Zülfqaroğlu

Yazı İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı" mövzusunda müsabiqəyə təqdim edilir.